Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 2025-2026-ci illərdə fəaliyyət göstərən dövlət ümumi təhsil müəssisələrinin sayı 2024-2025-ci illərlə müqayisədə azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 2024-2025-ci illərdə 4324 məktəb fəaliyyət göstərib. 2025-2026-cı illərdə isə məktəblərin sayı 4160 olub. Bu isə 164 məktəbin bağlanması deməkdir. Digər tərəfdən, 2024-2025-ci illərdə təhsil alanların sayı 1 milyon 671 min nəfər olub. 2025-2026-cı illərdə isə bu say 1 milyon 648 min nəfər təşkil edib. Beləliklə, 2025-26-cı təhsil ilində şagirdlərin sayı da 23 min nəfər azalıb.

Bu rəqəmlər nə dərəcədə təhlükəli tendensiyadan xəbər verir? Əsas səbəblər nədır?
Təhsil eksperti Elçin Əfəndinin Musavat.com-a bildirdiyinə görə, əhalinin təbii artımının azalması şagirdlərin də sayının tədricən kiçilməsi ilə nəticələnib. “Təsadüfi deyil ki, bu il birinci sinfə gedən uşaqların sayı artıq 124 min nəfər müəyyənləşib. Halbuki bir neçə il bundan öncə bu rəqəm 140–150 min, hətta 2010–2011-ci təvəllüdlərdə 160–170 min həddinə qədər yüksəlmişdi. Tədricən uşaqların sayının azalması, yəni təbii artımın aşağı düşməsi belə bir vəziyyət yaradıb”,_ deyə ekspert səbəbi göstərib.

Onun fikrincə, son dövrlərdə bəzi məktəblərin bağlanması isə rasionallaşdırma və optimallaşdırma tədbirləri ilə əlaqədardır: “Şagird sayı az olan məktəblər bağlanaraq şagird sıxlığı daha çox olan böyük məktəblərə birləşdirilir və bunun müqabilində ümumi məktəb sayı azalır. Burada tədrisin keyfiyyətinə daha çox önəm verildiyi üçün belə qərarlar qəbul olunub”.
Ekspert qeyd edib ki, ilbəil həm birinci sinfə gedənlərin, həm də ümumi şagirdlərin sayının azalması təhlükəli meyllərdən xəbər verir: “Bu səbəbdən aidiyyəti qurumlar əhalinin təbii artımını təşviq edən müvafiq planlar və layihələr hazırlamalıdır. Buraya çoxuşaqlı ailələrə dövlət dəstəyi, güzəştlər və digər stimullaşdırıcı tədbirlər daxil edilə bilər ki, ailələr çoxuşaqlı olmaqdan çəkinməsinlər. Digər tərəfdən, son illər boşanmaların sayının artması da bu prosesə ciddi mənfi təsir göstərir və doğulan uşaqların sayını azaldaraq ümumi statistikaya mənfi təsirini göstərir”.
Qeyd edək ki, dünya praktikasında bu məsələ kifayət qədər geniş yayılmış problemdir. Amma vacib məqam budur ki, bir çox ölkələrdə şagird sayının azalmasına yalnız “məktəbləri bağlamaq” kimi baxılmır. Demoqrafik azalma həm məktəb şəbəkəsinin optimallaşdırılması, həm də ailələri və doğum göstəricilərini dəstəkləyən siyasətlərlə paralel idarə olunur.
Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qeyd edir ki, şagird sayının azalması xüsusilə kənd və ucqar ərazilərdə məktəblərin bağlanması və ya birləşdirilməsi riskini artırır. Eyni zamanda, bu prosesə ehtiyatla yanaşmaq lazımdır: məktəbin bağlanması uşaqların daha uzaq məsafə qət etməsinə, bəzi hallarda isə regiondan ailələrin köçməsinə səbəb ola bilər. Yaponiya bu baxımdan maraqlı nümunədir. Ölkədə doğum səviyyəsinin və uşaq sayının azalması fonunda məktəblərin birləşdirilməsi həyata keçirilir.

Avropada da oxşar mənzərə var. “Eurostat”ın məlumatına görə, 2004–2024-cü illərdə Avropa İttifaqında 15 yaşadək uşaqların əhali içərisində payı 16,2 faizdən 14,6 faizə düşüb. 2025-ci ildə isə Aİ ölkələrinin əksəriyyətində 0–15 yaş qrupunun əvvəlki dövrlə müqayisədə azaldığı müşahidə olunub.
Maraqlıdır ki, OECD məktəblərin birləşdirilməsini bəzi hallarda qaçılmaz və səmərəli tədbir hesab etsə də, bunun avtomatik olaraq ən doğru həll olmadığını vurğulayır. Kənd yerlərində məktəblərin saxlanılması üçün nəqliyyat, məktəb qrupları və digər alternativ modellərdən istifadə edilə bilər. OECD hesablamalarına görə, şagird sayının azalması fonunda 2035-ci ilə qədər bəzi seyrək məskunlaşmış kənd ərazilərində məktəblərin sayının əhəmiyyətli dərəcədə azaldılması mümkün olsa da, məsafə və təhsilə çıxış məsələsi əsas məhdudiyyət olaraq qalır.
Afaq Mirayiq,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ