Onlayn ictimai-siyasi qəzet
Ayətullah Əli Sistaninin Xameneinin öldürülməsindən sonra gözlənildiyi kimi “cihad” elan etməməsi regionda ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, politoloq Asif Nərimanlı bu mövqenin təsadüfi olmadığını və arxasında dərin siyasi-ideoloji səbəblərin dayandığını qeyd edir.
Nərimanlının təhlilinə görə, Sistani İranla formal həmrəylik nümayiş etdirməklə kifayətlənib və İraqın hərbi toqquşmaya sürüklənməsinin tərəfdarı olmadığını bir daha göstərib. Bu, yalnız İraqın mümkün məğlubiyyət qorxusundan qaynaqlanmır. Burada iki əsas faktor ön plana çıxır.
Birinci səbəb Sistaninin ideoloji mövqeyi ilə bağlıdır. O, şiə alimi olsa da, ərəb dini-siyasi ənənəsinə söykənən Nəcəf məktəbinin nümayəndəsidir və Ruhullah Xomeyni tərəfindən formalaşdırılmış “Vilayəti-Fəqih” modelinin regiona ixrac edilən siyasi-dini xəttini qəbul etmir. Nəcəf məktəbi ilə Qum məktəbi arasında uzun illərdir davam edən bu ideoloji fərq, əslində, İranın teokratik dövlət modelinə alternativ yanaşmadır.

İkinci mühüm məqam isə “Vilayəti-Fəqih” ideologiyasının siyasi idarəçilik formasına münasibətdir. Sistani dini rəhbərin birbaşa siyasi hakimiyyətə sahib olmasını doğru saymır. Bu baxımdan Əli Xameneinin ölümündən sonra İran mərkəzli teokratik modelin zəifləməsi Nəcəf üçün müəyyən imkanlar yarada bilər.
Asif Nərimanlı qeyd edir ki, tarixən İran daxilində “Vilayəti-Fəqih” modelinə qarşı çıxan din xadimləri ciddi təzyiqlərlə üzləşib. Məhəmməd Kazım Şəriətmədarinin təcrid olunması, Əbülqasim Xoyinin sürgün həyatı və 2003-cü ildə Xoyinin oğlu Əbdülməcid Xoyinin İraqda qətlə yetirilməsi bu xəttin nəticələri kimi xatırladılır. Həmin hadisələr uzun illər Nəcəf dini dairələri üçün xəbərdarlıq rolunu oynayıb və Sistaninin açıq qarşıdurmadan yayınmasına səbəb olub.

Politoloqun fikrincə, Xameneinin ölümü və İran daxilində mərkəzləşmiş dini-siyasi sistemin zəifləməsi Sistani üçün yeni manevr imkanları açır. Bu vəziyyət İraqda İran təsirinin azaldılması və Nəcəf-Kərbəla dini mərkəzlərinin Tehran yönlü siyasi ambisiyalardan uzaqlaşdırılması baxımından mühüm mərhələ ola bilər.
Beləliklə, Sistaninin “cihad” elan etməməsi emosional deyil, strateji qərardır. Bu mövqe həm İraqın müharibədən kənarda saxlanmasına xidmət edir, həm də uzunmüddətli perspektivdə Nəcəf dini məktəbinin müstəqilliyini gücləndirməyə hesablanıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ