Onlayn ictimai-siyasi qəzet
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkiləri ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Vitse-prezident Ceyms Devid Vens seçkilərin nəticələrinin ölkənin gələcək siyasi istiqaməti baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Vens seçki mübarizəsinin ABŞ-ın gələcəyi ilə bağlı bir-birindən fərqli siyasi yanaşmalar arasında getdiyini deyib. O, qarşıdakı seçkiləri mövcud siyasi kursun davamı baxımından həlledici mərhələ kimi təqdim edərək tərəfdarlarını fəal mübarizəyə çağırıb.
Vitse-prezidentin sözlərinə görə, noyabr seçkilərində amerikalılar ölkənin gələcəyi ilə bağlı seçim qarşısında qalacaqlar. Vens hazırda Respublikaçı namizədlərin seçki kampaniyalarında fəal iştirak edir və aralıq seçkilərin Donald Tramp administrasiyasının siyasi gündəliyi baxımından əhəmiyyətini xüsusi vurğulayır.
Noyabr seçkilərinin nəticələri ABŞ-da daxili siyasi balansla yanaşı, Tramp administrasiyasının xarici siyasətinə və Vaşinqtonun beynəlxalq gündəliyinə necə təsir göstərə bilər?
Siyasi şərhçi Afsəddin Nəbiyev Musavat.com-da vurğuladı ki, bu seçkilər Konqresdəki mandatların bölüşdürülməsi ilə yanaşı, həm də Donald Tramp administrasiyasının siyasi kursuna seçicilərin münasibətinin göstəricisi baxımından mühüm əhəmiyyət daşıyır: "Hesab edirəm ki, bu seçkilərə sadəcə Respublikaçılar və Demokratlar arasında növbəti siyasi mübarizə kimi baxmaq düzgün olmaz. Əsas məsələ Tramp administrasiyasının daxili və xarici siyasət xəttinin bundan sonra Konqresdə hansı siyasi imkanlarla davam edəcəyidir. İqtisadi vəziyyət, yaşayış xərcləri, enerji qiymətləri, miqrasiya və xarici siyasət seçici davranışına təsir edən əsas məsələlərdəndir. Bu baxımdan seçki gününədək ölkədə iqtisadi və sosial vəziyyətin necə dəyişməsi nəticələr üçün mühüm amil olacaq. Fikrimcə, əsasən iki siyasi nəticə və onların fonunda üçüncü bir variant nəzərdən keçirilə bilər. Respublikaçılar Konqresdə mövcud imkanlarını qoruyarsa, Tramp administrasiyasının “Amerika əvvəlcə” xəttini, sərt miqrasiya siyasətini və iqtisadi millətçilik siyasətini davam etdirməsi üçün daha geniş imkan yaranacaq. Demokratların Konqresin bir və ya hər iki palatasında nəzarəti ələ keçirməsi isə Ağ Ev ilə Konqres arasında siyasi qarşıdurmanı və qarşılıqlı nəzarəti gücləndirə bilər. Bu halda Tramp administrasiyasının büdcə, vergi, miqrasiya, hərbi xərclər və xarici siyasətlə bağlı təşəbbüslərinin həyata keçirilməsi daha mürəkkəb siyasi danışıqlardan asılı olacaq. Konqresdə bölünmüş mənzərənin yaranması da kompromis ehtiyacını artıracaq. Lakin aralıq seçkilərin nəticələri ABŞ-ın xarici siyasətini avtomatik olaraq dəyişdirməyəcək. Prezident bu sahədə mühüm səlahiyyətlərini qoruyur. Bununla belə, Konqresin siyasi tərkibi xarici yardım, hərbi xərclər və administrasiyanın beynəlxalq təşəbbüslərinə siyasi dəstək baxımından əhəmiyyətli rol oynayır. Bu baxımdan seçkilərin nəticələri ABŞ-ın Ukrayna, Rusiya, Yaxın Şərq, Çin və Avropa siyasətinə də müəyyən təsir göstərə bilər".
Siyasi şərhçi hesab edir ki, 2026-cı il seçkiləri 2028-ci il prezident seçkilərinə gedən siyasi proses baxımından da mühüm mərhələdir: "Vitse-prezident Cey Di Vensin Respublikaçıların kampaniyasında fəal iştirakı partiyanın gələcək siyasi istiqaməti baxımından da diqqət çəkir. Nəticə etibarilə, noyabrın 3-dən sonra əsas məsələ yalnız Konqresdə mandatların kimlər arasında bölüşdürülməsi deyil, Vaşinqtonda Ağ Ev ilə Konqres arasındakı siyasi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi və bunun ABŞ-ın beynəlxalq siyasətinə necə təsir göstərəcəyidir".
Cavanşir Abbaslı
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ