Onlayn ictimai-siyasi qəzet
Rusiyada keçirilən seçkilərin ümumi nəticələri hakim “Vahid Rusiya”nın üstünlüyünü göstərsə də, Novosibirsk Dövlət Universitetinin yataqxanasında yerləşən seçki məntəqəsində tamamilə fərqli mənzərə ortaya çıxıb.
Musavat.com xəbər verir ki, 1953 saylı seçki məntəqəsinin protokoluna əsasən, “Vahid Rusiya” burada səslərin cəmi 8,75 faizini toplayıb.
“Yeni insanlar” 41,04 faizlə birinci, Kommunist Partiyası isə 32,5 faizlə ikinci olub. Bu iki partiyanın birlikdə topladığı səs 73 faizi ötüb.
Birmandatlı dairə üzrə nəticə də diqqət çəkir. “Yabloko”nun namizədi Dmitri Şabanov 51,27 faiz səs toplayıb. Kommunistlərin namizədi 16,15, “Ədalətli Rusiya” təmsilçisi isə 13,88 faiz əldə edib.
Tək bir seçki məntəqəsinin nəticəsini bütövlükdə Rusiya gənclərinin siyasi mövqeyi kimi təqdim etmək doğru olmazdı. Lakin Novosibirsk Dövlət Universitetinin yerləşdiyi Akademqorodokdakı bu məntəqənin nəticələri ona görə maraqlıdır ki, söhbət təsadüfi bir dəfə baş vermiş hadisədən getmir.
Hələ 2024-cü il prezident seçkisində eyni məntəqədə Vladislav Davankov 42,5 faiz, Vladimir Putin isə 40,7 faiz səs toplamışdı. Başqa sözlə, ölkə üzrə nəticənin 87 faizdən çox olduğu seçkidə universitet yataqxanasındakı məntəqə tamamilə başqa siyasi mənzərə göstərmişdi.
Daha maraqlısı odur ki, bu tendensiyanın tarixi 2024-cü ildən də əvvələ gedib çıxır. Novosibirskin Sovet rayonunun daha köhnə seçki statistikasında da 1953 saylı, NDU tələbələrinin səs verdiyi məntəqə “Vahid Rusiya”nın ən aşağı nəticə göstərdiyi yerlərdən biri olub: hakim partiya burada 18,41 faiz səs toplayıb. Eyni rayondakı hərbi ali məktəbin tələbələrinin səs verdiyi məntəqədə isə “Vahid Rusiya”nın nəticəsi 89,85 faiz olub.
Bu rəqəmlər 1953 saylı məntəqəni maraqlı siyasi indikatora çevirir. Buradan bütün Rusiya haqqında ümumi nəticə çıxarmaq mümkün deyil, lakin universitet və “Akademqorodok” mühitində hakim siyasi xəttə münasibətin ölkə üzrə orta göstəricilərdən kəskin şəkildə fərqləndiyi görünür.
2026-cı ilin nəticəsi bunu bir daha nümayiş etdirib: ölkə miqyasında “Vahid Rusiya” təxminən 58 faiz səs topladığı halda, NDU yataqxanasındakı məntəqədə onun göstəricisi 9 faizə belə çatmayıb.
Beləliklə, dünənin seçki protokolu sadəcə lokal məğlubiyyət deyil. Novosibirskin universitet mühitində illərdir təkrarlanan fərqli siyasi davranışın növbəti statistik göstəricisidir.
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ