Onlayn ictimai-siyasi qəzet
Rusiyaya bağlı qüvvələr Kərkinin qaytarılmasına qarşı çıxdılar, səfir Kopıkinlə nələr müzakirə olunub?
Ermənistanda Nikol Paşinyan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində mümkün ərazi razılaşmalarına qarşı revanşist müxalifətin müqaviməti güclənir.
Musavat.com xəbər verir ki, “Ermənistan” fraksiyasının Qərb diplomatları ilə qapalı görüşündən və ardınca Rusiya səfiri ilə təması ilə paralel olaraq digər müxalifət qüvvəsi– “Güclü Ermənistan” blokunun deputatlarının Kərkiyə(ermənilər Tigranaşen deyirlər) səfər etməsi diqqət çəkir.

Sentyabrın 10-da “Güclü Ermənistan” blokunun deputatları kənd sakinləri ilə görüşüblər, yaşayış məntəqəsinin problemlərini müzakirə edib və guya inkişafı ilə bağlı “alternativ proqram” təqdim edəcəklərini açıqlayıblar. Müxalifətçilər kəndin Azərbaycana qaytarılmasının yolverilməz olduğunu bildiriblər. Onların əsas arqumenti isə buranın yalnız kənd deyil, Ermənistanın şimalı ilə cənubunu birləşdirən mühüm nəqliyyat qovşağı olmasıdır. Müxalifət hesab edir ki, kəndin və onun ərazisindən keçən yolun taleyi Ermənistanın nəqliyyat, iqtisadi və ərzaq təhlükəsizliyinə birbaşa təsir edə bilər.
“Güclü Ermənistan” blokunun fraksiya rəhbəri Narek Karapetyan bildirib ki, kənddən keçən təxminən 8 kilometrlik yol Ermənistanın şimalını İrəvan, Vayots Dzor və Süniklə, daha sonra isə İran sərhədi ilə birləşdirir. Onun sözlərinə görə, bu marşrutdan hər il milyonlarla ton yük daşınır və yolun itirilməsi alternativ istiqamətlərdə nəqliyyatın ciddi şəkildə çətinləşməsinə səbəb ola bilər. Müxalifət kəndin əsl sahiblərinə qaytarılması ehtimalına qarşı siyasi müqaviməti açıq şəkildə ortaya qoyub.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisində yerləşən və Ermənistan ərazisi daxilində qalan Azərbaycan eksklavıdır. Ermənistan 1990-cı ildən kəndə faktiki nəzarət edir və onu Ararat vilayətinin tərkibində qondarma Tigranaşen adı ilə idarə edir.
Kəndin xüsusi əhəmiyyəti onun coğrafi mövqeyi ilə bağlıdır. İrəvanı Ermənistanın cənubu və İran sərhədi istiqaməti ilə birləşdirən M-2 magistralının bir hissəsi həqiqətən də Kərki ərazisindən keçir. Kərki digər keçmiş eksklavlardan fərqli olaraq bu gün də yaşayış məntəqəsidir. Ermənistan mənbələrində burada əsasən Azərbaycandan köçmüş ermənilərin yaşadığı qeyd olunur. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində Kərkinin statusu isə son mərhələlərdən biri kimi qiymətləndirilir.
Məsələnin aktuallığı son həftələrdə daha da artıb. Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 27-də anklav və eksklav məsələsinin delimitasiya prosesi davam etdikcə gündəlik iş məsələsinə çevriləcəyini bildirib. Sentyabrın 3-də isə o, Tigranaşen deyil, məhz Kərki barədə danışdığını və məsələni qismən həll olunmuş hesab etdiyini deyib.
Bu səbəbdən Ermənistan müxalifətinin Tigranaşenə səfəri sadəcə kənd sakinləri ilə görüş kimi görünmür. Kərkinin mümkün qaytarılması məsələsi Paşinyan hakimiyyəti ilə müxalifət arasında yeni siyasi qarşıdurma xəttinə çevrilir. Müxalifət Kərkinin qaytarılmasını “ərazi güzəşti” kimi təqdim edir, hakimiyyət isə məsələni Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində nəzərdən keçirir.

Maraqlıdır ki, eyni vaxtda “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan və katibi Artur Xaçatryan sentyabrın 10-da Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və səfirliyin müşaviri Mariya Korotina ilə görüşüblər. Görüşün detalları geniş açıqlanmasa da, tərəflər Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini və iki ölkə arasında əlaqələrin pisləşməsi tendensiyasını müzakirə ediblər. Ermənistan müxalifətinin Rusiya səfiri ilə görüşündə iki ölkə arasında xarici ticarətə tətbiq edilən məhdudiyyətlərin Ermənistan vətəndaşlarına, fermerlərə və sahibkarlara təsirləri də gündəmə gətirilib. Bundan başqa, müxalifət liderlərinin həbsi məsələsinə toxunulub.
Daha əvvəl isə həmin “Ermənistan” fraksiyası ABŞ, Böyük Britaniya, Niderland, İspaniya, Çexiya, Estoniya və Avropa İttifaqının nümayəndələri ilə qapalı görüş keçirib. Müxalifət bu görüşdə Ermənistanda siyasi təqiblər, insan hüquqları və demokratik institutların vəziyyəti ilə bağlı narahatlıqlarını Qərb diplomatlarının diqqətinə çatdırıb. Ən diqqətçəkən məqam isə Paşinyanın Azərbaycan siyasətinin də həmin görüşün gündəliyinə çıxarılmasıdır. Müxalifət hakimiyyətin Bakı ilə danışıqlar fonunda yeni ərazi və siyasi güzəştlərə hazırlaşdığını, daxili siyasi rəqiblərin isə mümkün müqavimətin qarşısını almaq üçün zəiflədildiyini iddia edir.
Bütün bunlar Paşinyan hakimiyyətinin Azərbaycanla sülh və delimitasiya siyasətinin Ermənistanda ciddi siyasi qarşıdurma yaratdığını göstərir. Xüsusilə Kərki məsələsinin artıq parlament müxalifətinin küçə və bölgə səviyyəsində siyasi kampaniyasına çevrilməsi diqqətdən yayınmır...
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ