İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızını faciəvi qəzada itirən Fərhad Mehdiyevdən ailə çağırışı: “Mühafizəkar modeli geri qaytarmaq lazımdır”

Hüquq professoru, tanınmış vəkil Fərhad Mehdiyev mühafizəkar ailə modelinin, ata və ananın ailədəki rolunun yenidən gücləndirilməsinin vacibliyindən danışıb.

Musavat.com xəbər verir ki, hüquqşünas dövlətin, qeyri-dövlət təşkilatlarının və dini qurumların ailə institutunun qorunması istiqamətində sistemli siyasət hazırlamalı olduğunu bildirib.

Fərhad Mehdiyevin fikrincə, qlobal miqyasda təşviq edilən feminizm heç də yalnız qadın hüquqlarının müdafiəsinə xidmət etmir. O hesab edir ki, bu ideologiyanın əsas hədəflərindən biri ailəni vahid institut kimi zəiflətmək, onu ayrı-ayrı istehlak vahidlərinə parçalamaq və yaranan ideoloji boşluqlardan faydalanmaqdır:

“Qlobal imperializmin hədəflədiyi və dəstəklədiyi ‘feminizm’ heç də qadınların müdafiəsinə yönəlmir. Ailə institutunu dağıdıb ailəni bir istehlak vahidi olaraq parçalamaq, yerinə birdən çox vahid yaratmaq, ideoloji boşluqlar yaradaraq bundan faydalanmaq məqsədini güdür”.

Professorun qənaətinə görə, bu proses boşanmaların sayının artmasına, dağılmış ailələrdə böyüyən uşaqların psixoloji problemlərlə üzləşməsinə, həyatın yalnız həzz üzərində qurulmasına və digər sosial baxımdan zərərli meyillərin yayılmasına gətirib çıxarır.

F.Mehdiyev sovet dövrünü nümunə göstərərək SSRİ-də feminizm anlayışının geniş təbliğ edilmədiyini, bununla belə qadınlara bir sıra Qərb dövlətlərindən daha əvvəl seçki hüququ verildiyini, onların dövlət idarəçiliyinə və müxtəlif vəzifələrə irəli çəkildiyini bildirib. Bu fikirlər müəllifin məsələyə şəxsi ictimai-siyasi yanaşmasını ifadə edir.

Hüquq professoru müasir gənclərin ailə qurmaqdan və övlad sahibi olmaqdan uzaqlaşmasını da ciddi sosial problem hesab edir. Onun sözlərinə görə, övlad insan həyatının ən böyük nemətlərindən biri olduğu halda, gənclərin bir hissəsi ailə qurmaq və uşaq dünyaya gətirmək istəmir:

IMG_0610.jpeg (142 KB)

“Dünyanın ən şirin və mənalı neməti övladdır. Amma indiki gənclər ailə qurmaq istəmir, uşaq dünyaya gətirmək istəmir. Valideyn də bir nemətdir, müqəddəsdir, amma bu da öz növbəsində bir övladın mövcudluğunu tələb edir”.

F.Mehdiyev hesab edir ki, ailənin dəyəri insanlara uşaqlıqdan izah edilməli, bu anlayış cəmiyyətə aşılanmalı, ailələrə, xüsusilə övlad sahibi olan gənc ailələrə verilən dövlət imtiyazları və sosial proqramlar genişləndirilməlidir.

“Ailə məsuliyyətdir, yükdür, amma ən mənalı yükdür – əgər insanın övladları üz qaraldan övlad deyillərsə”, – professor qeyd edib.

O, ailədə kişinin və qadının, böyüyün və kiçiyin yerinin, eləcə də qarşılıqlı qayğı və məsuliyyətin düzgün müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq gənclərə çağırış edib:

“Odur ki, ailədə kişinin, qadının, qarşılıqlı qayğının, böyüyün və balacanın yerini bilmək şərtilə ailə qurun, övlad sahibi olun, sevin, sevilin”.

Professorun bu çağırışı onun bir neçə ay əvvəl üzləşdiyi ağır ailə faciəsindən sonra xüsusi diqqət çəkir. Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdizadə iyunun 16-da Bakı–Quba yolunun Bakı–Sumqayıt hissəsində baş verən motosiklet qəzasında həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, nasazlıq səbəbindən yolun hərəkət zolağında dayanan “Mercedes” markalı avtomobilin sürücüsü zəruri təhlükəsizlik tədbirlərini tam görməyib. Həmin zolaqda hərəkət edən Zəhra vəziyyəti vaxtında qiymətləndirə bilməyərək motosikletlə avtomobilə çırpılıb. Rəsmi məlumatda 17 yaşlı qızın motosikleti sürücülük hüququ olmadan idarə etdiyi də bildirilmişdi. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.

Faciədən sonra Fərhad Mehdiyev qızını motosiklet sürməkdən çəkindirə bilməməsini valideyn kimi həyatının ən böyük səhv və uğursuzluğu adlandırmışdı. O, qəzanın birinci səbəbi kimi sürətli yolun sol zolağında dayanan nasaz avtomobili, ikinci səbəbi kimi isə qızının motosiklet idarə etməsini göstərmişdi:

IMG_0609.jpeg (123 KB)

“Onu motosikletdən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn kimi qəlbimə yazılacaq”.

Professor daha sonrakı paylaşımında etiraf etmişdi ki, son iki ildə qızının tərbiyəsinə və həyat seçiminə ciddi müdaxilə etməyib. Onun sözlərinə görə, Zəhra reklam çəkilişlərindən pul qazanır, incəsənət sahəsində təhsil almaq və model-aktrisa olmaq istəyirdi. Atası isə onun həkim olmasını arzulayırdı, lakin fikrini dəyişə bilməmişdi.

F.Mehdiyev bu şəxsi faciədən çıxardığı nəticəni valideynlərlə bölüşərək onları övladlarına yalnız sevgi və qayğı göstərməklə kifayətlənməməyə, nəzarət və istiqamətləndirməni də əldən verməməyə çağırmışdı:

“Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə ‘pis ata’, hətta ‘abyuzer’ desinlər; səbrlə uşaqlarınızı 23–25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin. Siz ‘öz həyatım var, işlərim çoxdur’ deyərək onlara nəzarət etməsəniz, bir gün peşmanlığınıza, ağrılarınıza və mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz”.

O, sevgi, qayğı və nəzarətdən ibarət tərbiyəni hər bir valideynin əsas borcu adlandıraraq bildirmişdi ki, insanın həyatda ən böyük sərmayəsi övladıdır. 

Fərhad Mehdiyevin mühafizəkar ailə modelinin geri qaytarılması ilə bağlı indiki fikirləri də onun qızının ölümündən sonra səsləndirdiyi həmin ağır etiraf və valideyn məsuliyyəti çağırışının davamı kimi qiymətləndirilə bilər. Bununla belə, hüquqşünas ailə modelini yol qəzasının birbaşa texniki səbəbi kimi deyil, özünün valideyn nəzarəti və övladını təhlükəli seçimdən çəkindirə bilməməsi kontekstində təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR