İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvətlərini yeraltında gizlədəcəklər: 99 il müddətinə...

İsveçrənin Brünig dağlarında dünyanın ən varlı insanları üçün nəzərdə tutulan lüks yeraltı kompleks inşa edilir. Lungern kəndi yaxınlığında yaradılacaq Brünig Mega Safe adlı obyekt mümkün müharibə, təbii fəlakət və qlobal böhranlar zamanı təhlükəsiz sığınacaq kimi istifadə olunacaq.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, kompleksin ilk tikinti işlərinə 2026-cı ilin əvvəlində başlanılıb. İlk mərhələnin təxminən iki il davam edəcəyi gözlənilir. Tesisin dağın 100 metrdən çox dərinliyində yerləşdirilməsi planlaşdırılır.

Təxminən 20 xüsusi bölmədən ibarət olacaq kompleks üçün başlanğıc qiymətinin 500 min İsveçrə frankı olması gözlənilir. Burada sənət əsərləri, nadir şərablar, lüks avtomobillər, qiymətli metallar və digər dəyərli əşyaların saxlanılması mümkün olacaq.

Dağın təbii quruluşundan istifadə ediləcəyi üçün kompleksin daxilində temperaturun təxminən 13 dərəcə səviyyəsində sabit qalacağı bildirilir.

Sadəcə əşyaların saxlanılması ilə məhdudlaşmayacaq

Layihənin sonrakı mərhələlərində yeraltında xüsusi yaşayış sahələri, toplantı otaqları və idarəetmə bölmələrinin yaradılması planlaşdırılır.

Çoxpilləli təhlükəsizlik sistemi ilə qorunacağı bildirilən kompleks böyükmiqyaslı böhranlar zamanı sahiblərinin xarici dünyadan təcrid olunmuş şəkildə burada qalmasına imkan verəcək.

99 illiyinə icarəyə veriləcək

Müştərilərə xüsusi bölmələri 99 illik müddətə icarəyə götürmək imkanı təqdim ediləcək.

Beləliklə, Brünig Mega Safe yalnız qiymətli əşyaların qorunması üçün nəzərdə tutulan yüksək təhlükəsizlikli anbar deyil, həm də mümkün qlobal böhranlar zamanı istifadə edilə biləcək yeraltı lüks yaşayış kompleksi olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR