Onlayn ictimai-siyasi qəzet
Rusiya Beynəlxalq Məsələlər Şurasının prezidenti, politoloq Dmitri Trenin bildirib ki, Avropa ölkələri Ukraynaya hərbi yardımın miqyasını tədricən artırmaqla Rusiyanın reaksiyasının sərhədlərini yoxlayırlar. Onun fikrincə, eskalasiya davam edərsə, Rusiya Avropa dövlətlərinin ərazisinə birbaşa zərbələr endirə bilər.
“Müəyyən vəziyyətdə nüvə silahının tətbiqini də təsəvvür edə bilərəm”, - Trenin bildirib.
Ekspert Ukrayna müharibəsini Rusiya ilə Qərb arasında daha geniş geosiyasi qarşıdurmanın bir hissəsi kimi qiymətləndirir və bu qarşıdurmanın onilliklərlə davam edə biləcəyini iddia edir.
Treninin fikrincə, ABŞ və Avropanın Rusiyaya münasibətində də müəyyən fərq var. O hesab edir ki, Vaşinqton Rusiyanı qlobal güc balansının bir elementi kimi qəbul edə bilər, Avropada isə Moskva ilə qarşıdurmaya daha sərt yanaşılır.

Siyasi şərhçi Aydın Quliyev Musavat.com-a bildirib ki, ABŞ və Avropanın həm Rusiyaya münasibətdə, həm də Ukrayna müharibəsinə münasibətində böyük fərqin olduğu barədə deyilənlər həqiqətdir:
“ABŞ, xüsusilə Donald Tramp Rusiya ilə əlaqələr qurmaqda, iqtisadi əməkdaşlıq etməkdə maraqlıdır. Bu əməkdaşlığa mane olan Ukrayna müharibəsini hətta Kiyevin zərərinə olsa belə, bitirməyə çalışır. Lakin bu gün artıq elə vəziyyət yaranıb ki, Ukraynada müharibənin taleyini ABŞ həll etmir, həll edə bilmir. Ukraynada müharibəni, o cümlədən Rusiya ilə mübarizəni ABŞ-siz davam etdirmək variantları üzərində Avropa dövlətləri çoxdan düşünürlər. Artıq bu istiqamətdə addımlar da atılır. Ona görə də ABŞ Rusiyanın istəyinə uyğun olaraq Ukraynaya dəstəyi kəssə belə, bu addım müharibəni bitirməyəcək. Avropa-Rusiya qarşıdurması daha da dərinləşə bilər. Rusiya tərəfindən müxtəlif şəxslərin dilində Avropanın hətta nüvə bombası ilə hədələnməsi də buna görədir. Rusiya Avropa dövlətlərini qorxutmağa, onların ictimaiyyətinin hökumətlərinə təsir göstərməsinə nail olmağa çalışır”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ