İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürgündən İrana… - İnqilabın liderinin ilginc hekayəsi

24 sentyabr 1902-ci ildə İranın kiçik Xomeyn şəhərində dünyaya gələn Ruhullah Musəvi Xomeyninin həyatını yalnız siyasətlə izah etmək mümkün deyil. O, sonradan İran monarxiyasını devirəcək, İslam Respublikasının əsasını qoyacaq və ölkənin siyasi sistemini kökündən dəyişəcəkdi. Ancaq bütün bunlardan əvvəl o, atasını erkən yaşda itirən bir uşaq, dini təhsil alan gənc və altı övlad atası idi. Onun həyatının ən maraqlı tərəfi də məhz bu iki fərqli dünyanın -sakit ailə həyatının və böyük siyasi mübarizənin bir insanın taleyində necə birləşməsidir.

Xomeyninin uşaqlığı faciə ilə başladı. Atası Seyid Mustafa dini alim idi və Ruhullah hələ körpə ikən öldü. O, ailəsinin himayəsində böyüdü və çox erkən yaşlarından dini təhsilə yönəldi. Yeddi yaşında Quranı əzbərləmişdi. Sonrakı illərdə ərəb dili, fiqh, fəlsəfə və digər dini elmləri öyrəndi. Gəncliyinin böyük hissəsini dini təhsil və müəllimlik təşkil edirdi. Onun gələcəkdə milyonlarla insanın qarşısında çıxış edən inqilab liderinə çevriləcəyini həmin illərdə təsəvvür etmək çətin idi. Xomeyni daha çox özünə qapanıq, ciddi və elmə bağlı bir gənc kimi tanınırdı.

İslam dünyasının xarakterini dəyişən adam: Ruhullah Xomeyni » Ovqat.com

Xomeyninin şəxsi həyatında ən mühüm insanlardan biri həyat yoldaşı Xədicə Səqəfi idi. Xədicə tanınmış din xadimi Məhəmməd Səqəfinin qızı idi. Bu evlilik Xomeyninin həyatında uzun illər davam edən ailə yolunun başlanğıcı oldu. Cütlüyün altı övladı-üç oğlu və üç qızı dünyaya gəldi. Oğullarından Əli körpə ikən vəfat etdi. Mustafa və Əhməd isə sonralar atasının həyatında xüsusi rol oynadılar.
Xomeyninin həyat yoldaşına münasibətini göstərən maraqlı bir detal da onun 1932-ci ildə Məkkəyə Həcc ziyarətinə gedərkən yazdığı məktubdur.

Həmin məktubda həyat yoldaşına olan həsrətini ifadə edir, onun üzünün ürəyində olduğunu yazır, oğlu Mustafa üçün darıxdığını bildirir və dünyaya gələcək övladlarını səbirsizliklə gözlədiyini qeyd edirdi. Siyasi tarixdə sərt ritorikası ilə tanınan Xomeyninin bu məktubdakı ailə bağlılığı onun daha fərqli tərəfini göstərir. Xomeyninin böyük oğlu Mustafa atasının ən yaxın adamlarından birinə çevrildi. O, atasının sürgün illərinin mühüm hissəsində onun yanında oldu. Əhməd isə xüsusilə sonrakı illərdə atasının ən yaxın köməkçisi və sirdaşı kimi tanındı. Xomeyni uzun illər ailəsindən uzaqda yaşamalı oldu. Siyasi fəaliyyəti gücləndikcə ailə həyatı da adi ailələrin həyatından fərqlənməyə başladı. Onun üçün ev artıq yalnız ailə qurulan yer deyildi. Bir müddət sonra həmin evlər siyasi görüşlərin keçirildiyi, xəbərlərin alındığı və qərarların müzakirə edildiyi məkanlara çevrildi.

Nur-az.com - Sadə həyat tərzi İmam Xomeyninin (r) nəzərində

1964-cü ildə şah rejiminə qarşı sərt çıxışlarından sonra Xomeyni İrandan sürgün edildi. Əvvəlcə Türkiyəyə göndərildi, daha sonra İraqın Nəcəf şəhərinə köçdü. Bu, onun həyatının ən uzun mərhələlərindən birinə çevrildi. Təxminən 15 il ölkəsindən kənarda yaşadı. Türkiyədə olduğu müddətdə əsasən dini əsərlər üzərində çalışırdı. 1965-ci ildə oğlu Mustafa da onun yanına gəldi. Daha sonra Nəcəf Xomeyninin əsas fəaliyyət mərkəzinə çevrildi.
Buradan İrandakı tərəfdarları ilə əlaqə saxlayır, çıxışlar edir və gələcəkdə İslam Respublikasının ideoloji əsaslarından birinə çevriləcək “vilayəti-fəqih” konsepsiyasını inkişaf etdirirdi. Lakin sürgünün şəxsi tərəfi daha ağır idi. Xomeyni ölkəsindən, yaxınlarının bir hissəsindən və adi ailə həyatından uzaqda idi. 1978-ci ildə İraq Xomeyninin ölkədən çıxmasını tələb etdikdən sonra onun qarşısında yeni seçim yarandı. Küveytə getməsinə icazə verilmədi və nəhayət Fransaya yollandı. Paris yaxınlığındakı Neof-le-Şato adlı kiçik yaşayış məntəqəsində məskunlaşdı. Burada böyük sarayda və ya siyasi mərkəzdə deyil, adi və kiçik bir evdə yaşayırdı. Yolun qarşı tərəfində isə görüşlər keçirmək üçün istifadə olunan başqa bir bina vardı. Amma həmin kiçik ev qısa müddətdə dünyanın diqqət mərkəzinə çevrildi. İrandan gələn xəbərlər, jurnalistlər, siyasi fəallar və tərəfdarlar Xomeyninin ətrafına toplaşırdı. Dünya mediasının nümayəndələri onunla görüşmək üçün növbə gözləyirdi.

Xomeyni isə həmin evdən İrandakı tərəfdarlarına mesajlar göndərir, ölkənin gələcəyi ilə bağlı çağırışlar edirdi. Onun yanında oğlu Əhməd də vardı. Beləliklə, bir ata və oğul Parisin kənarındakı kiçik bir evdə oturaraq İran tarixinin ən böyük siyasi dəyişikliklərindən birinin mərkəzində dayanmışdılar. 1979-cu ilin yanvarında şah Məhəmməd Rza Pəhləvi İranı tərk etdi. Xomeyni üçün isə sürgünün sonu yaxınlaşırdı. 31 yanvar 1979-cu ildə, təxminən 15 illik sürgündən sonra Xomeyni İrana qayıtdı. O zaman 76 yaşı vardı. Tehranda onu milyonlarla insan qarşıladı. Aeroportdan şəhərə doğru hərəkət edən avtomobil karvanının qarşısına çıxan insan seli onun qayıdışını adi siyasi hadisədən daha böyük bir mənzərəyə çevirmişdi. O, əvvəl avtomobillə, daha sonra helikopterlə inqilab zamanı həlak olanların dəfn edildiyi Beheşt-e Zəhra qəbiristanlığına getdi və burada çıxış etdi. Bir neçə gün sonra şah rejiminin qalıqları da süqut etdi.

İranın Ali Dini Lideri Əli Xamenei kim idi? - BBC News Azərbaycanca

Xomeyni hakimiyyətə gəldikdən sonra İranın dövlət quruluşu kökündən dəyişdi. Monarxiya ləğv edildi, referendum keçirildi və İran İslam Respublikası elan olundu. Yeni Konstitusiyada “vilayəti-fəqih” prinsipi dövlət sisteminin əsas elementlərindən birinə çevrildi. Onun rəhbərliyi dövründə yoxsullara yardım və sosial layihələr üçün “Müstəzəflər Fondu” yaradıldı. Kəndlərin inkişafına yönəlmiş “Yenidənqurma cihadı” vasitəsilə kəndlərə yolların çəkilməsi, elektrik və içməli su infrastrukturunun yaradılması, məktəblərin və digər obyektlərin tikintisi həyata keçirildi. Xarici siyasətdə isə İranın xətti tamamilə dəyişdi. İsraillə münasibətlər kəsildi, Fələstin məsələsi İranın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və Qüds Günü təsis edildi.

Xomeyninin hakimiyyəti yalnız inqilabın qələbəsi və yeni dövlətin qurulması ilə yadda qalmadı. İnqilabdan sonra keçmiş rejimin bir sıra yüksək vəzifəli şəxsləri edam edildi, siyasi qarşıdurmalar kəskinləşdi və İran-İraq müharibəsi ölkəni uzun illər ağır sınaq qarşısında qoydu. 1980-ci ildə başlayan müharibə Xomeyninin rəhbərliyinin ən ağır dövrü oldu. O, müharibənin davam etdirilməsinin tərəfdarı idi və münaqişə illərində İran cəmiyyətini müqavimət göstərməyə çağırırdı. Müharibə 1988-ci ildə başa çatdı.

Ruhulla Xomeyninin xəstəxanada son günləri - AzPost.info

Xomeyni həyatının son illərini Tehranın Cəməran məhəlləsindəki sadə evdə keçirdi. Böyük dövlətin ən yüksək siyasi lideri olmasına baxmayaraq, onun şəxsi yaşayış məkanı təmtəraqlı saraydan çox uzaq idi. Oğlu Əhməd son illərdə də onun yanında idi. 1989-cu il iyunun 3-də Ruhullah Xomeyni vəfat etdi. Onun ölümü İranda böyük izdihamla müşayiət olundu. Cənazə mərasiminə toplaşan insanların sayı o qədər çox idi ki, dəfn prosesi zamanı ciddi çətinliklər yarandı. Sonradan onun üçün böyük məqbərə kompleksi inşa edildi. Həyat yoldaşı Xədicə Səqəfi isə 2009-cu ildə vəfat etdi və Xomeyninin yanında dəfn olundu.
Ruhullah Xomeyninin hekayəsi belə başa çatdı: Xomeyn adlı kiçik şəhərdə atasını erkən itirən bir uşaq böyüdü, dini alim oldu, ailə qurdu, altı övlad sahibi oldu, həyat yoldaşından və övladlarından uzun illər ayrı yaşadı, Türkiyəyə, İraqa və Fransaya sürgün edildi.

Paris yaxınlığındakı kiçik bir evdən ölkəsində baş verən hadisələri izləyən 76 yaşlı bu adam isə bir neçə ay sonra İrana qayıdaraq monarxiyanı devirən inqilabın liderinə çevrildi. Onun şəxsi həyatı ilə siyasi həyatı arasında qəribə bir ziddiyyət vardı. Ailə məktublarında həyat yoldaşına və övladlarına həsrətini yazan sakit bir ata, siyasi səhnədə isə milyonlarla insanı arxasınca aparan sərt inqilab lideri idi. Məhz bu iki fərqli Xomeyninin bir həyatın içində birləşməsi onun bioqrafiyasını İran tarixinin ən maraqlı hekayələrindən birinə çevirir.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR