Onlayn ictimai-siyasi qəzet
İranın neft naziri Möhsün Paknejad vəzifəsindən istefa verib.
Musavat.com xəbər verir ki, Prezident Məsud Pezeşkian onun istefasını qəbul edib.
İran Prezident Administrasiyasının kommunikasiya və informasiya məsələləri üzrə rəsmisi Seyid Mehdi Təbatəbai Paknejadın şəxsi səbəblərə görə vəzifədən ayrılmaq istədiyini açıqlayıb.
Məlumata görə, Paknejad istefa ərizəsini daha əvvəl təqdim etsə də, Prezident Məsud Pezeşkian həmin vaxt onun istefasını qəbul etməyib. Nazir sonradan qərarında israr etdiyindən Pezeşkian istefanı qəbul edib.
Prezidentin sərəncamı ilə İran Milli Neft Şirkətinin baş direktoru və neft nazirinin müavini Həmid Bovard neft nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunub.
Rəsmi Tehran istefanın səbəbini şəxsi məsələlərlə izah etsə də, İran mediasında Paknejadın gedişinin arxasında bir neçə ciddi problemin dayana biləcəyi müzakirə olunur.
Əsas məqamlardan biri İran neftinin sanksiyalardan yayınmaq üçün “trasti” adlandırılan vasitəçilər üzərindən satılması və satılmış neftin pullarının geri qaytarılması ilə bağlı yaranmış mübahisələrdir. İran parlamentində Paknejadın dövründə belə vasitəçilərin sayının artdığı, bəzi neft gəlirlərinin ölkəyə qaytarılmadığı barədə iddialar səsləndirilib. Hətta onun impiçmentinin gündəmə gətirilə biləcəyi bildirilmişdi.
İstefadan bir gün əvvəl deputat Hadi Qəvami vasitəçilərdən biri ilə əlaqəli 700 milyon dollar neft pulunun geri qaytarılmadığını iddia edib. Paknejad isə istefadan əvvəl satılmış neftin pullarının yığılmasının davam etdiyini bildirmişdi.
Digər mühüm məsələ Paknejadla Fars Körfəzi Neft-Kimya Sənayesi Holdinqinin rəhbəri Məhəmməd Şəriətmədari arasında yaranmış idarəçilik mübahisəsidir. İran mediasında yayılan məlumatlara görə, Paknejad Şəriətmədarinin dəyişdirilməsini istəyib, lakin bu məsələ ilə bağlı hökumət daxilində fikir ayrılığı yaranıb. Hətta daha əvvəl bu qarşıdurma fonunda Paknejadın istefa verə biləcəyi barədə xəbərlər yayılmışdı.
Bundan başqa, neft və qaz sektorundakı idarəçilik, qaz yataqlarında təzyiqin azalması və hasilatın gələcəyi ilə bağlı məsələlər də Paknejad üzərində parlament təzyiqini artırmışdı.
2025-ci ilin martında ABŞ Maliyyə Nazirliyi Paknejada qarşı sanksiya tətbiq etmişdi.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ