Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbrəliyi hələ ki, söz oyununa üstünlük verir və üzərinə götürdüyü öhdəliklərə əməl etməyə tələsmir. Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı konstitusiyanın dəyişdirilməsi, Zəngəzur dəhlizində tikintiyə başlanılması, o cümlədən Kərki və Qazaxın 3 kəndinin Azərbaycana qaytarılması məsələsi də həllini tapmayıb. Bu günlərdə də baş nazir Nikol Paşinyan Azərbaycan hərbçisinin Ermənistana müəmmalı şəraitdə keçməsi ilə əlaqədar açıqlamaları ilə diqqət çəkir. Paşinyan daha çox “xoşagələn adam” obrazında görünməyə çalışır və sadaladığımız məsələlərin həlli, o cümlədən razılaşmaya uyğun olaraq hərbçimizin dərhal geri təhvil verilməsi istiqamətində addım atmır.
Belə olduğu təqdirdə, sülhlə bağlı gedişat nə vəd edir?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında rəsmi İrəvanın zaman qazanmağa cəhd göstərdiyini vurğulayıb:
“Ermənistanın bu müharibədə məğlubiyyətdən sonra Azərbaycanın kəndlərini qaytarmaqdan başqa alternativi yoxdur. Sadəcə, bu, nə zaman baş verəcək, əsas sual budur. Çünki hazırkı mərhələdə əsas mövzular konstitusiya dəyişikliyi, sülh sazişinin imzalanması, Tramp marşrutunun tikintisinə başlanmasıdır...”
E.Şahinoğlu qeyd edib ki, bununla yanaşı, biz işğal atındakı kəndləri də unutmuruq:
“Ermənistan hökumətindən, baş nazir Nikol Paşinyandan əsas tələbimiz budur ki, Kərki və Qazaxın diğər kəndlərini Azərbaycana qaytarsın. İndi hökumətlərarası sərhəd komissiyası fəaliyyət göstərir, tez-tez görüşləri keçirilir. Əslində Paşinyan Azərbaycan kəndlərinin geri qaytarılmasının vacibliyini, əhəmiyyətini anlayır. Sadəcə, radikallar indi bu məsələdə ona təzyiq edirlər. Amma Paşinyan istər-istəməz bu məsələni həll etmək məcburiyyətindədir. Nə qədər tez bu məsələ həll olunsa, bir o qədər sülhün və bölgə əməkdaşlığının xeyrinə olar”.
Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov isə bildirib ki, bu barədə dəfələrlə mövqeyini ifadə edib:
“Əgər Azərbaycan dövləti adından hansısa açıqlama, bəyanat, qərar olursa, deməli, o, icra olunacaq. Təəssüf ki, Ermənistanla bağlı bunu demək mümkün deyil. Baş nazir Paşinyanın açıqlamaları, vədləri, bəyanatları ilə əməlləri arasında fərqlər qalır. Bizim sülh prosesini davam etdirib, rəsmi sülh müqaviləsi bağlamağımız üçün prinsipial olan məsələ aydındır. Bu yaxınlarda Prezidentin köməkçisi bir daha bunu bəyan etdi. Rəsmi Bakının sülh sazişi ilə bağlı qoyduğu ən prinsipial şərt budur. Bu istiqamətdə hələlik söz-söhbətdən başqa heç nə yoxdur, əksinə, son parlament seçkiləri yeni redaksiyada konstitusiyanın qəbulunu sual altına qoyur”.

S.Məmmədov kəndlərimizin azad olunması məsələsinin həllini tapmaması barədə bunları vurğulayıb:
“İşğalda qalan ərazilərimiz barədə onu deyə bilərəm ki, bu məsələ iki yolla həll oluna bilər. Birincisi, həmin inzibati ərazi vahidlərinin Azərbaycan ərazisi olması heç bir çübhə doğurmadığı üçün geri qaytarılır, necə ki, 4 inzibati ərazi vahidi qaytarıldı. İkinci yol delimitasiya prosesləri zamanı bu ərazilərin qaytarılmasıdır. İkinci yol bizdən asılı olmayan səbələrdən uzanır. Ona görə də biz fikrimcə, tələblərimizi sərtləşdiməliyik!”
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi məsələsi ilə bağlı da proses ləngiyir və bu istiqamətdə tezliklə işlərin başlanılmasına ümidlər çox azdır:
“Paşinyan bu məsələ barədə də vədlər verməkdən o tərəfə keçməyib”.
Hüquqşünasın sözlərinə görə, azərbaycanlı hərbçinin Ermənistan tərəfə azaraq keçməsi ətrafında yaradılan ajiotaj və saxta ittihamlar da göstərdi ki, Ermənistan öz ampluasındadır:
“Dərhal əks təbliğat, saxta və qurama cinayət işi və s. Bir sözlə, sülh prosesi istiqamətində Azərbaycan real addımlar atdığı halda, Ermənstan hakimiyyəti vaxt uzadır. Bu günlərdə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasıda Ermənistanın rəsmi nümayəndə heyətinin davranışının şahidi oldum və bir daha əmin oldum ki, Ermənistan nə edəcəksə, məcburiyyətdən edəcək”.
E.Paşasoy,
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ