Onlayn ictimai-siyasi qəzet

Ukrayna ordusu döyüşərkən ölkənin müharibənin “havası dəyməyən” digər bölgələrində keyifli kadrlar kifayət qədərdir. Rusiya ərazisində hazırda aktiv döyüşlər getmir, torpaqlarında özü kimi işğalçı yoxdur, ona görə bu ölkədə eyni həyat mənzərələri bəlkə də təəccüblü deyil. İstənilən müharibədə ordudan yayınan da olur, sərhədi arvad paltarında keçməyə cəhd edən də, saxta əlillik arayışı alan da, düşmənə satılan da, satqın da...Bu, müharibənin yazılmamış qanunlarıdır. Qorxulusu odur ki, müharibə edən xalqın müqaviməti, qələbəyə ümidi qırılsın.
İkinci Qarabağ müharibəsində qalib gəlməyimizin səbəbləri çox idi, amma əsas səbəblərdən biri də millətin bu savaşla yaşaması, bu işğalı sonlandırmaq üçün bir yumruq olması idi həm də. Vətən övladları necə ürəklə cəbhəyə gedirdi, ona da şahid olduq. Çünki bu dəfə ordumuz irəli gedirdi, Ali Baş Komandana və qələbəyə böyük ümid vardı. Bu birlik istənilən müharibədə ön cəbhədəki əsgər üçün ən mühüm dəstəkdir. Mətləbə keçmək üçün yetərli girişdir...

Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) bir gün əvvəl ölkədə korrupsiya ilə bağlı açıqladığı hesabat bu zavala düçar olmuş ölkənin ən böyük düşmənin tək Rusiya olmadığını təsdiqlədi. Üstəlik, bəlli olur ki, Ukrayna bu “cəbhədə” bəlkə də çoxdan uduzub...

NABU-nun müharibədə mühüm energetika sahələsində korrupsiya hesabatı əslində, təəccübləndirmədi, amma diqqətləri bir daha Zelenski və onun yaxın ətrafına yönəltdi. Aylardır dünyanın ən nüfuzlu nəşrləri belə, müharibə üçün ayrılan milyardların Zelenski komandası tərəfindən mənumsənilməsi barədə çoxsylı araşdırmalar dərc edir. Korrupsiya Ukrayanın əlbəttə ki, yeni bəlası deyil, müstəqilikdən üzü bəri də ən müxtəlif hesabatlarda bu ölkə “liderlər” sırasında olub. Amma bütün dünyanın dəstək verdiyi, hər gün yüzlərlə insanın həlak olduğu müharibədə bir dəstə adamın arxa cəbhədə milyardları(nə fərqi var, hansı valyuta ilə) mənimsəməsini düşmənin ayağına yazmaq mümkün deyil. Əsgər və zabit məhrumiyyətlər içərisində, ən ağır şəraitdə torpaqlarını müdafiə edərkən Ali Baş Komandanın ən yaxın ətrafının var-dövlət toplaması o deməkdir ki, Ukrayna təkcə Rusiya aqressiyasının deyil, dövlət səviyyəsində oğurluğun da qurbanıdır...
Strateji Pokrovsk şəhəri uğrunda həlledici döyüşlər gedərkən bu hesabatın üzə çıxması təsadüf olmaya da bilər. Şəxsən ABŞ prezidenti hakimiyyətə qayıdandan bəri müharibə üçün ayrılan pulların Ukraynada mənimsənildildiyi şübhəsi haqda dəfələrlə danışıb. NABU-nun son hesbatında adı keçən əsas şəxs biznesmen, “Kvartal 95” studiyasının sahibi kimi tanınan Timur Mindiçdir. Onu hələ 2019-cu ildən Zelenskinin “pul kisəsi” də adlandırlar.O, həmçinin hazırda Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələr və raketlərin ən böyük təchizatçılarından biri olan “FIre Point” şirkətində böyük paya sahibdir. Onun evindən çəkilən qızıldan unitaz fotosu indi dünya mediasında trenddir...

Korrupsiya sxemində keçmiş energetika naziri (hazırkı ədliyyə naziri) German Qaluşenkonu və Ukraynanın hazırkı energetika naziri Svetlana Qrinçukun adı keçir. Əsas sübutlar bu korrupsiya sixeminidə səs yazılarıdır. NABU 15 aylıq araşdırma zamanı min saatlıq söhbəti qeydə almağa müvəffəq olub və onlardan hələ bir neçəsi yayılıb. Zelenskiyə aid səs yazılarının olduğu da deyilir. Bununla belə, NABU səs yazılarının Zelenskinin baş çəkdiyi Mindiçın mənzilində aparılıb-aparılmadığını açıqlamayıb. Amma nə sirdirsə, hesabat açıqlanmazdan bir gün əvvəl Mindiç ölkəni tərk edə bilib. Mindiçlə ABŞ Federal Təhqiqat Bürosu da maraqlanır, o, çirkli pulların yuyulmasında da şübhəli bilinir.

NABU Qərbin təkidi ilə 2015-ci ildə prezident Petro Poroşenkonun fərmanı ilə yaradılıb. Onun missiyası yüksək vəzifəli məmurlar tərəfindən milli təhlükəsizliyə təhdid yaradan korrupsiya cinayətlərinə qarşı mübarizə aparmaqdır. İki ay əvvəl Zelenski NABU-nun səlahiyyətlərini məhdudlaşdırmağa cəhd etdi, amma bu qərar xüsusilə ABŞ-də ciddi narazılıq doğurdu, rəsmi Kiyev də qanun layihəsini Ali Radadan geri çəkməyə məcbur oldu. O zaman da əsas iddia bu idi ki, Zelenski ətrafının ifşasından qorxduğu üçün bu addımı atmağa məcbur olub. İndi görünür ki, narahatlıq əbəs deyilmiş...
Bu hesabatın indi ortaya çıxmasını Ağ Evin Zelenskiyə təzyiq etmək niyyəti ilə də izah edirlər. Bu cür hesabatlardan xəbərdar olan vətənpərvər ukraynalı döyüşçünün səngərdə nə düşündüyünü təxmin etmək çətin deyil. Ukrayna bu savaşdan çıxmağa imkan verməyən həm də bu acgöz korrupsiya sistemidir. Ölkə uduzur, onlar isə qazanırlar...
Nazim SABİROĞLU,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ