İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya ABŞ-la əl-ələ verdi – Çin asılılığına son vermək hədəfi  

Tokio Vaşinqtonla əldə etdiyi razılaşma çərçivəsində ABŞ-ın neft, qaz və kritik mineral layihələrinə təxminən 36 milyard dollar dəyərində investisiya planı hazırlayıb. İlkin tranş strateji sektorlarda üç böyük layihəni əhatə edəcək. Bunlara Texasdakı neft və qaz qurğuları, Ohayoda elektrik enerjisi istehsalı infrastrukturu və Corciyadakı vacib mineral qurğuları daxildir.

Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Yaponiya bununla Çin asılılığına son vermək hədəfləyir:

"Ohayo layihəsi tarixdə ən böyük təbii qaz infrastrukturu sayılır. Burada təxminən 9,2 giqavat elektrik enerjisi istehsal ediləcək. Bundan başqa ABŞ-ın Meksika körfəzində dərin su xam neft ixrac qurğusu yerləşdirmək və sintetik sənaye almaz istehsal gücü yaratmaq planları var. Dərin su ixrac qurğusu vasitəsilə ABŞ-da hər il 20 milyard ilə 30 milyard dollar arasında xam neft ixrac ediləcək.
Yaponiyanın baş naziri Sanae Takaiçi qaz infrastrukturunun süni intellekt məlumat mərkəzlərinin enerji təchizatına kömək edəcəyini, habelə yarımkeçirici, avtomobil və aviasiya sənayesində istifadə olunan sintetik almazların müəyyən bir ölkədən həddindən artıq asılılığı azaltmaq üçün nəzərdə tutulduğunu qeyd edib. Yaponiya Ohayo qaz infrastrukturu layihəsinə təxminən 33,3 milyard dollar investisiya qoyacaq.

Sanae Takaiçinin ABŞ-a böyük yatırımlar həyata keçirmək istəyi həm də Çinlə bağlıdır. Sanae Takaiçinin Çinin adını çəkməsə də, ABŞ-a qoyulan yatırımların Yaponiyanın təhlükəsizliyini artıracağına ümid etdiyini bildirib. Ümumilikdə Yaponiyanın ABŞ-a qoyacağı yatırım planı 550 milyard dolları əhatə edəcək".

Elxan Şahinoğlu deyib ki, bunun müqabilində ABŞ Prezidenti Donald Tramp avtomobillər də daxil olmaqla Yaponiya ixracatına ABŞ tariflərini azaltmağa razı olub:

"Çin neft emalından tutmuş avtomobil istehsalına qədər geniş sənaye sahələrində vacib olan nadir torpaq elementlərinin hasilatı və emalına hakim olmaqla, vacib mineral bazarının böyük bir hissəsini idarə edir. Pekin nadir torpaq elementlərinin ixracını xeyli məhdudlaşdırıb. Yaponiya sənayesinin isə nadir torpaq elementlərinə ehtiyacı var. Bu səbəbdən Tokio nadir torpaq elementlərinin idxalını alternativ ölkələrdən idxal etməyi planlaşdırır. Tokio bu məsələdə Vaşinqtonun dəstəyinə də ümidlidir".

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR