Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Özbəkistan Xəzər dənizində birgə dəniz donanmasının yaradılması istiqamətində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Bu təşəbbüs Trans-Xəzər dəhlizinin potensialının artırılması, logistika infrastrukturunun inkişafı və Xəzərdə daşımaların səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyır. Razılaşma prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı əldə olunub və iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinin göstəricisi kimi qiymətləndirilir. Tərəflər həmçinin Əbədi Dostluq Müqaviləsi və digər ikitərəfli sənədlər imzalayıblar.
Azərbaycan və Özbəkistanın Xəzər dənizində birgə dəniz donanması yaratmaq istiqamətində razılaşması Trans-Xəzər dəhlizinin inkişafına və iki ölkənin logistika imkanlarının genişlənməsinə hansı yeni imkanlar yarada bilər.
Bu təşəbbüsün iqtisadi-strateji və hərbi əhəmiyyəti nədən ibarətdir?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, bu razılaşmaya yalnız nəqliyyat layihəsi kimi deyil, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının Xəzər üzərində yeni mərhələsi kimi baxmaq olar: “Birgə dəniz donanması ideyası reallaşarsa, əsas nəticə Trans-Xəzər marşrutunda yükdaşımanın daha koordinasiyalı və çevik təşkil edilməsi olacaq. İqtisadi baxımdan, Azərbaycan Xəzərdə əsas liman və logistika imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm yük və istehsal bazasına malikdir. Birgə donanmanın yaradılması Bakı-Ələt limanı ilə Mərkəzi Asiya arasında bərə və yükdaşıma imkanlarının genişləndirilməsinə, daşınma müddətinin və logistika xərclərinin optimallaşdırılmasına şərait yarada bilər. Bu, xüsusilə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttində Orta Dəhlizin rəqabət qabiliyyətini artırar. Digər mühüm məqam logistika zəncirinin vahid idarə olunmasıdır. Yükün Özbəkistandan Xəzərə çatdırılması, dənizlə Azərbaycana daşınması və buradan Avropaya yönləndirilməsi prosesində iki ölkənin koordinasiyası gücləndikcə tranzitdə gecikmələr və əlavə xərclər azala bilər. Eyni zamanda, yeni gəmilərin alınması, liman infrastrukturu, gəmi təmiri və logistika xidmətləri üzrə ortaq investisiya imkanları yarana bilər. Strateji baxımdan isə bu razılaşma Azərbaycanın Xəzərdə tranzit və logistika mərkəzi rolunu, Özbəkistanın isə qlobal bazarlara çıxış imkanlarını gücləndirir. Əslində, bu əməkdaşlıq yalnız iki ölkə arasında deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında daha dayanıqlı nəqliyyat bağlantısının formalaşdırılmasına xidmət edə bilər”.
Razılaşmanın hərbi əhəmiyyətinə gəlincə, ekspert qeyd edib ki, “Birgə dəniz donanması” ifadəsi avtomatik olaraq hərbi-dəniz qüvvələrinin yaradılması demək deyil: “Əgər söhbət kommersiya yükdaşıma donanmasından gedirsə, təşəbbüsün əsas mahiyyəti iqtisadi və logistika xarakterlidir. Bununla belə, Xəzərdə gəmiçilik, liman təhlükəsizliyi, dənizdə axtarış-xilasetmə, fövqəladə hallara reaksiya və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın genişlənməsi gələcəkdə iki ölkənin təhlükəsizlik imkanlarına da dolayı təsir göstərə bilər. Ümumilikdə, sözügedən razılaşmanın ən böyük əhəmiyyəti Xəzəri iki ölkə arasında strateji iqtisadi bağlantıya çevirməkdir. Dediyimiz kimi, Azərbaycan üçün bu, Xəzər və Orta Dəhliz üzərində logistika rolunun möhkəmlənməsi, Özbəkistan üçün isə Avropa bazarlarına alternativ və daha etibarlı çıxış deməkdir. Əbədi Dostluq Müqaviləsi ilə eyni dövrdə belə bir təşəbbüsün gündəmə gəlməsi də iki ölkə münasibətlərinin siyasi-diplomatik əməkdaşlıqdan uzunmüddətli iqtisadi və infrastruktur inteqrasiyasına doğru inkişaf etdiyini göstərir”.
Ekspert hesab edir ki, şübhəsiz Rusiya Xəzərdə özününü hegemon olduğunu düşünür və özünün iştirak etmədiyi Xəzərlə bağlı layihələrə, razılaşmalara qarşı çıxır: “Azərbaycan və Özbəkistanın Xəzər dənizində birgə dəniz donanması yaratmaq istiqamətində razılaşmasından Rusiya təbii ki, sevinməyəcək. Amma mane olmağa cəhd edəcəyi ehtimalı azdır. Xəzər yalnız Rusiyaya aid deyil”.
Etibar Seyidağa,
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ