Onlayn ictimai-siyasi qəzet
“Sabah vətənə qayıdıram və barəmdə yalan danışanlarla mübarizəmi hüquqi müstəvidə aparacağam”. “David Seliverstov” adı ilə tanınan Kazım Elşən oğlu Abbasovun son aşıqlamasında səsləndirdiyi bu fikirlər ilk baxışdan hüquqa, sübuta və obyektiv araşdırmaya çağırış təsiri bağışlaya bilər. Əslində “gözə kül üfürmək”dən başqa bir şey deyil.
Əvvəlki araşdırmalarımızda onun kimliyi, məhkumluqları, cinayət işləri və həmin işlər üzrə verilmiş cəzalarla bağlı konkret məlumatlar yer alıb. Üstəlik, araşdırmalarda söhbət təkcə “iddia olunur” ifadəsindən getmir. Bir sıra hallarda söhbət məhkəmə hökmlərindən gedir. Ona görə də “David Seliverstov”un “iddia sübut deyil, media yazısı məhkəmə qərarı deyil” tezisinə cavabımız sadədir.
Elə biz də deyirik ki, media yazısı məhkəmə qərarı deyil. Ona görə də araşdırmalarımızda məhkəmə hökmü ilə müəyyən edilmiş faktları ayrıca göstəririk.
Musavat.com-un 5 avqust 2026-cı il tarixli materialında “David Seliverstov” adı ilə çıxış edən şəxsin Kazım Elşən oğlu Abbasov olduğu bildirilib. Həmin materialda onun 26 mart 1988-ci ildə Bakı şəhərində anadan olduğu da qeyd olunub. Bu məlumatın qarşılığında "David Seliverstov" müsahibəsində “mənim kimliyimlə bağlı iddiaların sübutu göstərilsin” deyir. Çox sadə sual yaranır: Əgər söhbət həqiqətən Kazım Abbasovdan getmirsə, onda əvvəlki məhkumluqlara dair məhkəmə hökmləri kimə aiddir?
“David Seliverstov” un əslində Kazım Abbasov olması faktını ortaya qoyandan sonra Musavat.com-a onun cinayət işləri üzrə zərərçəkmişlərdən məlumatlar daxil olmağa başlayıb. Məlum olub ki, Kazım Abbasov ilk dəfə 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən dələduzluq əməlinə görə saxlanılıb. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci – xeyli miqdarda ziyan vurmaqla dələduzluq; 178.2.4-cü – təkrar törədilən dələduzluq maddələri üzrə ittiham verilib və nəticədə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Burada artıq “kiminsə mənim haqqımda belə dediyi” məsələsindən söhbət getmir. Söhbət məhkəmə hökmü ilə nəticələnmiş cinayət işindən gedir. Bu faktı yazandan sonra Kazım Abbbasov və dəstəkçiləri “həbsdə olmaq qəbahət deyil” fikirini ortaya atmaqla dələduz keçmişi haqda yazdıqlarımızı təsdiq etdilər. Yəni “David Seliverstov” keçmişdə həbsdə olduğunu artıq özü də inkar etmir.
Əksinə, belə deyir: “Hər kəs səhv edə bilər və mən də etdiyim səhvlərin bədəlini qanuni şəkildə ödəmişəm”.
Deməli, ən azı bu hissədə mübahisə yoxdur. Biz də “həbsdə olmaq qəbahət deyil” fikri ilə razıyıq. Amma həbsə təsadüfən, məsələn, avtoqəzaya görə və ya ehtiyatsızlıqdan düşən biri ilə başqalarının inamını, etimadını qazanıb dələduzluq edən arasında fərq var axı.
Dələduz çöldə də, “içəri”də də elə dələduzdur və bir çoxları üçün həyat tərzidir.
Əvvəlki araşdırmalarda Kazım Abbasov barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310-cu – vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; 320.2-ci – bilə-bilə saxta sənəddən istifadə etmə maddələri üzrə cinayət işi başlanması barədə məlumat vermişdik. Həmin iş üzrə onun 2 il müddətinə azadlıqdan məhrum edildiyi və 3500 manat cərimə olunduğu qeyd edilib. Daha maraqlısı isə budur ki, "David Seliverstov" son açıqlamasında saxta vəsiqə ilə bağlı sualı cavablandırıb. Deyir ki, əgər saxta vəsiqə varsa, sənəd ortaya qoyulmalıdır. Bu cavabın özü müəyyən mənada maraqlıdır. Çünki Musavat.com-da yayılan əvvəlki materiallarda məsələ sadəcə “filankəs belə deyib” formasında təqdim edilməyib. Orada 310 və 320.2-ci maddələr üzrə məhkəmə hökmünün olması ayrıca göstərilib. 110016011 – sənəd üzərindəki konkret nömrə Kazım Abbasovla bağlı Xəzər Rayon Prokurorluğunda istintaq materialları №110016011 cinayət işində toplanıb. Həmin cinayət işindən bəlli olur ki, Kazım Abbasov 23 fevral 2011-ci ildə Şağan qəsəbəsində, Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsinə gəlib və özünü “Xüsusi Xidmət İdarəsi”nin baş əməliyyat müvəkkili, baş leytenant kimi təqdim edib. Müəssisə əməkdaşı və rəisinin sayıqlığı nəticəsində uğursuz “əməliyyatçı” Kazım Abbasov ələ keçib. Onun saxta vəsiqədən istifadə etməsi ilə bağlı epizodlar, habelə ekspert rəyləri №3782 və №3625/3674 barəsindəki cinayət işində göstərilib. Burada artıq “filan şəxs belə deyir” formasında məlumatdan söhbət getmir. Söhbət konkret cinayət işi nömrəsindən və ekspertiza rəylərindən gedir. Odur ki, “David Seliverstov”un “konkret sənəd varsa, ortaya qoyulsun” çağırışını biz də dəstəkləyirik. Buyurun, sənədlər ortadadır, cinayət işiniz üzrə danışaq. Üçüncü məhkumluq – 29 sentyabr 2014 Kazım Abbasov - bu günki “David Seliverstov”un cinayət bioqrafiyasının ən ağır epizodlardan biri isə 2014-cü ilin sentyabrında baş verib. Musavat.com-da yayımlanmış 5 avqust və 10 avqust tarixli araşdırma yazılarda göstərilir ki, Kazım Abbasov 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü maddələri üzrə ittiham elan edilib. Bu maddələr külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ağır cinayət tərkiblərini əhatə edir. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kazım Abbasovun cinayət keçmişili biri, yəni residivist olması, cəzaçəkmə yerindən qaçışa bərabər tutulan əməllər törətməsi nəzərə alınmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib. “David Seliverstov” və onun residivist dəstəkçisi bilsinlər ki, bu, artıq “media ittihamı” deyil. Bu, məhkəmə hökmüdür. “David Seliverstov” özü də, residivist dəstəkçisi Azad İskəndərov da keçmişdə həbs həyatı yaşadıqlarını etiraf edirlər. “David Seliverstov” bunu “səhvlərimin bədəlini qanuni şəkildə ödəmişəm” sözləri ilə izah edir. Azad İsgəndərov bir qədər də qabağa gedərək “kişilik”dən dəm vurur. Dələduzluq əməlinə bu şəkildə haqq qazandırmağa çalışır. Dələduzluq, adam aldatmaq nə vaxtdan kişilik hesab olunur?
“David Seliverstov”un həbslə əlaqəli etiraflarını mübahisələndirmirik. Əksinə, məhz onun öz sözündən çıxış edirik. Əgər həbs cəzaları qanuni şəkildə çəkilibsə, onda niyə bu faktların yazılması “yalan” adlandırılır?
O, hətta öz keçmişini xatırlanmasına belə cavab verdi: “Hər kəs səhv edə bilər.” Razıyıq. İnsan səhv edə bilər. İnsan səhvinə görə cəza çəkə, cəmiyyətə qayıda bilər. İnsan ikinci şans da əldə edə bilər. Amma ictimaiyyət qarşısında yeni kimlik, yeni bioqrafiya və yeni ictimai status formalaşdırılırsa, jurnalistin keçmişi araşdırmaq hüququ da var. Xüsusilə həmin şəxs özünü “beynəlxalq hüquq müdafiəçisi”, “xeyriyyəçi”, yəhudi icması ilə əlaqəli ictimai fiqur kimi təqdim edirsə, onun əvvəlki həyat yolu ictimai maraq doğuran məsələdir. “David Seliverstov” adı haradan gəldi?
Musavat.com-un araşdırmalarında əsas suallardan biri də budur ki, Kazım Abbasov hansı hüquqi əsasla “David Seliverstov” adı ilə ictimai fəaliyyət göstərib? Çünki məsələ sadəcə bir ləqəbdən və ya səhnə adından getmir. Bu ad altında o, özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumları ilə əlaqəli şəxs, yəhudi icmasının nümayəndəsi və xeyriyyəçi kimi təqdim edib. 2025-ci ildə MTV-nin “Geriyə baxanda” proqramında çıxış edən “David Seliverstov” isə “Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyəti”nin 2021-ci il avqustun 16-da Milli Məclisin deputatı Anatoliy Rafailovun təşəbbüsü ilə yaradıldığını bildirib. Bu da ayrıca araşdırma mövzusudur. Çünki burada artıq bir şəxsin şəxsi həyatından yox, ictimai təşkilat, ictimai status və siyasi əlaqələrdən söhbət gedir. 2014-cü ildə 12 il müddətinə azadlıqdan məhrum edilən Kazım Abbasov 2022-ci ildən sonra azadlığa çıxdıqdan sonra ictimaiyyət qarşısında tamam başqa obrazda görünməyə başlayıb. Bu dəfə qarşımıza residivist Kazım Abbasov yox, “David Seliverstov” çıxıb və ya çıxarılıb. Və adam beynəlxalq təşkilatlar, insan hüquqları, yəhudi irsindən dəm vurub, İsrail-Azərbaycan münasibətlərindən danışıb, tədbirlər düzənləyib, o tədbirlərə dəvət olunan deputatlarla görüntüləri çəkib paylaşmaqla “beynəlxalq hüquq müdafiəçisi” ünvanına iddialarını gerçəkləşdirib. Bu tərzə uyğun bahalı avtomobil, mühafizə, ofis, vəkillərlə müqavilələr bağlamaqla barəsindəki “sabun köpüyü”nün üfürülməsinə nail olub. Məhz buna görə də araşdırmalarımızın əsas mahiyyəti “keçmişi məhkumluqlarla zəngin olan Kazım Abbasov hansı mexanizmlə “David Seliverstov” kimi yeni ictimai obraz yarada bildi” sualını əhatə edir. Bizim yazdığımız onun keçmişi və inanılmaz şəkildə evolusiyası, hansı məqsədlə Azərbaycan ictimai-siyasi mühitinə soxulması və ya pərçimlənməsidir.
Burada ən diqqətçəkən məqam həmin keçmişin böyük hissəsi onun barəsində verilmiş məhkəmə hökmləridir.
2011 – 178.2.2 və 178.2.4 – 4 il 6 ay həbs.
Digər iş – 310 və 320.2 – 2 il həbs və 3500 manat cərimə. 2014-cü il 29 sentyabr – 234.4.1 və 234.4.3 üzrə saxlanılma.
2016 – Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü – 12 il həbs.
Bunlar onun keçmişi haqqında jurnalistin fantaziyası deyil. Bunlar əvvəlki materiallarda göstərilmiş konkret hüquqi məlumatlardır. Bəs cinayət işlərinin nömrələri? “David Seliverstov” müsahibəsində sənəd tələb edir. Ona görə bir məqamı xüsusi qeyd edirik.
Musavat.com-un açıq şəkildə dərc edilmiş əvvəlki materiallarında yuxarıda sadalanan bütün cinayət işlərinin nömrələri göstərilməyib. Məlum və əvvəlki materiallarda qeyd edilmiş nömrələrdən biri 110016011-dir. Digər cinayət işlərinin nömrələrini isə redaksiya olaraq sənədlə təsdiqlənmədən yazmaq niyyətində deyilik.
Amma iş nömrəsinin həmin materialda göstərilməməsi məhkəmə hökmünün mövcudluğu barədə dərc edilmiş məlumatı avtomatik olaraq “yalan”a çevirmir. Əksinə, “David Seliverstov” bütün sənədlərin açılmasını istəyirsə, bu məsələnin ən doğru ünvanı hüquq-mühafizə orqanları və məhkəmələrdir. Amma məhkəmənin hökmü barədə yazmaq da jurnalistikanın ən adi və qanuni funksiyalarından biridir. Əgər şəxs məhkum olunubsa, bu faktın ictimai əhəmiyyəti varsa, mətbuatda həmin faktın yazılması da normaldır. Əgər şəxs sonradan cəzasını çəkib və azadlığa çıxıbsa, bu da yazıla bilər. Əgər həmin şəxs sonradan başqa adla və başqa ictimai statusla fəaliyyət göstərirsə, bu da araşdırıla bilər. Bütün bunların heç biri onun yeni hüquqi vəziyyətini əvvəlcədən müəyyən etmək demək deyil.
Əgər ölkədən qaçmadığını bildirirsə, söz verdiyi kimi elə bu gün, 21 avqustda Azərbaycana qayıtsın və ictimaiyyət qarşısına çıxsın. Aydındır ki, bu mübahisədə son sözü nə “David Seliverstov”, nə də hansısa başqa media qurumu deməlidir. Son sözü faktlar, hüquq-mühafizə orqanları deməlidir.
E.Məmmədəliyev,
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ