Onlayn ictimai-siyasi qəzet
1991-ci ildə Rumıniyada adi görünən işgüzar səfərdən sonra yoxa çıxan Vasile Qorqos uzun illər Avropanın ən müəmmalı itkin hadisələrindən biri kimi xatırlanıb. Axtarışlar nəticəsiz qalıb, iş bağlanıb, ailə isə zamanla onun öldüyünü qəbul edib və illərlə anım mərasimləri keçirib. Hamı bu hekayənin çoxdan bitdiyini düşünürdü.
Musavat.com Sfera.az-a istinadən Avropanı heyrətə salan sirli hadisəni təqdim edir.
Vasile Qorqos 1991-ci ildə Rumıniyanın Bacau bölgəsinə yaxın kənddən çıxaraq səfərə yollanıb. Heyvandarlıqla məşğul olan Qorqos bölgədə tanınmış tacirlərdən biri idi və tez-tez şəhərlərarası ticarət edirdi. Həmin gün ailəsinə tezliklə qayıdacağını deyib, qatar bileti alaraq stansiyaya yollanıb. Qatar vaqonuna mindikdən sonra isə ondan bir daha xəbər alınmayıb.
Günlər, aylar, illər keçib. Polis işi açıb, könüllülər və hüquq-mühafizə orqanları ətraf kəndləri, şəhərləri axtarıb. Adam oğurluğu, cinayət, bədbəxt hadisə ehtimalları araşdırılsa da, heç bir iz tapılmayıb. Zamanla sənədlər arxivə qaldırılıb, iş bağlanıb.
30 il sonra isə hər şey dəyişib.
2021-ci il avqustun 29-da Qorqosun ailə evinin qarşısında naməlum avtomobil dayanıb. İçərisindən yaşlı bir kişi düşüb, avtomobil isə dərhal uzaqlaşıb. Evə gələn şəxs Vasile Qorqos idi. Ən təəccüblü məqam isə onun 30 il əvvəl itkin düşdüyü gün geyindiyi paltarı hələ də əynində olması və cibində 1991-ci ilə aid qatar biletini saxlaması idi. Paltarın vəziyyəti demək olar ki, köhnəlməmişdi.
Qorqos uşaqlarını tanımırdı. Onun danışdığı xatirələr yalnız 1991-ci ilə qədər olan dövrü əhatə edirdi. Aradan keçən 30 il onun yaddaşında tamamilə silinmişdi. O, bu müddət ərzində “evdə olduğunu” deyirdi.
Tibbi müayinələr zamanı onun yaşına nisbətən fiziki cəhətdən sağlam olduğu açıqlanıb. Yalnız ciddi yaddaş itkisi aşkarlanıb. 1991–2021-ci illər arasındakı dövrlə bağlı heç bir xatirə mövcud deyil.
Hadisə təkcə ailəni deyil, bütün Avropanı heyrətə salıb. Psixiatrlar dissosiativ pozğunluq, dərin yaddaş itkisi və şəxsiyyətin silinməsi ehtimallarını irəli sürürlər. Digər ehtimallara görə, Qorqos uzun illər naməlum şəxslərin himayəsində olub.
Sosial şəbəkələrdə isə daha qeyri-adi iddialar yayılıb: gizli hökumət əməliyyatları, qanunsuz saxlanılma və hətta yadplanetlilər tərəfindən qaçırılma versiyaları müzakirə olunur. Rəsmi qurumlar isə mövcud məlumatların hadisəni tam izah etməyə yetərli olmadığını bildirirlər.
30 il sonra qayıdan bu adamın harada və necə yaşadığı isə hələ də cavabsız qalan ən böyük sual olaraq qalır.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ