İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampın saatı ilə Yaxın Şərqin saatı fərqlidir” - SENSASİON ssenari açıqlandı

ABŞ-İran arasında aparılan danışıqların taleyi yaxın iki gün ərzində müəyyənləşəcək. Bu istiqamətdə Ağ Ev sahibi Donald Trampın səsləndirdiyi son açıqlamalar dünya gündəminin əsas müzakirəsinə çevrilib. Artıq gözlər Hörmüz boğazı ilə bağlı veriləcək qərarlara çevrilib.

“Nəticələr 48 saat ərzində məlum olacaq”, - deyə Tramp Los-Ancelesdə jurnalistlərə açıqlamasında qeyd edib.

Məlumata görə, Vaşinqton bu gün İran və Omanla Hörmüz boğazının açılması ilə bağlı müvəqqəti razılaşmaların elan olunmasını planlaşdırır. Bu addım baş tutacağı təqdirdə, qlobal enerji bazarları və Yaxın Şərqdə təhlükəsizlik balansı baxımından mühüm dönüş nöqtəsi olacaq. İranla ABŞ arasında əldə olunacaq mümkün razılaşmanın bölgədə gərginliyi azaltması, eyni zamanda beynəlxalq neft bazarına təsir göstərməsi ehtimal edilir.

ABŞ-İran arasında yeni diplomatik səhifə açılır? Trampın 48 saatlıq mesajı Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcı sayıla bilərmi?

SEHLA SON.jpeg (147 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, ABŞ-İran müharibəsi başlamazdan, yəni 28 fevraldan öncə Hörmüz dünyanın ən çox istifadə olunan keçid məntəqələrindən biri idi:

“Buradan dünyanın enerji tranzitinin 20%-i həyata keçirilirdi. Bu, boğazdan gündəlik 138-140 gəminin keçməsi demək idi. Öncə İran, daha sonra ABŞ tərəfindən tətbiq olunan blokada bu həcmi xeyli dərəcədə azaltdı. CENTCOM-un açıqlamasına görə, son 3-4 ayda, yəni ABŞ-İran danışıqlarının başlanmasından bəri minədək gəmi ABŞ-nin dəstəyilə Hörmüz boğazından keçirilib. Lakin müharibədən əvvəlki vəziyyətlə müqayisə etsək, bu, 20 dəfə aşağı göstəricidir. Başqa sözlə, müharibədə ABŞ özünü nə qədər üstün göstərməyə çalışsa da, İranın hərbi gücü, Amerikan müttəfiqlərinə və hərbi bazalara vurduğu zərbələr, həmçinin regional proksi imkanları ilə digər mühüm keçid məntəqəsi olan Bab-əl-Məndəbdə bənzər vəziyyət yaratmağa çalışması tərəfləri yenidən danışıqlar masasına gətirdi. Təbii ki, İranın da bu danışıqlara ehtiyacı var. Çünki uzunmüddətli və hərtərəfli müharibə şəraitində nə qədər tab gətirəcəyi sual altındadır. Beləliklə, Səudiyyənin təzyiqi, region ölkələrinin vasitəçiliyi ilə ABŞ danışıqlara getməli oldu və artıq bu istiqamətdə mühüm mesajlar verilməkdədir. ABŞ Hörmüzdə İranın müharibədən öncəki, heç bir nəzarət olmadan keçid təminatını tələb edir. Lakin aydındır ki, müharibədən öncəki vəziyyətə geri dönüş olmayacaq. Odur ki, böyük ehtimalla Oman və İranın birgə nəzarət və keçid xidmətləri təşkil etdiyi ortaq mexanizm formalaşdırılacaq. Həmçinin suların minalardan təmizlənməsində beynəlxalq dəstək təmin oluna bilər. Lakin bütün bunlar real və dayanıqlı atəşkəs tələb edir. İsrail isə İranla ABŞ arasında davamlı atəşkəsdənsə davamlı müharibə şəraitinin qalmasında maraqlıdır. Odur ki, atəşkəs təmin olunsa belə, bir müddət sonra - nüvə danışıqlarına keçid dövründə proseslər yenidən nəzarətdən çıxa bilər. Başqa sözlə, ABŞ danışıqları bərpa etməkdə bir sıra amilləri - regionda hərbi qüvvələrini bərpa etmək və relokasiya üçün vaxt qazanmaq, yaxud qarşıdan gələn seçkilər dövrünü sakitliklə və qalibiyyətlə başa vurmaq və s. amilləri əsas götürə bilər. Başqa sözlə, Trampın saatı ilə “Yaxın Şərq saatı” bir-birindən daha fərqli ola bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR