İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK QƏRAR: Qırğızıstan Rusiyaya görə CƏZALANDIRILIR

Avropa İttifaqı (Aİ) Rusiyaya kömək göstərdiyinə görə postsovet məkanına daxil olan ölkələrdən birinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Musavat.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Qırğızıstan Rusiyaya yardım etdiyinə görə Avropa sanksiyalarına məruz qala biləcək ilk keçmiş sovet respublikası ola bilər.

Agentliyin məlumatına görə, Qırğızıstana qarşı mümkün tədbirlər Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hazırlanmaqda olan 20-ci sanksiya paketi çərçivəsində müzakirə edilir.

Agentliyin mənbələri bildirir ki, sanksiyalardan yayınmaya qarşı mexanizmlər ilk dəfə Avrasiya İqtisadi Birliyinin (AİB) və Kremlin rəhbərlik etdiyi KTMT hərbi blokunun üzvü olan Orta Asiya ölkəsinə tətbiq oluna bilər. Xüsusilə, Qırğızıstana dəzgahlar və radioelektron avadanlıqların ixracının qadağan edilməsi planlaşdırılır.

Müharibə başlayandan sonra Qırğızıstan Avropadan Rusiyaya göndərilən sanksiyalı mallar üçün əsas tranzit və ticarət mərkəzinə çevrilib. Brookings İnstitutunun hesablamalarına əsasən, Estoniyadan Qırğızıstana ixrac 10 min faiz, Finlandiyadan 3 100 faiz, Polşa və Yunanıstandan müvafiq olaraq 2 200 və 2 100 faiz, Norveç, Böyük Britaniya, Almaniya və Çexiyadan isə 1 000 faizdən çox artıb. İnstitutun iqtisadçısı Robin Bruks qeyd edib ki, “Qırğızıstan sonda Avropa ixracının Rusiyaya çatdığı əsas məntəqəyə çevrilib”.

Keçən il Qırğızıstanda “Grinex” kriptovalyuta birjası fəaliyyətə başlayıb. Birjada yeganə ticarət edilən valyuta rublla əlaqəli A7A5 stabilkoinidir. Müdafiə sektoru ilə əlaqəli Promsvyazbank və moldovalı bankir İlya Şor tərəfindən buraxılan A7A5 sanksiyalar şəraitində sərhədlərarası ödənişlər üçün alətə çevrilib. 2026-cı ilin əvvəlinə qədər bu stabilkoinin dövriyyəsinin 100 milyard dollara çatdığı bildirilir.

“Bloomberg” mənbələrinin məlumatına görə, yeni Avropa sanksiya paketinə mövcud məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilən Rusiya bankları, neft şirkətləri, kriptovalyuta xidmətləri, eləcə də üçüncü ölkələrdə fəaliyyət göstərən maliyyə qurumlarına qarşı əlavə tədbirlər də daxil edilə bilər.

Bundan başqa, Avropa İttifaqında Rusiya neftinin dəniz yolu ilə daşınmasının tam qadağan edilməsi də müzakirə olunur. Bu addım Avropa şirkətlərinə neftin qiyməti müəyyən həddən aşağı olduqda Rusiyadan daşınma və sığortalama imkanı verən “qiymət tavanı” mexanizmini əvəz edə bilər. Bildirilir ki, fevralın 1-dən etibarən həmin qiymət tavanı bir barel üçün 44,1 dollar səviyyəsində müəyyən olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR