İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycanda fenomen olan Sərvər: “Məşhurlaşdım deyə mənə iş vermirlər” - VİDEO, FOTO

Sərvər Bəşirli… Bu ad təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də minlərlə insanın yaddaşına həkk olunub. O, nə məşhur iş adamı, nə siyasətçi, nə də imkanlı biridir. Amma etdiyi bir hərəkətlə insanlığın, qardaşlığın və mərhəmətin simvoluna çevrilməyi bacardı.

2023-cü ilin 6 fevralı Türkiyə tarixinin ən ağır və faciəli günlərindən biri kimi yadda qaldı. Həmin gün Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən dağıdıcı zəlzələlər 10-dan çox vilayəti viran qoydu. Minlərlə bina yerlə-yeksan oldu, şəhərlər xarabalığa çevrildi. Rəsmi məlumatlara görə, 53 mindən çox insan həyatını itirdi, yüz minlərlə insan yaralandı. Soyuq qış günlərində minlərlə ailə evsiz qaldı, uşaqlar valideynlərini, valideynlər övladlarını itirdi.

Bu ağır günlərdə Azərbaycan xalqı da qardaş Türkiyənin yanında oldu. Ölkənin hər yerindən yardım kampaniyalarına qoşulan insanlar ərzaq, geyim, yorğan-döşək, dərman və digər zəruri vasitələri toplamağa başladılar. Hər kəs gücü çatdığı qədər yardım etməyə çalışırdı. Məhz həmin günlərdə çəkilən bir foto milyonların diqqətini çəkdi.

Köhnə, yorğun bir “Jiquli” avtomobili… Avtomobilin içi və üstü yardım bağlamaları ilə dolu idi. Sükan arxasında isə sadə bir azərbaycanlı - Sərvər Bəşirli idi. O foto sosial şəbəkələrdə ildırım sürəti ilə yayıldı. 

b8489610-cab5-476f-bb00-8bbf77eccc84.jpg (372 KB)

Əslən Laçından olan Sərvər Bəşirlinin bu addımı həm Azərbaycanda, həm də Türkiyədə böyük rəğbətlə qarşılandı. Çünki insanlar onun simasında təmənnasız insanlığı görürdülər. İmkanlı olmadığı halda, köhnə avtomobili ilə yardım toplama mərkəzinə gəlməsi hər kəsin qəlbini titrətmişdi. Sosial şəbəkələrdə onun haqqında minlərlə paylaşım edildi, videolar yayıldı, insanlar göz yaşlarını saxlaya bilmədi.
Sərvər Bəşirli qısa müddətdə Türkiyədə də tanınmağa başladı. Türk mediası ondan geniş reportajlar hazırladı. Televiziya proqramlarında onun haqqında danışıldı. O, iki dövlət arasında qardaşlığın canlı simvollarından birinə çevrildi.

Daha sonra Sərvər Bəşirli Türkiyədə “Vəfa ödülü”nə layiq görüldü. Mükafatı da ona Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən şəxsən təqdim olundu.

Laçın rayonundan olan Sərvər Bəşirli Birinci Qarabağ müharibəsinin acılarını yaşamış ailələrdən biridir. O da minlərlə laçınlı kimi yurd həsrəti ilə böyüyən insanlardandır. Bəlkə də elə buna görə başqasının ağrısını daha dərindən hiss etməyi bacarırdı. Öz doğma yurdunun işğal ağrısını yaşayan biri üçün zəlzələdən əziyyət çəkən insanların dərdi yad deyildi.
Bəs indi Sərvər Bəşirli haradadır, nə işlə məşğuldur?

TV Musavat-ın əməkdaşları olaraq yenidən Bəşirli ailəsinin qonağı olduq. Həm Sərvər Bəşirli, həm də 70 yaşlı atası Rasim Bəşirli ilə görüşüb söhbətləşdik.

Müşahidəmiz də onu deyirdi ki, Sərvər Bəşirli nə məşhurlaşdığı dövrdə, nə də indi həyat tərzini dəyişməyib. Hazırda da sadə həyatını davam etdirir. Elə əvvəldən necə sadə həyat sürürdüsə, indi də diqqətdən uzaq, təvazökar həyat yaşayır. 

855d0ac0-9c40-4589-b69b-d0df74ddcb9c.jpg (358 KB)

“Üç il əvvəl həm Azərbaycanda, həm də Türkiyədə məşhurlaşmışdınız. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü sizə mükafat təqdim etdi, xanım Əminə Ərdoğanla da görüşdünüz. Bəs indi kimlərlə görüşürsünüz? Nə işlə məşğul olursunuz? Necə yaşayırsınız?”

Sualımıza Sərvər Bəşirli gülümsəyərək belə cavab verdi:

“Heç kimlə. Tikintidə iş olanda gedirəm, iş olmayanda da evdə oluram. İşsizəm”.

Bir ara Türkiyədə Adıyamanda könüllülərlə birlikdə çalışdığını deyən Sərvər Bəşirli bildirir ki, sonradan iş təklifləri olsa da, davam edə bilməyib:

“İş təklifi oldu, getdim. Sadəcə iş qane etmədi. Gedib-gəlmək xərclərim çox olurdu, ona görə də getmədim”.

“Bəs nə qədərdir işsizsiniz?” sualına isə belə cavab verir:

“Uzun müddətdir. 5 gün, 3 gün bir yerdə işləyirəm. Gah iş olur, gah olmur”.

Sərvər Bəşirli deyir ki, əvvəldən tikintidə işləsə də, məşhurlaşandan sonra ona münasibət dəyişib:

“Elə əvvəldən tikintidə işləyirdim. Amma sonra burada iş verənlərin sayı birdən-birə azaldı. Çünki insanlar elə düşündülər ki, mən məşhurlaşmışam, artıq işim var. Ona görə də iş vermədilər. Elə bilirdilər ki, haradasa iş-gücüm var. Buna görə də bəzi tikinti işləri də aradan çıxdı”.

Daha sonra taksi sürücüsü kimi çalışmağa başladığını deyən Sərvər Bəşirli bunun da alınmadığını bildirir:

“Şəhəri çox yaxşı tanımıram. Tıxaclar, avtobus zolaqları… Mənə hədiyyə olunan avtomobillə taksidə çalışdım. Amma şəhərdəki tıxaclar, avtobus yolları, cərimələr çətinlik yaratdı. Ona görə də bu işi də bacarmadım”.

“Taksidə gün ərzində nə qədər qazancınız olurdu?” sualına isə belə cavab verir:

“Ümumiyyətlə, taksidə çalışırsansa, ekonom maşının olmalıdır. Ekonom olmadısa qazancın olmur. Məndə isə ümumiyyətlə qazanc olmadı”.

O deyir ki, müştərilər arasında onu tanıyanlar da olurmuş:

“Çox vaxt axşam saatlarında işləyirdim. Ona görə də məni çox tanımırdılar. Amma tanıyanlar da olurdu. Müştərini aparıb düşürürdüm. Eləsi olurdu ki, söhbət zamanı tanıyırdı”.

Türkiyədə işləməyi düşünüb-düşünmədiyi ilə bağlı suala isə belə cavab verir:

“Düşünmüşəm. Amma atamın gözü görmür. Onu qoyub gedə bilmərəm. Gedib orada işləsən, gərək orada qalasan. Gedib-gəlmək də xərcdir”.

Ailənin bütün yükünün onun üzərində olduğunu deyən Sərvər Bəşirli işsiz qalmağın çətin olduğunu gizlətmir:

“Yoldaşım da işləmir. Bir tək mən işləyirəm. Qardaşımın da biri işləyir. Daimi işim yoxdur. İş düşəndə qardaşımla işləyirəm. Qardaşımın işi olanda məni də aparır. İş olmayanda mən də işsiz qalıram. Təhsilim də yoxdur ki, kimdənsə iş istəyim. Bacardığımız iş sürücülük idi, o da alınmadı. İnşallah bəlkə təsərrüfatda alındı”. 

d15f4046-81f2-4939-9e39-afb0ec048217.jpg (457 KB)

Atası Rasim Bəşirli isə deyir:

“Bu bizim xüsusiyyətimizdir. Kimdənsə iş, yardım istəmirik. Sadə həyat yaşayırıq, təsərrüfat işləri görürük”.

Sərvər Bəşirli bildirir ki, Türkiyədən indi də onunla maraqlananlar var:

“Bəli. Zəng edirlər, maraqlanırlar. Sosial şəbəkələrdə yazırlar, hal-əhval tuturlar. Nə işlə məşğul olduğumu soruşurlar”.

Doğma Laçına gedib-getmədiyi ilə bağlı suala isə belə cavab verir:

“Bəli, getdik. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. Ata yurdumuz Laçına getdik”.

Öz evlərini tapdıqlarını deyən Sərvər Bəşirli həmin mənzərəni belə təsvir edir:

“Tapdıq. Dağıdıblar, söküblər, yandırıblar. Quru divarlar qalıb. Amma kənddə yolun istiqamətinə baxan kimi hamı tanıyır ki, hansı ev kimindir”.

Bu yerdə atası Rasim Bəşirli söhbətə qoşulur:

“Evimizi tapdıq. Uçurub dağıdıblar. Oralara baxanda insan çox həyəcan keçirir. Sanki orada heç kənd olmayıb. Tamamilə dağıdıblar. Halbuki gözəl yerlərimiz, bulaqlarımız, sularımız vardı. İnsan öz doğulduğu yeri heç vaxt unutmur. İstəyərdim ki, yenidən gedib orada yaşayım.

Mənim Laçında çoxlu mal-heyvanım vardı. İmişliyə gətirdik. Orada heyvanlar xəstələndi, tələf oldular. Laçında belə xəstəliklər olmurdu”.

Sərvər Bəşirli isə kəndləri bərpa olunandan sonra Laçına qayıtmaq istədiklərini deyir:

“İnşallah kəndimiz bərpa olunandan sonra köçüb gedəcəyik öz doğma yurdumuza. Burada qonaq qalırıq”.

Türkiyəli iş adamı Sebahattin Civelek tərəfindən ona avtomobil və ev hədiyyə edildiyini deyən Sərvər Bəşirli hazırda həmin evi tədricən təmir etdiklərini bildirir:

“Sağ olsun, Sebahattin bəy avtomobil hədiyyə etdi. Ev də tikilib, təmiri qalıb. Tikintidə işlədikcə müəyyən qədər pul ayırıb evin çatışmayan işlərini görürük. Qardaşımla birlikdə yavaş-yavaş tamamlayırıq”.

Ən böyük arzusunu soruşanda isə belə cavab verir:

“Biz məcburi köçkün olmuşuq. İnşallah Qarabağa qayıdandan sonra təsərrüfat quracağıq. Əlimizdən gələni edəcəyik ki, dolana bilməyən insanlara da kömək edək. Arzumuz da budur”.

Söhbətin sonunda Rasim Bəşirli isə bir ata arzusu dilə gətirir:

“Sərvərin ailəsi var. Amma uşağı yoxdur. Arzu edirəm ki, uşağı olsun, nəvə görüm. Başqa heç nə istəmirəm… ”

 

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR