İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideyndən icazəsiz ibadət edənlər CƏRİMƏLƏNƏCƏK - deputatın mövqeyi

Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. Musavat.com xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.

Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Bu yenilik ictimaiyyət arasında müzakirələrə səbəb olub. İnanclı kəsim narahatlıqla bildirir ki, bundan sonra uşaqların hicab taxmasına icazə verilməyəcək və sairə. Bəs bu dəyişiklik hansı anlamı daşıyır?

Ceyhun Məmmədov: Elm sahəsindəki islahatlar ölkənin inkişafına təsir göstərəcək

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“Burada söhbət hansısa dini fəaliyyətin qadağan edilməsindən deyil, daha çox mümkün qanun pozuntularının qarşısının alınmasından gedir. Yəni, hər hansı qanun pozuntusu baş verərsə, müvafiq tədbirlər görülə bilər. Əslində, bu məsələ bu gün də Konstitusiyamızda təsbit olunub: hər kəsin vicdan azadlığı var, hər kəs istədiyi dinə etiqad edə bilər və valideyn razılığı ilə gənclər dini ibadətlərini yerinə yetirə bilərlər. Ümumiyyətlə, hicab geyinmək və ya geyinməmək, dinə etiqad edib-etməmək hər kəsin şəxsi hüququdur və cəmiyyətdə hər kəs bu hüquqlara hörmətlə yanaşmağı bacarmalıdır. Mən bu məsələlərin qarşıdurma mövzusuna çevrilməsinin tərəfdarı deyiləm. Biz dünyəvi dövlətik və burada hər bir vətəndaşın hüquqları təmin olunmalıdır”.

Deputat əlavə edib ki, burada söhbət məcburiyyət və ya qanun pozuntusu yaranan hallardan gedərsə, o zaman aidiyyəti qurumlar qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul etməli və tədbirlər görməlidirlər: “Bu məsələyə yanaşma hamı üçün eyni olmalıdır. Əgər hər hansı pozuntu varsa, müvafiq strukturlar müdaxilə etməlidir. Amma valideynin icazəsi ilə kimsə dini ibadətlərini yerinə yetirirsə, buna da şərait yaradılmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR