İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibə gedir, qubernatorlar isə...

Rusiyada hakim "Vahid Rusiya" Partiyasından olan qubernatorlar Ukraynaya qarşı müharibə və Qərbin sanksiyalarına baxmayaraq, bahalı xarici markalı avtomobillər almaqda davam ediblər.

Musavat.com xəbər verir ki, Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya"nın siyahısından namizəd göstərilən 55 fəaliyyətdə olan qubernatorun gəlir bəyannamələri təhlil edilib. Məlum olub ki, müharibə və sanksiyalar onların şəxsi avtomobil parkına ciddi təsir göstərməyib.

Araşdırmaya əsasən, yerli avtomobil sənayesinin məhsulları məmurlar arasında demək olar ki, populyar deyil. Bəyannamələrdə cəmi 10 Rusiya istehsalı avtomobil göstərilib. Onlardan yeddisi Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinə məxsusdur. Bu da həmin avtomobillərin məhz onun rəhbərlik etdiyi bölgədə istehsal olunması ilə izah edilir.

Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun qarajında isə 1960-cı il istehsalı olan QAZ-21 markalı retro avtomobil var.

Qalan iki avtomobil formal olaraq Rusiya istehsalı sayılsa da, əslində Lexus LX 570 bazasında hazırlanmış zirehli maşınlardır.

Araşdırmaya görə, qubernatorlar arasında ən populyar markalar Mercedes-Benz və Toyota olub. Hər iki markadan yeddi avtomobil qeydə alınıb. Üçüncü yerdə isə beş avtomobillə BMW qərarlaşıb.

Ən çox rast gəlinən model Toyota Land Cruiser olub. Bundan başqa, BMW X3, Toyota Hilux və Mercedes ML-Class modelləri də bir neçə dəfə bəyannamələrdə yer alıb.

Ən bahalı avtomobil parkının Pskov vilayətinin qubernatoru Mixail Vedernikova məxsus olduğu bildirilir. Onun qarajında 2025-ci il istehsalı Mercedes-Maybach GLS 600 və 2021-ci il istehsalı Mercedes-Benz G-Class avtomobilləri var.

Bununla belə, Vedernikovun 2025-ci il üzrə rəsmi gəliri cəmi 5 milyon rubl təşkil edib. Yerli KİV-in hesablamalarına görə, yalnız Mercedes-Maybach GLS 600 modelinin qiyməti təxminən 30 milyon rubl, G-Class isə 16,5 milyon rubla yaxındır.

Araşdırma müəllifləri istehzalı şəkildə qeyd edirlər ki, qubernator bu avtomobilləri almaq üçün maaşını doqquz il ərzində heç nəyə xərcləmədən toplamalı olardı.

Məlumata görə, ən azı dörd bahalı xarici avtomobil Ukraynaya qarşı müharibə başlandıqdan sonra istehsal edilib. Bunlara Mixail Vedernikovun Mercedes-Maybach GLS 600, Lipetsk vilayətinin qubernatoru İqor Artamonovun BMW X5, Komi Respublikasının rəhbəri Rostislav Qoldşteynin Toyota Land Cruiser 300 və Kemerovo vilayətinin qubernatoru İlya Seredyukun BMW X5 avtomobilləri daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR