Onlayn ictimai-siyasi qəzet
Bakıda Musayevlər ailəsi 33 illik həsrətdən sonra öz mənzillərinə qovuşsalar da, qarşılaşdıqları mənzərə onları şoka salıb. Həqiqət və İsa Musayevlər evlərinə daxil olarkən həm mənzilin yararsız hala salındığını, həm də 10 min 47 manatlıq elektrik borcunun olduğunu öyrəniblər.
Ötən illər ərzində mənzildə məcburi köçkün ailəsi məskunlaşıb. Evin sahibi Həqiqət Musayeva illər sonra gələn bu sevincin kədərlə əvəzləndiyini bildirib. Hazırda mənzildə işıq yoxdur və qadın özünün istifadə etmədiyi enerjinin pulunu ödəmək istəmir. Evin digər sahibi İsa Musayev isə mənzilin dözülməz vəziyyətdə olduğunu, eyvanda bir yük maşını qədər zibil yığıldığını qeyd edib.
Mənzilin müvəqqəti sakini Balakişi Allahverdiyev məhkəmə qərarı ilə evdən çıxarılsa da, gedərkən qapıları sındırıb və böyük məbləğdə borc öhdəliyi yaradıb. Araşdırmalar göstərir ki, həmin şəxs ona dövlət tərəfindən ayrılan limitdən qat-qat artıq elektrik enerjisi sərf edib.
Məsələyə "Azərişıq" ASC tərəfindən də reaksiya verilib. Qurumdan bildirilib ki, həmin ünvanda yaranan borcdan xəbərdardırlar və əvvəllər dəfələrlə xəbərdarlıq edilib, aktlar tərtib olunub. Hazırda külli miqdarda borcun ödənilməsi üçün Balakişi Allahverdiyev barəsində məhkəmədə iddia qaldırılıb.(ARB)

04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ