Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın paytaxtı Tehranın Kəhrizək bölgəsindən yayılan video görüntülər ölkədə baş verən hadisələrin miqyasını və rejimin etirazlara verdiyi cavabın nə qədər amansız olduğunu açıq şəkildə ortaya qoyur.
Sosial şəbəkələrdə və məhdud kanallar vasitəsilə yayılan kadrlarda küçələrdə uzadılmış çoxsaylı cəsədlər, qara torbalara bükülmüş meyitlər və onları tanımağa çalışan yaxınların ümidsiz görüntüləri əks olunur.
Mövcud məlumatlara görə, dekabrın 28-dən etibarən İranda başlayan etiraz aksiyaları ilkin mərhələdə sosial-iqtisadi xarakter daşıyıb. Milli valyutanın kəskin dəyər itirməsi, inflyasiyanın nəzarətdən çıxması, kiçik və orta sahibkarlığın çökməsi, əhalinin gündəlik dolanışıq imkanlarının məhdudlaşması etirazların əsas səbəbi olub. Xüsusilə bazar əsnafı və aşağı gəlirli təbəqələr küçələrə çıxaraq hökumətin iqtisadi siyasətinə etiraz ediblər.
Lakin qısa müddət ərzində aksiyalar Tehranla məhdudlaşmayaraq bütün İranı əhatə edib və getdikcə açıq siyasi məzmun almağa başlayıb. Etirazçıların şüarları artıq yalnız iqtisadi tələblərlə kifayətlənməyib, birbaşa rejimə, ali dini rəhbərliyə və ölkənin idarəetmə modelinə yönəlib.
Bu mərhələdən sonra İran hakimiyyəti, xüsusilə SEPAH qüvvələri, etirazlara qarşı sərt və silahlı müdaxilə həyata keçirib. Daxil olan məlumatlara görə, yalnız Tehran və ona bağlı ərazilərdə ölənlərin sayı 500 nəfəri keçib. Ölkə üzrə real itki sayını müəyyənləşdirmək isə mümkün deyil, çünki İran hakimiyyəti interneti faktiki olaraq kəsib və informasiya axınını tam nəzarət altına alıb.
Buna baxmayaraq, Musavat.com redaksiyasına Tehrandan ötürülən video materiallar hadisələrin miqyasını açıq göstərir. Kadrlarda görünür ki, cəsədlərin əksəriyyəti qara torbalara yerləşdirilərək küçələrə düzülüb, yaxınları isə onların arasında öz doğmalarını tanımağa çalışır. Hadisə yerində toplaşan insanlar şok və vahimə içindədir.
Bu görüntülər fonunda İran prezidenti Məsud Pezeşkian xalqa müraciət edərək insanları küçələrə çıxmamağa çağırıb. Maraqlıdır ki, bundan əvvəl Pezeşkian etiraz edən vətəndaşların sosial-iqtisadi baxımdan haqlı olduğunu etiraf edən açıqlamalar vermişdi. Lakin sonrakı mərhələdə ölkənin ali dini rəhbərliyi çıxış edərək baş verən aksiyalarda “xarici qüvvələri” ittiham edib və etirazları ABŞ və İsrail mərkəzli plan kimi təqdim etməyə çalışıb.
İran rəhbərliyinin bu ritorikası ölkədə illərdir davam edən uğursuz siyasi və iqtisadi idarəetmənin, sosial ədalətsizliyin və əhalinin yoxsullaşmasının üstünü örtmək cəhdi kimi qiymətləndirilir. Faktiki vəziyyət isə göstərir ki, İran əhalisi dərin sosial-iqtisadi böhran içindədir və etirazların əsas səbəbi də məhz daxili problemlərdir.

Dünyanın müxtəlif ölkələrindən İran xalqına dəstək bəyanatları səslənsə də, real müdaxilə mexanizmləri yoxdur. Nəticədə küçələrə çıxan da İran xalqıdır, gülləbaran edilən də, həyatını itirən də elə həmin xalqdır.
Musavat.com 40 milyondan artıq azərbaycanlının yaşadığı İranda, xüsusilə təxminən 6 milyon azərbaycanlının məskunlaşdığı Tehran şəhərində baş verən bu hadisələrdən dərin narahatlığını bildirir, həlak olanların ailələrinə başsağlığı verir və bölgədə vəziyyətin daha da ağırlaşa biləcəyini istisna etmir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ