Onlayn ictimai-siyasi qəzet
Əvvəlki efirlərdə elə belə də deyirdi: "Mən "David Seliverstov"u - Kazım Abbasovu tanımıram, baş-beynim bu xəbərlərdən xarab olub deyə onu müdafiə edirəm".
Az sonra "David Seliverstov"u "İlin iş adamı" elan etdi. "Xidmət"lərindən xəbərdardır axı...
İndi isə qəhrəmanımız, qəfil yaddaş möcüzəsi yaşayır, dərin bir ah çəkərək deyir: "Kazımla 2017-19-cu illərdə 9 saylı Cəzaçəkmə Müəssisəsində 4 il bir yerdə çörək kəsmişik!
Deməli, Kazımla münasibətlərimiz də çox yaxşı idi. Mən onu Kazım kimi tanıyırdım. Deməli 2017, 18, 19 mən onunla Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində bir yerdə olmuşam. Təsəvvür eləyin ki, həmin bu 9 saylı Cəzaçəkmə Müəssisəsinə... ora elə adamlardır ki orada, yəni dövlət adamları, məmurlar, paqon daşıyanlar... yəni inzibati bir yer sayılır da cəzaçəkmə müəssisəsi. Ora elə yəni dövlət adamları, məmurlar, daha doğrusu ən çox da paqon daşıyan şəxslərin cəzaçəkmə müəssisəsidir.
Orda demək ki, cəza çəkənlərin 80 faizi, 80 yoх, deyərdim ki, 90 faizi, 100-də 90-ı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə — dələduzluqla bağlı həbs olunmuşdular. 90 faizi".
Ardınca da "Dələduz dələduzu uzaqdan tanıyır..." deyib nitqini davam edir. Bu yerdə Azad İsgəndərlini təbrik edirik!

Əsl "ayı xidməti" elə buna deyirlər. Dostunu müdafiə etmək üçün efirə çıxasan və çıxışında "Dələduz dələduzu uzaqdan tanıyır" atalar sözü deyəsən!
Heç bir moşennik özünü bu dəqiqliklə ifşa edə bilməzdi.
Kadr dəyişir.
Azad İsgəndərli Penitensiar Xidmətin 9 saylı müəssisəsini sanki hardasa Kembridc Universiteti kimi təqdim edir:
"Ora elə adamlar idi ki... dövlət adamları, paqon daşıyanlar... Oradakıların 90 faizi 178-ci maddə — dələduzluqla oturmuşdu".
Ardınca da tamaşaçını daha bir sosioloji kəşflə sarsıdır. Məlum olur ki, dələduzluq Azərbaycanda sadəcə "keçici hava xəstəliyidir" — kimə gəldi yapışır!
Amma dramın ən kulminasiya nöqtəsi başqadır:
"Dələduzlar Rusiyada, Avropada milyarderdir. Bizim həbsxanadakı dələduzların ayağına geyinməyə çorabı yoxdur, ayaqyalın gəzirlər!"
Səhnəni gözünüzün qabağına gətirin: Həbsxananın həyəti, ayaqyalın, çorabsız, amma "çox əxlaqlı və tərbiyəli" dələduzlar bir-birini aldatmaqla məşğuldur.
Biri deyir: "Xalan oğlunu əsgərlikdən saxladım, çöldəki adama 5 min ver", o biri deyir: "10 min ver, qohumunu içəridən çıxardım".
İçəridə otura-otura bir-birinin cibini soyurlar, amma Azad İsgəndərlinin təsvirində bunlar "bədbəxtlərdir".![]()
İndi isə adamın incə məntiqinə baxın və heyran olmayın:
"Əgər adamın dələduzluqla həbsə alınıbsa, bununla belə pulu yoxdursa, deməli dələduz deyil! Çünki əsl dələduz milyarder olar. Yəni, dostumuz Kazım da pul qazana bilmədiyi üçün "süddən çıxmış ağ qaşıqdır".
"Kazım gül kimi uşaq idi..."
Bu yerdə Azad İsgəndərli məsum residivist dostu haqda danışarkən göz yaşlarını güclə saxlayaraq onun türmə həyatını belə təsvir edir:
"Kazım çox səliqəli, tərbiyəli bir oğlan idi... "İçəri"də bir dənə adama dələduzluq etmədi, 3-4 il orada bir yerdə çörək yedik. Çox əxlaqlı oğlan idi... İndi bilsəm İsraildədir, ya hardadır, gedib tapıb onu görərəm".
Adama deməzlər, corabsız, ayaqyalın dələduzların içində bu "səliqəli və əxlaqlı" Kazım necə oldu ki, birdən-birə varidat sahibi oldu?
Bəs bu corabsız qalmış İsrailə necə uçub getdi? Bakıda "miqalkalı" "Cadillac Escalade"də, mühafizəçilərin əhatəsində necə gəzir?
Yoxsa bu da hüquqi möcüzədir?
"Çöldəkilər banditdir, biz ictimai xadimik!"
Azad İsgəndərli dünyanı bürüyən bu "ədalətsizliyə" qarşı özünün və dostunun günahsızlığını fantastik bir fəlsəfi yekunla vurğulayır:
"Çöldə olanlar reketlərdir! Həbs olunan dələduzlar bədbəxtlərdir... Biz ictimai-siyasi adamıq, bizdən nə cinayətkar olar? Topumuz yox, topxanamız yox, rüşvət yox, şotumuz yox..."
Bəli, tam Azad İsgəndərli məntiqinə, daha doğrusu məntiqsizliyinə yaraşan sonluq!
Topu-topxanası olmayan, sadəcə "təsadüfən" dələduzluq maddəsi ilə 3-4 il bir yerdə çörək kəsən, əvvəl "tanımıram" deyib, sonra "uzaqdan tanıdığı dostu" üçün efirdə göz yaşı tökən "ictimai xadim" elə bu məntiqsizliklə 2 "xodka" eyni maddə (178-ci dələduzluq) ilə Binədəki 9 saylı "zirvə"ni fəth edib.
Əgər bu çıxışdan sonra "David Seliverstov" — Kazım Abbasov İsraildə və ya Anqolada oturub bu müdafiə nitqinə baxıbsa, əminik ki, bircə cümlə işlədib:
"Azad, qardaşım, sən məni bir də belə müdafiə etsən, məni olduğum yerdən tutub əli qandallı Bakıya gətirəcəklər!"
E.Məmmədəliyev,
Musavat.com
30 Avqust 2026
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ