Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyənin Adana şəhərində Furkan Vəqfinin sədri Alparslan Kuytula qarşı səhər saatlarında əməliyyat keçirilib. Əməliyyat zamanı Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb.
Musavat.com "Hüriyyet"ə istinadən xəbər verir ki, Alparslan Kuytul Türkiyədə Furkan Vəqfinin təsisçisi və rəhbəri kimi tanınır.
O, dini fəaliyyəti, hökumətə yönəltdiyi tənqidləri, habelə barəsində açılmış cinayət işləri və həbs qərarları ilə dəfələrlə Türkiyə gündəminə gəlib.
Alparslan Kuytul 20 avqust 1965-ci ildə Türkiyənin Adana vilayətinin Karataş rayonunda anadan olub.
Kuytul Çukurova Universitetinin Memarlıq-Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi ixtisasını bitirib. O, 1991-ci ildə təhsilini başa vurub.
Daha sonra Misirə gedərək Əl-Əzhər Universitetinin Şəriət Fakültəsində İslam hüququ üzrə təhsil alıb. 1993–1997-ci illərdə bu istiqamətdə təhsilini davam etdirib.

Furkan Vəqfini necə yaradıb?
Kuytul Misirdə, Əl-Əzhər Universitetində təhsil aldığı dövrdə Furkan Təhsil və Xidmət Vəqfini yaradıb.
Təşkilat sonrakı illərdə Türkiyədə dini və ictimai fəaliyyətləri ilə tanınıb. Furkan Vəqfinin mərkəzi Adanada yerləşir.
Kuytul internet üzərindən yayımlanan TV Furkan kanalının fəaliyyətində də iştirak edib. Bundan başqa, 2011-ci ildən yayımlanan “Furkan Nesli” jurnalında baş redaktor kimi fəaliyyət göstərib.
Təşkilat daxilində Kuytul “Hocaəfəndi” ləqəbi ilə tanınır.
Alparslan Kuytulun həyat yoldaşı Semra Kuytul da Furkan Vəqfinin tanınmış simalarından biridir. O, təşkilat daxilində “Hoca xanım” kimi tanınır və xüsusilə qadınlara yönəlmiş fəaliyyətləri ilə seçilir.

İlk həbsi
Alparslan Kuytul 30 yanvar 2018-ci ildə saxlanılıb, 8 fevral 2018-ci ildə isə həbs edilib.
Onun barəsində “cinayətkar təşkilat yaratmaq və külli miqdarda dələduzluq” ittihamları ilə məhkəmə prosesi aparılıb.
Bundan başqa, 2018-ci ildə ona qarşı “terror təşkilatlarına dəstək vermək” ittihamı ilə də cinayət işi açılıb.
Kuytul 5 dekabr 2019-cu ildə həbsdən azad edilib. Sözügedən iş üzrə isə 3 noyabr 2020-ci ildə bəraət alıb.
O, 9 may 2022-ci ildə Adana Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə yenidən həbs edilib.
Həmin proses çərçivəsində ona müxtəlif ittihamlar irəli sürülüb və barəsində 38 il 6 aya qədər həbs cəzası tələb olunub.

Alparslan Kuytul 16 iyun 2023-cü ildə həbsdən azad edilib.
İslam yönümlü qurum kimi tanınan Furkan Vəqfi son illərdə Türkiyə hökumətinə yönəltdiyi tənqidlər, təşkilatın keçirdiyi tədbirlərə polis müdaxilələri və ona qarşı keçirilən əməliyyatlarla gündəmə gəlib.
İqbal RZAYEV,
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ