Onlayn ictimai-siyasi qəzet
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarının bilmədiyi tamam fərqli bir taleyin, ailə qayğılarının, ayrılıqların və peşmanlıqların izləri vardı.
“Unudulan sənətkarlar” rubrikasında bu dəfə Azərbaycan teatr və kinosunun unudulmaz simalarından biri, Xalq artisti Səyavuş Aslandan bəhs edir.
Teatra gedən fərqli yollar
Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. Onun sənətə gedən yolu isə birbaşa teatr məktəbindən başlamayıb. Əksinə, gələcəyin məşhur aktyorunun ilk peşəsi tamam başqa sahə ilə bağlı olub. O, əvvəl musiqi ilə məşğul olub, tar dərslərinə gedib.
Səyavuş Aslan məktəbin yeddinci sinfini bitirdikdən sonra Bakı Dəmir Yolu Texnikumuna daxil olub. Təhsil aldığı illərdə Biləcəridə lokomotiv deposunda maşinist köməkçisi kimi də çalışıb. Bəlkə də həyat başqa cür davam etsəydi, Azərbaycan tamaşaçısı onu səhnədə deyil, dəmir yolunda çalışan biri kimi tanıyacaqdı.
Amma onun içində teatra qarşı güclü maraq vardı. Dəmiryolçular klubunda görkəmli aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə yazılması Səyavuş Aslanın taleyində dönüş nöqtəsinə çevrildi. İlk obrazlarını da məhz həmin həvəskar səhnədə yaratdı.
Lütfəli Abdullayevi əvəz edən gənc
Səyavuş Aslanın sənət həyatında maraqlı məqamlardan biri 1954-cü ilə təsadüf edir. Həmin dövrdə o, Musiqili Komediya Estrada Truppasının xor heyətinə qəbul olunmuşdu. Gənc Səyavuş hələ böyük rolların ifaçısı deyildi. Lakin tamaşaların birində məşhur aktyor Lütfəli Abdullayev xəstələndiyi üçün onun oynadığı "Vəli" obrazını Səyavuş Aslana həvalə edirlər. Beləcə, xor heyətində çalışan gəncin qarşısında birdən-birə böyük səhnə imkanı açılır.
1954-cü ilin payızında hərbi xidmətə yollanan aktyor 1957-ci ildə geri qayıdıb. Bir müddət Filarmoniyanın nəzdində fəaliyyət göstərən kukla teatrı kollektivində çalışıb, “Cırtdan”, “Məlik Məmməd” kimi tamaşaların hazırlanmasında iştirak edib. 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışan aktyor bir il sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına daxil olub. Bu teatr onun sənət taleyində xüsusi yer tutub.
Sənət incikliyi
Səyavuş Aslanın xarakterini göstərən ən maraqlı hadisələrdən biri “Bəyin oğurlanması” filminin çəkilişində baş verib. Rejissor səhnənin daha təbii alınması üçün Muxtar Maniyevə əvvəlcədən tapşırıb ki, Səyavuş Aslana xəbər vermədən həqiqətən şillə vursun. Aktyor zərbəni gözləmədiyi üçün reaksiyası tam təbii alınıb. Sonradan isə bu hadisəyə görə rejissor Vaqif Mustafayevdən bir müddət inciyib.
Səhnədəki başqa adam
Səyavuş Aslanın ən qəribə xüsusiyyətlərindən biri səhnədəki xarakteri ilə şəxsi həyatdakı davranışının bir-birindən kəskin fərqlənməsi idi. Tamaşaçı onu şən, hazırcavab, hər hərəkəti ilə insanları güldürən adam kimi tanıyırdı. Ailəsinin xatirələrinə görə isə evdə son dərəcə ciddi və tələbkar insan olub.
Oğlu Eldar Aslan atasının evdə çox az zarafat etdiyini, uşaqlarının onu daim ciddi gördüklərini danışıb. Hətta ailədə uşaqların gec saatlara qədər oyaq qalmasına icazə verilmirmiş. Saat 10-da artıq yatmaq qaydası varmış. Səyavuş Aslan övladlarının böyüklərə, qohumlara və qonşulara münasibətinə də xüsusi diqqət yetirirmiş.
Ad günlərinə həvəssizliyi
Səyavuş Aslanın az bilinən xüsusiyyətlərindən biri də ad günlərini sevməməsi olub. O, doğum gününü böyük məclislərlə qeyd etməyə həvəs göstərməz, yalnız yubiley tarixlərində tədbirlərə razılıq verərmiş.
Həyatının böyük sevgisi – Ofeliya Aslan
Səyavuş Aslanın şəxsi həyatının ən mühüm siması aktrisa Ofeliya Aslan idi.
Onların münasibəti sənət mühitində də diqqət çəkirdi. Oğullarının xatirələrinə görə, valideynləri bir vaxtlar teatra qol-qola gələr, geyimləri və bir-birlərinə münasibətləri ilə seçilərmişlər. Məlumata görə, Ofeliya xanım ilə ailə qurduğu vaxt maddi vəziyyəti yaxşı olmayıb. Xatirələrə görə, Musiqili Komediya Teatrının rəhbəri Şəmsi Bədəlbəyli göstəriş verib və aktyora toy üçün teatrın geyim sexindən kostyum tapılıb.
Lakin illər keçdikcə ailə münasibətlərində problemlər yaranıb və cütlük 1985-ci ildə rəsmən boşanıb. İddialara görə, ailənin dağılmasına səbəb Səyavuş Aslanın Ofelya xanıma teatrdakı başqa qadınla xəyanət etməsi olub.
Onlar boşansalar da, uzun müddət eyni mənzildə yaşayıblar. Evin bir hissəsində Səyavuş Aslan, digər hissəsində Ofeliya Aslan qalırmış. Aradakı qapını bağlayaraq ayrı yaşayırmış kimi həyat sürüblər. Ən maraqlısı isə budur ki, onların heç biri sonradan başqa ailə qurmayıb. İllər sonra Səyavuş Aslan Ofeliyanı çox sevdiyini və ailə həyatında baş verənlərə görə peşman olduğunu gizlətməyib. Ofeliya Aslan 2010-cu ildə dünyasını dəyişib. Bu itki Səyavuş Aslana ağır təsir edib.
Ailə və səhnə həyatının əvəzolunmaz adları
Aktyorun həyatının son illəri onun ekran obrazlarından tamamilə fərqli, kədərli mənzərə yaradıb.
O, artıq dünyasını dəyişmiş həyat yoldaşını soruşurmuş: “Ofeliya haradadır?”
Yaxınları ona Ofeliyanın öldüyünü hər dəfə söyləməyə ürək etmirmişlər. Həmin dövrdə onun tez-tez xatırladığı iki qadının adı vardı: Ofeliya Aslan və Nəsibə Zeynalova.
Bəlkə də bu iki ad onun yaddaşında həyatının iki böyük dünyasını təmsil edirdi – ailəsini və səhnəni. Bir vaxtlar tamaşaçı zalını qəhqəhəyə qərq edən aktyor ömrünün sonunda qapıya baxaraq artıq geri qayıtmayacaq insanları gözləyirdi.
Ölümündən iki gün əvvəl verilən orden
Səyavuş Aslanın həyatının son günlərində maraqlı və təsirli bir təsadüf də baş verib. 2013-cü il iyunun 25-də Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə o, “Şərəf” ordeni ilə təltif edilib.
Cəmi iki gün sonra – iyunun 27-də Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. 77 yaşlı sənətkar II Fəxri xiyabanda dəfn olunub.
O, 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, müxtəlif illərdə dövlət mükafatları ilə təltif edilmişdi.
Bu gün onun olmadığı səhnələr sakitdir. Amma “Ulduz”a, “Bəyin oğurlanması”na, “Yaşıl eynəkli adam”a və onlarla başqa ekran işinə yenidən baxmaq kifayətdir ki, Səyavuş Aslan yenə üzümüzü güldürsün./Lent.az
23 Avqust 2026
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ