Onlayn ictimai-siyasi qəzet
Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” Ukraynaya dron-tutucular tədarük edən Münhen mərkəzli Tytan Technologies şirkəti ilə strateji əməkdaşlığa hazırlaşır. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Məlumata görə, tərəflər Berlində keçiriləcək Beynəlxalq Aerokosmik Sərgi (ILA) çərçivəsində əməkdaşlıq memorandumu imzalayacaqlar. Layihə Almaniyanın kritik infrastrukturunu pilotsuz uçuş aparatlarından qorumaq məqsədi daşıyan “Drone Defender” hava müdafiə proqramı çərçivəsində həyata keçiriləcək.
Son illərdə Almaniyada hava limanları və digər strateji obyektlərin yaxınlığında naməlum dronların müşahidə olunması bu istiqamətdə tədbirlərin gücləndirilməsini zəruri edib. Bildirilir ki, layihədə əsas platforma kimi “Mercedes”in məşhur G-Class avtomobillərindən istifadə olunacaq. Radar və sensorlarla təchiz ediləcək avtomobillər “Tytan” şirkətinin dron-tutucularını daşıyacaq və buraxacaq.
Bu pilotsuz aparatların vəzifəsi düşmən dronlarını avtonom şəkildə aşkar etmək və zərərsizləşdirməkdir.
Şirkətlər, həmçinin, mobil hava hücumundan müdafiə qrupları yaratmağı planlaşdırır. Bu qrupların komanda mərkəzi funksiyasını “Mercedes Sprinter” mikroavtobusları yerinə yetirəcək. “Mercedes-Benz”in baş direktoru Ola Kallenius daha əvvəl verdiyi müsahibədə Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulamışdı. “Əgər “Mercedes” bu işdə müsbət rol oynaya biləcəksə, biz buna hazırıq”, – deyə o bildirib.
Maraqlıdır ki, uzun illər ərzində “Mercedes” markası təkcə Almaniyada yox, Rusiya və keçmiş SSRİ məkanında da ən nüfuzlu avtomobil markalarından biri hesab olunub. İndi isə həmin “Mercedes”in Ukrayna üçün dron əleyhinə sistemlərin yaradılmasında iştirak etməsi postsovet məkanının köhnə stereotiplərinə kifayət qədər ironik çalar qatır.
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ