Onlayn ictimai-siyasi qəzet
“Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin təyyarə qəzasında ölümündən üç il keçir. Lakin onun qurduğu hərbi-siyasi şəbəkə sahibi ilə birlikdə yox olmayıb. Struktur adını, kuratorlarını və fəaliyyət coğrafiyasını dəyişərək Rusiyanın xaricdəki təsir alətlərindən biri kimi fəaliyyətini davam etdirir.
Musavat.com xəbər verir ki, Priqojinin ölümünün üçüncü ildönümü ərəfəsində “Dosye” Mərkəzi afrikaşünas ekspertlərlə birlikdə onun mirasının sonrakı taleyini araşdırıb.
Araşdırmaya görə, Priqojinin yaratdığı bütün strukturlar üçün vahid model tətbiq edilməyib. Sahel bölgəsində “Vaqner” döyüşçülərinin və müqavilələrinin bir hissəsi tədricən Rusiya Müdafiə Nazirliyinin nəzarətindəki “Afrika korpusu”na verilib.
Hazırda rusiyalı muzdlular Malidə cihadçı və tuareq silahlı qrupları ilə döyüşür, Burkina-Faso və Nigerdə hakim rejimlərin təhlükəsizliyinin təmin edilməsində iştirak edir və yerli hərbçilərə təlim keçirlər.
Mərkəzi Afrika Respublikasında (MAR) isə vəziyyət fərqlidir. Priqojinin keçmiş əməkdaşları Kreml və Rusiya hərbi rəhbərliyini “Vaqner”in burada muxtariyyətini, bazalarını və əsas qüvvələrini qoruyub saxlamasına razı sala biliblər. Araşdırmaya görə, buradakı “Vaqner” qüvvələri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə də imzalamayıblar.
Priqojin imperiyasının yalnız silahlı muzdlulardan ibarət olmadığı da vurğulanır. Onun mühüm elementlərindən biri “Afrika politologiyası” adlandırılan siyasi təsir şəbəkəsi olub. Priqojinin ölümündən sonra bu struktur da fəaliyyətini tam dayandırmayıb, lakin onun üzərində nəzarətin Rusiya xüsusi xidmət orqanları arasında bölüşdürüldüyü bildirilir.
“Dosye”nin əldə etdiyi “Afrika politologiyası 2.0”ın daxili sənədlərində Afrika ölkələrinin Kremlin təsir dairəsində saxlanılması, Fransa və ABŞ-ın bölgədən sıxışdırılması, yerli əhali arasında təbliğat aparılması, hətta lazım olan mövzular üzrə ödənişli etiraz aksiyalarının təşkil edilməsi müzakirə olunur.
Araşdırmanın ən diqqətçəkən hissələrindən biri isə Priqojinin keçmiş adamlarının fəaliyyət coğrafiyasının Afrikadan Balkanlara qədər genişlənməsidir.
“Dosye” bildirir ki, əvvəlki araşdırmalardan tanınan “Vaqner” təlimatçıları 2024-cü ildə Bosniya və Herseqovina və Serbiyadakı təlim düşərgələrində aşkarlanıblar. İddiaya görə, burada Moldova vətəndaşlarına seçkilər ərəfəsində dronlardan istifadə, polisə qarşı müqavimət göstərmək və iğtişaşlar təşkil etmək öyrədilib.
Üstəlik, həmin təlimatçılardan bəzilərinin izi daha əvvələ gedib çıxır. Onlar 2018-ci ildə Mərkəzi Afrika Respublikasında fəaliyyət göstəriblər. Onlardan birinin isə həmin il MAR-da öldürülən rusiyalı jurnalistlər Aleksandr Rastorquyev, Kirill Radçenko və Orxan Camalın qətlindən əvvəl izlənilməsi ilə əlaqəsinin olduğu bildirilir.
Beləliklə, “Dosye”nin araşdırmasının ortaya qoyduğu mənzərəyə görə, Priqojinin ölümü onun yaratdığı sistemin sonu olmayıb. “Vaqner” adı bəzi ölkələrdə arxa plana keçib, onun funksiyalarının bir hissəsini Rusiya Müdafiə Nazirliyinin “Afrika korpusu”, siyasi təsir mexanizmlərini isə başqa strukturlar götürüb.
Üç il əvvəl Priqojinin təyyarəsi havada partladı. Onun qurduğu şəbəkə isə görünür, sadəcə sahibini və lövhəsini dəyişib.
Musavat.com
24 Avqust 2026
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ