İnsanlara hürriyət, millətlərə istiqlal!

Serb qaçqının prezident oğlu - Vuçiç kimdir...

Hündür boyu səbəbindən hamıya yuxarıdan aşağı baxan keçmiş basketbolçu özünü jurnalistikada da sınayıb - prezidentliyə gedən çətin yol

Yuqoslaviya parçalandıqdan sonra onun varisi Serbiya və Çernoqoriya oldu. Lakin sonra ikinci də müstəqilliyinə qovuşdu və indi Monteneqro olaraq turizm ölkələrindən biri kimi tanınır. Odur ki, Serbiya Yuqoslaviyanın yeganə varisi sayıla bilər, eynilə SSRİ-nin süqutundan sonra Rusiya kimi...

Serbiya 2006-cı ildən təsis olunub, yəni Çernoqoriya ilə ayrıldıqdan sonra. Bu ölkənin Boris Tadiç, Tomislav Nikoliç kimi liderləri olub. Lakin heç birinin prezidentliyi dövründə Azərbaycanla Serbiya münasibətləri xüsusi inkişafda olmayıb. Aleksandr Vuçiç isə 2017-ci ildə prezident olduqdan sonra Bakı-Belqrad əlaqələri son 9 ildə sürətlə irəlilədi. Bəli, keçmiş basketbolçunun boyundan hündürə tullanan praqmatik siyasəti münasibətlərimizdə böyük səhifə açdı.

Siyasətçinin boy-buxunlu olması vacib göstəricidir. Bu, onun liderliyinə xüsusi xarizma qazandırır. Vuçiç bəlkə də dünənə qədər dünyanın ən ucaboy prezidenti idi, əgər vaxtından erkən istefa verməsəydi.

Euromedia24.com | Vucich has announced the secret talks of the world  leaders and Putin

Qəssab Miloşeviçin naziri, media düşməni

Bəli, dünyada futbolçu, aktyor, jurnalist, həkim prezidentlər var, basketbolçu olmuş prezident isə yəqin ki, yalnız Vuçiçdir. Amma ötən həftələrdə onun istefa verməsi Bakıda suallar doğurdu - Azərbaycanın dostu getdikdən sonra Serbiya ilə əlaqələr hansı səviyyədə olacaq? Bəs Azərbaycan Prezidenti ilə dost olan Vuçiç kimdir - bu dəfə “Persona”da ən hündür prezidentin hekayəsini təqdim edirik...

Aleksandar Vuçiç 5 mart 1970-ci ildə Belqradda anadan olub. Vuçiç 1993-cü ildə Serbiya Radikal Partiyasına qoşulub və 1993-cü il parlament seçkilərindən sonra Serbiya parlamentinin üzvü olub. İki il sonra 24 yaşında Serbiya Radikal Partiyasının baş katibi olub. 1998-ci ilin mart ayında Mirko Maryanoviçin hökumətində rabitə naziri təyin edilib və 1998-ci ildən 2000-ci ilə qədər rabitə naziri vəzifəsində çalışıb.

2004 və 2008-ci illərdə iki dəfə Belqrad meri vəzifəsinə namizədliyini irəli sürüb və uduzub. 27 iyul 2012-ci ildə Vuçiç Serbiya baş nazirinin birinci müavini təyin edilib. O, 2012-ci ildən 2013-cü ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. 27 aprel 2014-cü ildə Koalisiya Protokoluna uyğun olaraq İvitsa Daçiçi əvəz edərək Serbiyanın baş naziri olub. Vuçiç 2014-cü ildən 2016-cı ilə qədər və yenidən 2016-cı ildən 2017-ci ilə qədər Serbiyanın baş naziri vəzifəsində çalışıb. 2017-ci ilin aprel ayında Vuçiç birinci turda 55%-dən çox səslə Serbiyanın prezidenti seçilib və bununla da ikinci turun keçirilməsinə ehtiyac qalmayıb.

Slobodan Miloşeviçin (hərbi cinayətlərə görə beynəlxalq tribunal tərəfindən ittiham olunan ilk dövlət başçısı) kabinetində rabitə naziri kimi, xüsusilə Kosovo müharibəsi zamanı jurnalistlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Mətbuatı sıxışdırmasına görə çox tənqid olunub. Hərçənd özü və ailəsi jurnalistika ilə bağlıdır. Bu haqda az sonra...

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

 

Basketbolçu, jurnalist və iki evlilik

“Buldozer inqilabı”ndan sonrakı dövrdə Vuçiç müxalifətin ən vacib simalarından biri idi. 2008-ci ildə yeni partiyanın təsis edilməsindən bəri, o, orijinal ifrat sağçı və sərt avroskeptik platformasından avropapərəst, mühafizəkar və populist siyasi mövqelərə keçib. Yəni keçmiş radikal ideologiyasından uzaqlaşaraq Qərb və Avropa İttifaqı ilə inteqrasiya xəttini seçib.

Tomislav Nikoliç ilə birlikdə mühafizəkar-populist Serbiya Tərəqqi Partiyasını (SNS) təsis edib və 2012-2023-cü illərdə bu partiyanın lideri olub. Tərəfdarları onu Serbiyanı iqtisadi böhrandan xilas edən və bölgədə sabitliyi qoruyan praqmatik lider kimi görsələr də, müxalifət onu ölkədə avtokratik idarəetmə qurmaqda, media azadlığını boğmaqda ittiham ediblər.

Şəxsi keyfiyyətləri sırasında həmişə ucaboy olması xüsusi qeyd edilib. Vuçiçin boyu 199 sm-dir və gənclik illərində müxtəlif basketbol komandalarında oynayıb. Albaniyanın baş naziri Edi Rama 2 metr 2 sm boyu ilə birinci sırada yer alıb. Amma onun baş nazir olduğunu nəzərə alsaq, Vuçiç dünənə qədər dünyanın ən hündür prezidenti sayıla bilər. Tələbəlik illərindən sonra bir müddət İngiltərənin Brayton şəhərində ingilis dilini öyrənib, Londonda işləyib. Yuqoslaviyaya qayıtdıqdan sonra Bosniya və Herseqovinanın Pale şəhərində jurnalist kimi fəaliyyət göstərib.

Aleksandar Vuçiç iki dəfə ailə həyatı qurub. İlk evliliyi Ksenija Vuçiç (1997-2011) ilə olub. Bu nikahdan Danilo və Milica adlı iki övladı var. 2013-cü ildə Tamara Vuçiçlə (Cukanoviç) evlənib və ondan Vukan adlı bir oğlu dünyaya gəlib. O, serb dili ilə yanaşı, ingilis və rus dillərini mükəmməl bilir. İdmana, xüsusilə şahmata, futbol və basketbola böyük marağı var.

Vuçiç istefa verəcək - Unikal.az

NATO-nun bombardmanı - ana və balanın xilası

Vuçiçin hər iki valideyni iqtisadiyyat üzrə ali təhsil alsa da, təkcə atası Anceliko Vuçiç ixtisası üzrə işləyib. Anası Angelina Milovanova ömrünün sonuna qədər jurnalist fəaliyyəti ilə məşğul olub. 1999-cu il aprelin 23-də NATO qoşunları televiziya mərkəzini bombardman edəndə Angelina möcüzə nəticəsində sağ qala bilib. Yeri gəlmişkən, həmin gün Aleksandr Vuçiç də az qala həyatını itirəcəkmiş. O vaxt informasiya naziri postunu tutan Vuçiç xarici jurnalistlərə müsahibə vermək üçün televiziya mərkəzinə gedirmiş, lakin hansısa səbəbdən yolda ləngiməli olub.

Qeyd edək ki, Aleksandr və qardaşı Andrey əmin-amanlıq dövründə, yəni keçmiş Yuqoslaviyada dünyaya gəliblər. Ailə Balkanlarda yaşanan etnik münaqişənin faciəsindən kifayət qədər xəbərdar idi. İkinci Dünya müharibəsi zamanı Aleksandrın həmin vaxt Bosniyada yaşayan ata babası ustaşlar - radikal xorvat millətçiləri tərəfindən qətlə yetirilib.

Vuçiç ailəsinin onlarla üzvü ustaşların zorakı əməllərinin qurbanı olub. Onların bir hissəsi böyük çətinliklə sağ qalıb və sonradan Belqrad yaxınlığında məskunlaşıb. Elə buna görədir ki, Aleksandr Vuçiç dəfələrlə özünü “serb qaçqınlarının oğlu” adlandırıb.

Gələcək prezident məktəbdə yaxşı oxuyub və qiymətlərinin demək olar ki, hamısı “əla” olub. Məktəbi bitirəndən sonra Belqrad Universitetinin hüquq fakültəsinə qəbul olunub və orada da nümunəvi tələbə kimi seçilib. Diplomunu alandan sonra ingilis dilini təkmilləşdirmək üçün Britaniyaya yollanıb. Sonradan uzun müddət Londonda menecer kimi fəaliyyət göstərib.

90-cı illərin əvvəllərində savaşda ələ keçirilmiş Sarayevodan hazırladığı reportaj, həmçinin Bosniya serblərinin keçmiş lideri Radovan Kardziç və Radko Mladiçlə (Haaqa tribunalı tərəfindən hərbi cinayətlərdə ittiham olunaraq 40 il həbs cəzası alan) müsahibələr Vuçiçi məşhurlaşdırır. 23 yaşında Aleksandr Vuçiç özünü tamamilə siyasətə bağlayır. Voislav Şeşelin Serb Radikal Partiyasına qoşulur. Partiya keçmiş Yuqoslaviyanın bütün torpaqlarının “Qüdrətli Serbiya” adı altında birləşdirilməsi və serblərin böyük paya sahib olması təklifi ilə çıxış edirdi.

30 kvadratlıq ev, yoxsul prezident?

Onun şəxsi həyatına bir daha qayıtdıqda - Aleksandr Kseniya ilə boşanandan iki il sonra - 2013-cü ildə özündən 11 yaş kiçik xanımla - Serbiya Xarici İşlər Nazirliyinin müşaviri Tamara Cukanoviçlə ailə qurub. Dörd il sonra cütlüyün Vukan adlı oğlu dünyaya gəlib. Həmin vaxt bu barədə Vuçiç özü sosial şəbəkədə məlumat vermişdi.

Serbiyanın birinci xanımı haqda isə məlumat çox deyil. O, Loznitsa şəhərində anadan olub. Məktəbi başa vurandan sonra Belqrad Universitetinin filologiya fakültəsinə daxil olub. Lakin sonra təhsilini politologiya üzrə davam etdirməyə qərar verib. Həmçinin Diplomatiya Akademiyasında oxuyub. Vuçiçlə Cukanoviçin münasibətləri barədə mətbuat cütlüyün toyundan əvvəl xəbər tutmuşdu. Jurnalistlər onları restoranların birində birgə görmüş və fotolarını çəkmişdilər. Tamara ictimaiyyət arasında çox olmağı sevmir və həyat yoldaşı ilə yalnız protokol qaydalarına uyğun olaraq, dövlət mərasimlərində birgə görünür. Prezidentin xanımı zövqlü geyim tərzi, özünə əminliyi və istənilən məsələ ilə bağlı müzakirə aparmaq qabiliyyəti ilə seçilir.

Deyilənlərə görə, Vuçiç heç vaxt var-dövlət həvəskarı olmayıb. Onun üçün ən önəmlisi siyasi ideyalarının reallığa çevrilməsidir. Baş nazir olarkən təqdim etdiyi deklarasiyadan məlum olurdu ki, Vuçiç 30 kvadratmetrlik mənzilə sahibdir. Bundan başqa, nə hansısa hesabda pulu, nə də avtomobili var. Hərgah bu deyilənlər inandırıcı görünmür.

Amma Serbiyanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinə təqdim edilən rəsmi sənədlərə əsasən, Vuçiç regionun “ən kasıb” liderlərindən biri kimi qeydiyyata alınıb. Rəsmi olaraq yalnız 30 kvadratmetrlik kiçik bir studiya mənzilə sahib olduğunu bəyan edib. Onun adına rəsmi olaraq heç bir avtomobil, şirkət və ya bankda böyük yığım və qənaət vəsaiti göstərilməyib. Dövlət vəzifəsindən aldığı aylıq rəsmi maaş təxminən 1 000 avro civarında olub.

Beynəlxalq analitiklər isə Vuçiç və ailəsinin gizli sərvətinin qat-qat böyük olduğunu iddia edirlər. Vuçiç ailəsinin Belqradda ümumi dəyəri 1 milyon avrodan çox olan 7-dən çox daşınmaz əmlaka (mənzillər və torpaq sahələri) sahib olduğu bildirilir.

Bəzi müstəqil maliyyə mənbələri və siyasi iqtisad hesabatları, Vuçiçin dövlət müqavilələri, media üzərindəki nəzarət və proxy (vasitəçi) şəxslər vasitəsilə idarə olunan aktivlər daxil olmaqla, real var-dövlətinin 50 milyon avrodan bir neçə yüz milyon dollara qədər (disput qəbul edilən rəqəmlərlə 100M-500M$) çatdığını təxmin edir. Müxalifət və yerli insayderlər prezidentin qardaşının və yaxın çevrəsinin Belqraddakı irimiqyaslı tikinti layihələrində (məsələn, Belgrade Waterfront) və restoran biznesində inhisarçı mövqeyə sahib olduğunu iddia edirlər.

Xülasə, kağız üzərində olduqca təvazökar və demək olar ki, mülksüz bir siyasətçi profili çəkilsə də, qeyri-rəsmi hesabatlarda onun və ailəsinin çox böyük maliyyə imperiyasına nəzarət etdiyi vurğulanır...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”ın redaktoru

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR