İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhnəmizin Tomrisi, Natəvanı: Amaliya Pənahova - Sənət onu yaşatdı, o da sənəti

Dekabrın 28-də Heydər Əliyev Sarayında milli teatr və kino tarixinin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf”, “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illiyinə həsr olunmuş “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” yubiley gecəsi keçiriləcək. Görkəmli teatr və kino aktyoru Amaliya Pənahova doğurdan da bu həyata sənət üçün gəlmişdi. Onu yaşadan, nəfəs verən onun sənəti, oynadığı rollar idi. O, korifey sənətkarlar pleyadasının axırıncı mogikanlarından biri idi.

Musavat.com xəbər verir ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. Ailədə üç uşaq olublar. Amaliyanın on yaşı olanda ailəsi ilə birgə Bakıya köçürlər. 1966-cı ildə on yeddi yaşı olanda Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisası fakültəsinə daxil olub. Elə həmin il də gələcək həyat yoldaşı Yusiflə tanış olub ailə qurublar. Onların bir oğlu, bir qızı dünyaya gəlib. Yusif bəy Amaliya xanımın əlindən tutub teatra gətirən insan olub.

18 yaşı olanda İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasına Nargilə roluna dəvət olunub. Tofiq Kazımovun quruluşunda təqdim olunan bu tamaşa ona çox böyük uğur gətirib. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adı verilib.

62.png (724 KB)
1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib. Onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün lazımi şərait yaradıbmış. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professoru olub. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıblar.

62a72ca2a814262a72ca2a8143165512310662a72ca2a814062a72ca2a8141.jpg (251 KB)
Bu haqda aktrisa sağlığında verdiyi müsahibədə deyirdi: “Bu teatrı yaradanda özümə söz verdim ki, ədavətə, haqsızlığa yol verməyəcəm. Bura aktyor qəbul edəndə ilk sözüm bu olur ki, bir-birinizə paxıllıq, düşmənçilik görsəm, qeybət eşitsəm burda olmayacaqsız... Mən 30 il akademik teatrda işlədim, başıma gələnləri danışsam böyük rəvayət olar”.
Amaliya Pənahova prezident təqaüdçüsü olub. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.

504696509_1399323028287955_8692790307886667749_n.jpg (211 KB)

Azdramada “Təhminə və Zaur” hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunub. Lakin hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, onunla barışıb və rollarını ifa ediblər. “Təhminə və Zaur” tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilib.

Amaliya Pənahovanın yaradıcılıq həyatı boyunca oynadığı ən böyük rollardan biri “Babək” filmindəki Zərnisə obrazı olub. "Azərbaycanfilm” kinostudiyası 1979-cu ilin planına tarixi janrda çəkiləcək “Babək” filmini salır. Bildiyimiz kimi, film Həsən Seyidbəylinin quruluşunda çəkiləcəkdi, hətta aktyorların sınaq çəkilişləri belə öz həllini tapmışdı. Həsən Seyidbəyli Zərnisə obrazı üzərində düşünərkən bu obrazda məhz Amaliya Pənahovanı görür və onu rola təsdiq edir.

504055706_1399651764921748_225004749394501100_n.jpg (34 KB)

Bu filmə qədər rejissor artıq iki filmində Amaliya Pənahovanın aktrisalıq məharətindən istifadə etmişdi. Doğrudur, müəyyən səbəblərə görə, ”Babək” filmini Eldar Quliyev çəkməli olur. Hətta Eldar Quliyev xatirələrində onu da qeyd edib ki, Həsən Seyidbəylinin xeyir-duasını aldıqdan sonra çəkilişə başlayıb və rejissorun aktyor seçiminə hörmətlə yanaşaraq onun seçdiyi aktyorlarla çalışıb.

Zərnisə obrazı Amaliya Pənahovanın ifasında öz məğrurluğu, gözəlliyi ilə seçilir. Zərnisə tarixi qəhrəmanın həyat yoldaşı olmaqla yanaşı, eyni zamanda oğul anası kimi analıq hisslərini bütün açıqlığı ilə göstərən bir obrazdır. Aktrisa Zərnisənin qadınlığını, analıq duyğularını, məğrur şəkildə camaat qarşısında olan dialoqunu böyük məharətlə, yanğı ilə təqdim edir. Bu, Amaliya Pənahovanın öz işinə olan məsuliyyətini göstərdiyi kimi, eyni zamanda onun bəlkə də illərlə gözlədiyi obraza olan duyğularını ifadə edirdi. Bu baxımdan da Zərnisə, aktrisanın kino yaradıcılığında zirvə hesab olunan roludur.

amaliya_penahova_(4).jpg (34 KB)
Aktrisa sonralar da rollara dəvət alır, həmin rollar sırasında tarixi janrda çəkilən “Cavad xan” filmindəki Knyaginya Darya obrazı da daxili məğrurluğu ilə diqqəti çəkir.
1980-ci ildə yazıçı-dramaturq İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesinin motivləri əsasında “Gözlə məni” filminin çəkilişlərinə start verilir. Rejissor Kamil Rüstəmbəyov maraqlı aktyor qrupu ilə çəkilişlərə başlayır. Filmin əsas qadın obrazlarından olan Fəxrəndə obrazı Amaliya Pənahovaya həvalə edilir.

Aktrisanın filmdə oynadığı Fəxrəndə obrazının çayda batma səhnəsiylə bağlı dediklərindən: “Həmin səhnədə mənim də əynimdə bir neçə qatlı libas, kəmər, başımda parik var idi. Epizodu Qudyalçayda çəkirdik. Özü də oktyabr ayı idi. Qudyalçay da çox iti çaydı. Məni torlarla tuturdular ki, batmayım. Su bumbuz idi. Çox çətinliklə alındı o səhnə, düz üç dubla. Su məni tez-tez yıxırdı. Hər dubldan sonra paltarlarımı, parikimi ocaqda qurudurdular, özüm də maşına qaçırdım, orada bədənimə qaz yağı sürtürdülər ki, soyuqlamayım”.

A.Pənahova həmin səhnədən imtina edə bilərdi, ancaq obrazın təbii alınması üçün bütün çətinlilkləri öz öhdəsinə götürüb, çünki sənət sevgisi böyük idi.
A.Pənahova sənətə gəldiyi gündən ömrünün sonunanadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb, Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi xarakterik, ziddiyyətli obrazlara imza atıb.

“Qərib cinlər diyarında”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Gözlə məni, “Mən mahnı bəstələyirəm və b. filmlərdə lirik-psixoloji ekran personajları yaradıb, müxtəlif janrlı filmlərdə Aişə (“Alma, almaya bənzər”), Lalə (“Ürək… Ürək…”), Ağbəniz (“Qızıl uçurum”), Selcan (“Dədə Qorqud”), Balış (“Qanun naminə”), Tanya (“Bizim Cəbiş müəllim”), Əsmər (“Gün keçdi”) və başqa obrazları səsləndirib.
Qeyd edək ki, Amaliya Pənahova Azərbaycan Radiosunun mərhum diktoru, Xalq artisti Yusif Muxtarovun həyat yoldaşı, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarovun anası idi. Mərhum sənətkarın bir qızı da var.

Allah rəhmət etsin.

amaliya_penahovaa_(4).jpg (201 KB)

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR