İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan yerini bərkidən kimi, Ermənistan ərazilərindən danışdı – cavabını aldı

Elxan Şahinoğlu: “Paşinyan Ermənistana aid olmayan Azərbaycan kəndlərini geri qaytarmaq məcburiyyətindədir”

Parlamentin spikeri seçiləndə özünü “mələk” libasında göstərməyə çalışan Ruben Rubinyan Adana və İskəndər kabablarının dadından danışdıqdan sonra Ermənistanın “qırmızı xətti” barədə xəyallara düşüb. Musavat.com-un məlumatına görə, Ermənistan parlamentinin sədri kadastr sənədi olmayan ölkəsinin əraziləri barədə danışarkən “Ermənistanın 29 min 743 kvadrat kilometr beynəlxalq səviyyədə tanınmış ərazisi tam və müzakirəolunmaz qırmızı xəttdir”, deyə bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bundan əvvəl ölkəsinin ərazisinin 29 800 kvadratkilometr deyil, dəqiq 29 743 kvadratkilometr “olduğunu” iddia edərək, “sülhpərvərliyini” nümayiş etdirməyə çalışmışdı. Azərbaycanla paraflanmış sülhü imzalamağa tələsməyən, sülhün reallaşmasının ilkin şərti olan konstitusiya dəyişikliyinə getməyən, digər öhdəliklərə əməl etməyən, üstəlik, Azərbaycanın 4 kəndini hələ də işğalda saxlayan Ermənistanın yeni parlament sədrinin revanşist əhvala köklənməsi suallar doğurur. Ötən əsrin əvvəlində Azərbaycanın tarixi torpaqlarında, İrəvan şəhərinin və ətraf ərazilərin güzəştə gedilməsi ilə 9 min kvadrat kilometrlik ərazidə respublika elan etsələr də, iki il sonra Rusiyanın köməyi ilə Qərbi Zəngəzuru Azərbaycandan soparan haylar görünür rəsmi Bakının humanist siyasətindən sui-istifadə edib yenə də iştahlı davranır. Bəs, bu ritorika hara aparacaq?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Azərbaycanın və Ermənistanın ərazisi bəllidir, yəni burada manipulyasiya etməyin heç bir yeri yoxdur: “Məncə, Ermənistanın baş naziri Nikol Paşinyan da bu reallığı qəbul edir. Elə ona görə də ikitərəfli komissiya sərhədin müəyyənləşməsi ilə bağlı danışıqlar aparır. Və Paşinyan Ermənistana aid olmayan o Azərbaycan kəndlərini geri qaytarmaq məcburiyyətindədir, bunun başqa alternativi yoxdur”. O ki qaldı Ruben Rubinyanın parlamentdə çıxışına,

E.Şahinoğlu qeyd etdi ki, o, yeni sədr seçilib: “Yəqin müxalifətlə bəri başdan mübahisə yaratmamaq üçün Ermənistan ərazisi ilə bağlı əvvəlcə məntiqsiz açıqlamalar verib. Amma məncə, o da reallığı anlayır, başa düşür ki, ərazini Azərbaycan torpaqları hesabına şişirtməklə münasibətləri daha da gərginləşdirmiş olacaq. Halbuki, parlamentin ilk iclasında Azərbaycanla çox normal səviyyədə, müsbət istiqamətdə sülh danışıqlarının devam etdiyini, üstəlik Azərbaycandan yanacaq aldığını, Rusiya və Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana çatdırıldığını bildirdi”.

Politoloq vurğuladı ki, Ermənistan rəhbərliyi bu kursunu davam etdirərsə, o haldab sülh quruculuğu inkişaf edər: “Yox, ikinci çıxışında dediyi kimi, nəsə ərazini süni surətdə şişirtməyə başlayarsa, əlbəttə, bu, hazırda rəsmi Bakı bunun hesabını rəsmi İrəvandan soruşacaq. Ona görə hesab edirəm ki, bu müvəqqəti xarakter daşıyır və Paşinyan və Rubinyan da reallıqları anlayırlar”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR