İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Budaqov YAP aparatında fəaliyyətini davam etdirir

Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Yeni Azərbaycan Partiyasının sədrinin müavini vəzifəsində və partiyanın aparat rəhbəri postunda fəaliyyətini davam etdirir. Onun ən azından YAP-ın gələn ay keçiriləcəyi deyilən qurultayına qədər bu vəzifələrini davam etdirəcəyi bildirilir.

Musavat.com xəbər verir ki, Tahir Budaqov bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

YAP-ın mərkəzi qərargahında baş tutan görüşdə Azərbaycan ilə Türkiyə arasındakı bütün dünyaya nümunə olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti nəticəsində uğurla inkişaf edərək keyfiyyətcə yeni mərhələyə - strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb.

2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin ardıcıl olaraq yerinə yetirilməsinin istər ikitərəfli əlaqələrin, istərsə də regionda çoxşaxəli işbirliyinin genişləndirilməsi kontekstində önəmi diqqətə çatdırılıb. Müstəqil, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan siyasət həyata keçirərək dünyada söz və nüfuz sahibinə çevrilən iki müttəfiq dövlətin qlobal miqyasda bir-birini fəal şəkildə dəstəkləməsinin ortaq strateji hədəflərin gerçəkləşdirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd olunub. Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasından sonra regionda yeni reallıqların yarandığı, bu tarixi mərhələnin ölkələrimiz və hər iki hakim partiya üçün milli prioritetlərdən irəli gələn mühüm vəzifələr müəyyənləşdirdiyi vurğulanıb. Görüşdə Türk dövlətləri, o cümlədən etibarlı strateji müttəfiqlər olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin inkişafı xüsusunda partiyalararası əlaqələrin gücləndirilməsinin zəruriliyi də vurğulanıb.
Kürşad Zorlu YAP nümayəndələrini cari ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan Türk Dünyası Birinci Siyasət Forumuna dəvət edib.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR