İnsanlara hürriyət, millətlərə istiqlal!

"TRIPP-ə heç kim mane ola bilməyəcək..." – Tanınmış hüquqşünasdan MÜHÜM MESAJLAR

“TRIPP layihəsi ilə bağlı ötən il avqustun 8-də Ağ Evdə Donald Trampın rəhbərliyi ilə keçirilən görüşdə qonaq qismində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə imzaladığı sənəd elə sülh müqaviləsinə gedən yolun başlanğıcı idi. Bununla da hesab edirəm ki, indiyə qədər olan proseslərin ən önəmlisi avqustun 8-də Ağ Evdə imzalanmış, paraflanmış sənəddir”.

Bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə TV Musavat-ın efirində deyib.

Hüquqşünas qeyd edib ki, məhz bu sənəddən sonra Ermənistan-Azərbaycan arasında müəyyən yumşalmalar baş verib, qarşılıqlı təhdidlərə son qoyulub:

“Azərbaycan tərəfi bizim üçün Zəngəzur dəhlizi olan, amma indi beynəlxalq adı TRIPP olan dəhlizin inşası üçün ölkəmizdən asılı olan hər şeyi edib: dəmir yolu, avtomobil yolu çəkilişi və sair. Amma Amerikanın, Trampın başı bir qədər İran hadisələrinə qarışdı. Lakin ötən gün belə bir məlumat yayıldı ki, Ermənistan tərəfindən tikinti ilə bağlı ora 100 milyon pul ayrılıb. Eyni zamanda eşitdik ki, İran tərəfi də oradan qazıntı işlərinə, yol çəkməyə başlayıb ki, buna mane olsun. Hesab edirəm ki, İran da buna mane ola bilməyəcək. Yəni ABŞ imzaladığı hər bir sənədə hörmətlə yanaşan bir dövlətdir.

Və nəzərə alsaq ki, Baydenin dövründə Azərbaycan-Amerika münasibətləri nə qədər zəif idi və ölkəmizə qarşı qərəzli mövqedə duran ABŞ administrasiyası və Baydenin özü Konqresdə təmsil olunduğu dövrdə Azərbaycan əleyhinə məlum qətnamələrin müəlliflərindən biri idi və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirdi. Sonra gəlib prezident olanda da vəziyyəti biz gördük.

Amma Tramp hakimiyyətə gəldikdən sonra Azərbaycan-Amerika münasibətləri çox gözəl şəkildə davam edir. Trampın cənab Prezidentimizə şəxsi hörməti var və Prezidentimizin də məqsədyönlü, praqmatik, Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun siyasəti yavaş-yavaş beynəlxalq aləmdə, beynəlxalq liderlər və dövlət başçıları tərəfindən qəbul olunaraq Ağ Evə çıxdı”.

Çingiz Qənizadə hesab edir ki, hazırda əsas gözlənti TRIPP layihəsi üzrə proseslərin praktiki mərhələyə keçməsi və yolun açılmasıdır: “Biz indi bu yolun açılışını gözləyirik. Amerika tərəfi də maliyyələşməni artıq reallaşdırıb. O layihə üzrə rus əsilli bir iş adamı da ora qoşulub. Baxmayaraq ki, rus əsillidir, amma Trampın yaxın dostudur. Ermənistan da buna önəm verməyə çalışır”.

Hüquqşünas bununla yanaşı, sülh müqaviləsinin imzalanması prosesində Ermənistanın daxili siyasi vəziyyətinin də nəzərə alınmalı olduğunu vurğulayıb:

“Sülh müqaviləsinin uzadılması ilə bağlı Ermənistandakı ictimai-siyasi vəziyyəti də nəzərə almaq lazımdır. Bilməliyik ki, Paşinyana qarşı güclü müxalifət, güclü xarici dövlətlər var. Rusiya, Putin Paşinyanı sevmir və hələ də təbrik etməyib. Və bu hakimiyyəti hər an devirməyə hazır olan daxili və xarici qüvvələr mövcuddur. Ona görə də Paşinyan hər şeyi yavaş-yavaş xalqın əli ilə etməyə çalışır.

Bunun üçün o, ilk növbədə yaxın aylarda, yəni 3-5 ay müddətində ilk olaraq referendum keçirməlidir. Referendumda Azərbaycana qarşı ərazi iddialarından, Türkiyəyə qarşı sərsəm Ağrı dağı iddialarından əl çəkməyi və Ermənistan Konstitusiyasının preambula hissəsindəki Qarabağla bağlı iddiaları götürdükdən sonra artıq növbəti mərhələyə addım qoyulmuş olacaq.

Belə hesab edirəm ki, gec-tez Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, sərhədlərimiz delimitasiya olunacaq və diplomatik münasibətlər qurulacaq. Bu qaçılmazdır. Yaxşı ki, Paşinyan hakimiyyətdə qaldı, seçildi və yaxın 5 ildə bunu reallaşdırmağa çalışacaq. Ondan sonra hakimiyyətə kim gələcəksə, artıq Azərbaycanla müharibə etmək, hansısa, belə deyək, Azərbaycanın hüquqlarını poza biləcək addımlar atmağa qadir olmayacaq".

Çingiz Qənizadə regionda Azərbaycan və Ermənistan arasında yeni hərbi eskalasiya ehtimalını da qiymətləndirib:

“Yox, bu məsələ artıq keçmişdə qaldı. İndidən sonra Ermənistan ordusuna hələ bir 5-6 il də lazımdır ki, özünə gəlsin. Çünki 2020-ci ildə “Dəmir yumruq” başına güclü dəydi. Azərbaycan isə güclənir, modernləşir, ordusu modernləşir, silahları modernləşir. Ermənistan da bizim gücümüzü gördü. Ona görə ermənilər üçün ən yaxşısı sülhdür. Ağıllarını başlarına yığsınlar, konstitusiyalarını dəyişsinlər və Azərbaycanla sülh müqaviləsi imzalayıb normal qonşuluq münasibətlərinə önəm versinlər”.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR