Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın ikinci prezidentlik dövründə qurduğu xarici siyasət modeli getdikcə daha ciddi problemlərlə üzləşir. İranla razılaşma baş tutmayıb, Yaxın Şərqdə müharibəni istədiyi şərtlərlə bitirə bilməyib, ənənəvi müttəfiqləri ilə münasibətlər gərginləşib, Şimali Koreya lideri Kim Çen Inla şəxsi münasibətlərə bəslədiyi ümidlər isə indiyədək ciddi nəticə verməyib.
Musavat.com xəbər verir ki, CNN-in siyasi analitiki Stiven Kollinson (Stephen Collinson) Trampın xarici siyasətini təhlil edərək prezidentin ənənəvi Amerika diplomatiyasını alt-üst edən yanaşmasının artıq Vaşinqtonun etibarlılığı üçün problem yaratdığını yazır.
Müəllifin diqqət çəkdiyi əsas hadisələrdən biri İranla memorandumun 60 günlük müddətinin nəticəsiz başa çatmasıdır. Kollinson yazır ki, Tramp bunun əvəzində ABŞ-ın bəzi müttəfiqlərinə qarşı sərt mövqe nümayiş etdirməyə və Şimali Koreya lideri Kim Çen Inla münasibətlərini yenidən canlandırmağa başlayıb.
Tramp Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasının azaldılacağını açıqlayıb. Prezident bunu təlimlərin baha başa gəlməsi, Seulun İran müharibəsində iştirak etmək istəməməsi və Kim Çen Inı qıcıqlandırmamaq niyyəti ilə əsaslandırıb. Ardınca isə Tramp Omanı bombalamaqla hədələyib. CNN-in yazdığına görə, buna səbəb Maskatın İranla danışıqlar apararaq Hörmüz boğazında gəmiçiliyin bərpasına çalışması olub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis bu addımları açıq şəkildə bu sözlərlə tənqid edib:“Kim Çen Inla yaxınlaşmağı anlamıram. Omanı bombalamaqla hədələməyi də anlamıram”. Stavridisin fikrincə, Vaşinqton hazırda etməli olduğunun tam əksini edir.
Kollinson hesab edir ki, Oman və Cənubi Koreya ilə bağlı qərarlar təsadüfi epizodlar deyil. Onlar ənənəvi strategiyadan uzaqlaşan, diplomatları və ekspertləri arxa plana keçirən, böyük ölçüdə Trampın şəxsi instinkt və münasibətlərinə əsaslanan xarici siyasətin əlamətləridir.
Bu modeldə Tramp proqnozlaşdırılmazlığı üstünlük hesab edir, təhdidlər vasitəsilə qarşı tərəfə təzyiq göstərməyə çalışır və xarici liderlərə münasibətində onların ABŞ-a münasibətindən çox, şəxsən ona necə yanaşmalarına əhəmiyyət verir. Ənənəvi Amerika siyasətinin güc mənbəyi saydığı ittifaqlara isə Tramp fərqli baxır: onun yanaşmasına görə, müttəfiqlər ABŞ müdafiəsindən yararlanmaq üçün bunun əvəzini ödəməli və Vaşinqtonun xarici siyasət təşəbbüslərinə dəstək verməlidirlər.
ABŞ-ın keçmiş yüksək vəzifəli diplomatı Kristofer Hill CNN-ə bildirib ki, Trampın birinci prezidentliyi zamanı əsas xüsusiyyəti onun “proqnozlaşdırılmazlığı” idisə, ikinci müddətində başqa reputasiya formalaşır.“İkinci müddətində o, son dərəcə etibarsız olmaq rekordu müəyyənləşdirmək yolundadır. Bütün dünya da bu vəziyyətə baxır”,-deyə o, qedy edib.
CNN bu problemin ən aydın şəkildə İran məsələsində üzə çıxdığını qeyd edir. Administrasiya İranın hərbi imkanlarına ağır zərbə vurulduğunu bildirsə də, Tramp müharibədən əvvəl mövcud olan əsas vəziyyəti – Hörmüz boğazında sərbəst gəmiçiliyi – belə tam bərpa edə bilməyib. Üstəlik, “The Wall Street Journal”ın məlumatına görə, Tehran genişmiqyaslı döyüşlərdə yaranmış fasilədən raket və dron istehsalını artırmaq üçün istifadə edib.
Cənubi Koreya ilə yaranmış gərginlik də məhz İran müharibəsi ilə əlaqəlidir. Tramp Seulun İran müharibəsinə qoşulmaq istəməməsindən narazılığını gizlətməyib və Cənubi Koreya Prezidenti Li Ce Myona belə dediyini açıqlayıb: “Yaxşı, bəs biz niyə sizə kömək etməliyik?”
CNN bunun xüsusilə diqqətçəkən olduğunu vurğulayır. Çünki Cənubi Koreyanın bu il ölkədəki ABŞ hərbi qüvvələrinin saxlanmasına 1 milyard dollardan artıq vəsait ödəməsi gözlənilir. ABŞ müdafiə naziri Pit Heqset də yaxınlarda Seulu müdafiə yükünün bölüşdürülməsi baxımından nümunə göstərib.
Tramp eyni zamanda Kim Çen Inla şəxsi münasibətlərinə yenidən böyük əhəmiyyət verir. Lakin Kollinson xatırladır ki, birinci prezidentlik dövründə keçirilən Tramp-Kim sammitləri çoxsaylı görüntülərlə yadda qalsa da, praktiki nəticələri məhdud olub. Sonrakı illərdə Şimali Koreya nüvə və raket proqramlarını sürətləndirib, Rusiya və Çinlə yaxınlaşıb, Ukrayna müharibəsi üçün Moskvaya böyük həcmdə sursat və 10 mindən artıq hərbçi göndərib.
CNN müəllifi qeyd edir ki, problem təkcə Şimali Koreya ilə məhdudlaşmır. Vladimir Putin Trampın Ukrayna müharibəsini bitirmək planına məhəl qoymayıb, Si Cinpin isə ticarət müharibəsində onu üstələyib. İran məsələsində sərt təhdidlərin ardınca geri addımlar atılması ABŞ-ın etibarlılığına zərbə vurub, transatlantik münasibətlər İkinci Dünya müharibəsindən sonrakı ən pis vəziyyətə düşüb, Cənubi Koreyaya münasibət isə ABŞ-ın Şərqi Asiyadakı müttəfiqlik öhdəlikləri barədə suallar yaradıb.
Bununla belə, Kollinson Tramp siyasətinin tərəfdarlarının arqumentlərini də təqdim edir. Pentaqonun siyasət məsələləri üzrə rəhbəri Elbric Kolbi hesab edir ki, Trampın tənqidçiləri onun strategiyasının mahiyyətini düzgün anlamırlar. Kolbinin fikrincə, ABŞ əvvəlkindən daha sərt şərtlərlə danışıqlar aparır və bu, “amerikalıları birinci yerə qoyan respublikaçı realizmin” nəticəsidir.
Trampın təhdid və sövdələşməyə əsaslanan siyasətinin danılmaz nəticə verdiyi sahə də var: NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıblar. CNN müəllifi bunun gələcəkdə daha güclü Qərb ittifaqının əsasını yarada biləcəyini qəbul edir.
Ancaq Kollinsonun gəldiyi nəticəyə görə, Tramp üçün əsas təhlükə İran müharibəsini öz şərtləri ilə başa çatdıra bilməməsinin onun bütün xarici siyasət modelinin zəif tərəflərini üzə çıxarmasıdır. Prezidentin ölkə daxilində populyarlığının azaldığı bir vaxtda müttəfiqlərlə qarşıdurmalar, rəqiblərlə nəticəsiz şəxsi diplomatiya və ardıcıl olmayan təhdidlər Vaşinqtonun xarici siyasətində daha geniş səriştəsizlik görüntüsü yarada bilər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ