Onlayn ictimai-siyasi qəzet
Maraqla gözlənilən “44” filminin ilk treyleri yayımlanıb.
Musavat.com xəbər verir ki, Vətən müharibəsinə həsr olunan ekran əsərindən ilk görüntüləri Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial media hesabında paylaşıb.
Filmin treylerində 44 günlük Vətən müharibəsinin yaratdığı tarixi dönüş, Azərbaycan xalqının keçdiyi ağır və şərəfli yol, hərbçilərin qəhrəmanlığı və Zəfərin gətirdiyi qürur hissi əksini tapıb.
Qeyd edək ki, “44” filmi Bakı Media Mərkəzinin layihəsidir. Ekran işində Azərbaycanın tanınmış aktyorları və sənət nümayəndələri ilə yanaşı, yeni simalar da yer alıb.
Filmin yaradıcı heyətində İbrahim Çingiz, Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli və Türkiyənin tanınmış aktrisası Özge Gürel kimi isimlər yer alır.
Ekran əsərinin çəkilişləri yalnız Bakı ilə məhdudlaşmayıb. Filmin əsas səhnələri Vətən müharibəsinin izlərini daşıyan bölgələrdə – Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər ərazilərdə lentə alınıb.
Çəkiliş məkanlarının seçimi filmin real tarixi və coğrafi atmosferinin yaradılmasına xidmət edib. Xüsusilə işğaldan azad olunan ərazilərdə aparılan çəkilişlərin ekran əsərinə xüsusi emosional çalar qatacağı gözlənilir.
“44” filminin treylerinin yayımlanması sosial şəbəkələrdə də maraqla qarşılanıb. Ekran işinin Vətən müharibəsinin 44 günlük tarixini, qəhrəmanlıq salnaməsini və Zəfərin yaratdığı duyğuları geniş auditoriyaya çatdırması gözlənilir.
Filmin nümayiş tarixi ilə bağlı isə əlavə məlumatın yaxın zamanda açıqlanacağı bildirilir.
Könül
Musavat.com
03 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ