İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsində DÖNÜŞ ANI gəldi – Putinin SON 100 günü

Qarşıdakı 100 gün Ukraynadakı müharibənin taleyini həll edə bilər. Bunu Polşanın Baş naziri Donald Tusk deyib. O, Zelenski ilə söhbəti zamanı belə qənaətə gəldiyini söyləyib. “Məsələ kifayət qədər aydındır və hazırda şanslar 50-nin 50-yədir” – Tusk bildirib.

Ö növbəsində İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bildt hesab edir ki, Putin üçün indiki şəraitdə ən yaxşı variant hazırkı təmas xətti boyunca atəşkəsə razılaşmaq olardı. “Onun Donbası tam ələ keçirmək, hətta bütün Ukraynanı özünə tabe etdirmək cəhdi Rusiyanın müharibədə tam məğlubiyyətinə gətirə bilər”, - sabiq hökumət başçısı Putinə xəbərdarlıq edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevə görə isə Moskva Ukraynada savaşın bitməsi məsələsində “kritik nöqtə”yə yaxınlaşıb. Lakin o, ənənəvi davakar ritorikasına rəğmən, bu dəfə nədənsə “ütülü” və ürkək danışıb, Moskvanın “qalib gələcəyinə” əminlik ifadə edən pafoslu sözlər işlətməyib. Yəni, hətta Medvedyev belə, vəziyyətin işğalçı ölkədən ötrü qəliz olduğunun fərqindədir.

Hələ bir olmasın? Boş-boş danışmaqla deyil ki. “Halva” deməklə ağız şirin, “limon” deməklə turş olmur. Ruslar və onların Medvedyev çaplı siyasət qırğıları üçün acı gerçək belədir ki, Ukraynaya qarşı ədalətsiz müharibənin hər növbəti günü Rusiyaya qat-qat baha başa gəlməkdədir və gələcək. Çünki Ukrayna ordusu və PUA qüvvələrinin sürətli texnoloji inkişafı sayəsində təcavüzkar dövlətin ərazisində faktiki, təhlükəsiz heç bir məkan, strateji obyekt qalmayıb. Zelenskinin “əli” indi Sibir daxil, hər yerə çatır. Kollektiv Qərbin isə pulu-maliyyəsi qurtaran deyil...

Təbii ki, bu müharibənin də sonu gələcək. Sadəcə, mədəni dünya ən azından Ukraynanın məğlub, Rusiyanın qalib olmamasını istəyir, Kremlin qələbə həsrətində qalmasını arzulayır. Çünki Putinin qələbəsi Şərin Xeyir üzərində qalibiyyəti anlamına gələcək – postsovet məkanı daxil, bəşəriyyət üçün bütün təhlükəli nəticələri ilə birgə. Buna isə yol vermək olmaz. Yəqin ki, verilməyəcək də.

Сергей Лавров: в отчуждении мы не заинтересованы

Kremldə də bunu bilirlər. Əks halda, xarici işlər naziri Sergey Lavrov son müsahiblərinin birində sivil dünyadan giley-güzar eləməzdi. Qərbin Avropada təşkil olunmuş və hədəfi guya Rusiyanı parçalamaq olan müxtəlif anti-Rusiya qruplarını həvəslə dəstəklədiyini vurğulayan nazir ardınca belə söyləyib: “Vəziyyət ciddidir, prezident (Putin – Z.S.) də bunu gizlətmir. Sanki bütün sivil dünya bizə qarşı birləşib”.

Neçə vaxtdır hamı elə onu deyir ki, vəziyyət ciddidir. Ən əvvəl də Rusiya üçün, onun “müharibə partiyası” üçün. Madam belədir, nə üçün Moskva 4-5 il öncəki maksimalist tələblərində qalır?..

Hələ harasıdır, Kreml ideoloqu Aleksandr Duqin ağılsız müharibəni dayandırmağa çağırmaq əvəzinə, görün nə təklif edir. O, “adi həyatlarını yaşayan rusiyalıların sonda səfərbər olunmalı və cəbhəyə göndərilməli olduğunu” deyib. Sanki indi 21 əsrin 20-ci illəri yox, ötən əsrin 40-cı illəri, 2-ci Dünya müharibəsi dövrüdür.

Adama hələ də çatmayıb ki, “ət” hesabına, heç bir döyüş təcrübəsi olmayan “rezervist”lər və gənclər hesabına müharibəni udmaq zamanı keçib. Amma kimə deyirsən?

Kimdir Aleksandr Duqin?

Duqinə görə, davam edən münaqişə fonunda “laqeydlik illüziyası” qəbuledilməzdir. O da Lavrov kimi Rusiyanın Qərblə “sivilizasiya müharibəsi” apardığını və bunun qlobal nəticələrə səbəb ola biləcəyini düşünür. “Biz Qərblə kəllə-kəlləyə, birbaşa sivilizasiya müharibəsi aparırıq. Hərçənd biz onu tam başa düşmürük və əsl düşmənimiz kimi tam tanımırıq. Belə yarı-ayıq vəziyyətdə döyüşmək ölümcül dərəcədə təhlükəlidir”, - Duqin qəzəblə bildirib.

Öz xalqına qəmin kəsilməyin “buynuzu”-zadı olmur ki...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR