Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan yeni hərbi əməliyyatı dayandırdığını açıqlayıb. O bildirib ki, İran və Yaxın Şərqdəki bir sıra ölkələrin diplomatik həll üçün vaxt istəməsindən sonra hücum planı təxirə salınıb. Trampın sözlərinə görə, tərəflər arasında mümkün razılaşmanın konturları formalaşıb və bu səbəbdən hərbi əməliyyatın həyata keçirilməməsinə qərar verilib.
Musavat.com-un xarici mediaya əsasən xəbərinə görə, Tramp sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, ABŞ ordusu hərbi əməliyyat keçirməyə tam hazır olsa da, region ölkələrinin müraciəti nəzərə alınaraq hücum planı dayandırılıb.
Onun sözlərinə görə, məqsəd qısa müddətdə razılaşma əldə etmək və bölgədə gərginliyin daha da artmasının qarşısını almaqdır.
ABŞ Prezidentinin sözlərinə görə, müzakirə olunan razılaşma Hörmüz boğazının tam şəkildə yenidən beynəlxalq gəmiçiliyə açılmasını və İranın nüvə proqramı ilə bağlı təhlükələrin aradan qaldırılmasını nəzərdə tutur.
Tramp həmçinin İsrailin də mümkün razılaşma prosesini dəstəklədiyini və danışıqlar davam etdiyi müddətdə yeni hücumların həyata keçirilməyəcəyini iddia edib. İran isə hələlik bu açıqlamalarla bağlı rəsmi mövqeyini açıqlamayıb.
Tramp vurğulayıb ki, diplomatik cəhdlər nəticə verməyəcəyi təqdirdə ABŞ bütün hərbi variantları masada saxlayacaq.
Bununla yanaşı, İran rəsmiləri ölkəyə qarşı istənilən yeni hücumun qəti cavab alacağını bəyan edərək, regiondakı enerji infrastrukturu və ABŞ-ın maraqlarına qarşı cavab tədbirləri görülə biləcəyi barədə xəbərdarlıq ediblər.
Musavat.com
02 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ