Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə hərbi-siyasi vəziyyət yenidən sürətlə gərginləşir. Son günlər baş verən hadisələr qarşıdurmanın İran-İsrail və ya İran-ABŞ münasibətləri ilə məhdudlaşmadığını ortaya qoyur. Qırmızı dəniz, Süveyş marşrutu, Misir limanları, Səudiyyə Ərəbistanının enerji infrastrukturu və Yəmən istiqaməti yeni böhran ocaqlarına çevrilmək üzrədir.
Son insidentlər regionun enerji təhlükəsizliyi və dünya qaz bazarı üçün də ciddi risklər yaradır.
Ən diqqətçəkən hadisələrdən biri Misirin Dumyat limanında qeydə alınıb. Burada pilotsuz uçuş aparatının hücumuna məruz qalan obyekt adi gəmi deyil.
Söhbət "Energos Winter" adlı üzən reqazifikasiya qurğusundan gedir. Bu tip platformalar mayeləşdirilmiş təbii qazı (LNG) yenidən qaz halına çevirərək ölkələrin enerji sisteminə ötürür. Belə qurğular xüsusilə Avropa və Yaxın Şərq üçün strateji əhəmiyyət daşıyır.
Rəsmi olaraq gəmi Marşal adalarında qeydiyyatdan keçmiş "Energos Infrastructure" şirkətinə məxsus olsa da, ötən ildən onun operatoru ABŞ-ın "New Fortress Energy" şirkətidir.
Hələlik hücumu həyata keçirən tərəf barədə rəsmi məlumat yoxdur. Regiondakı müşahidəçilər əsas ehtimal kimi İranı göstərsələr də, Tehran hadisə ilə bağlı hər hansı açıqlama verməyib.
İlk baxışda belə qaz platformaları son dərəcə həssas görünür. Lakin hərbi ekspertlər bildirirlər ki, bu tip qurğuların tam məhv edilməsi olduqca çətindir.
Mütəxəssislərin fikrincə, bir neçə pilotsuz aparat belə platformanı yalnız müvəqqəti olaraq sıradan çıxara bilər. Onun tam məhv edilməsi üçün isə ağır gəmiəleyhinə raketlər tələb olunur.
Bu səbəbdən hazırkı hücum daha çox xəbərdarlıq və ya psixoloji təzyiq xarakteri daşıyır.
Dumyat hadisəsi son günlərin yeganə insidenti deyil. Məlumatlara görə, son 48 saat ərzində Qırmızı dənizdə daha iki LNG daşıyan gəmi naməlum pilotsuz aparatların hücumuna məruz qalıb.
Bu hücumların arxasında böyük ehtimalla Yəməndə fəaliyyət göstərən husilər- "Ənsar Allah" hərəkatı dayanır.
Bir müddət əvvəl hərəkat Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etmişdi. Bundan sonra Ər-Riyad neft və qaz daşımalarının logistikasını təcili şəkildə yenidən qurmağa başlayıb.
Məlumatlara əsasən, Səudiyyə Ərəbistanı Misirlə razılığa gələrək tankerlərin Süveyş kanalı vasitəsilə daha sürətli hərəkətini təmin etməyə çalışır.
Hazırda ölkənin əsas ixrac nöqtəsinə çevrilən Yanbu limanı əsasən neft daşımaları üçün istifadə olunur və burada LNG infrastrukturu yoxdur.
Bu isə hücuma məruz qalan qazdaşıyan gəmilərin Səudiyyə qazını daşımadığı ehtimalını gücləndirir.
Məhz buna görə analitiklər hesab edirlər ki, "Ənsar Allah" və ya mümkün İran planının strateji məqsədi hələ tam aydın deyil.
Səudiyyə Ərəbistanı rəsmi açıqlama verməsə də, hərbi fəallığın artdığı bildirilir.
Məlumatlara görə Yəmən sərhədində yeni qoşun qruplaşması yaradılır.
Ədən istiqamətində əlavə qüvvələr cəmləşdirilir.
ABŞ-ın "Yaşıl Beretlilər"i tərəfindən hazırlanan bölmələr döyüş hazırlığına gətirilir. Bu qüvvələrin tərkibində həm Yəmənin şimal bölgələrindən olan döyüşçülərin, həm də keçmiş husilərin olduğu bildirilir.
Ər-Riyad 2019-cu ildə Yəməndə uğursuz hərbi kampaniyanın təkrarlanmasını istəmir və buna görə də mümkün əməliyyatlara daha ehtiyatla hazırlaşır. Səudiyyə Ərəbistanı ABŞ Mərkəzi Komandanlığının bölgədəki hazırlıq səviyyəsini də nəzərə alır.
Vaşinqtonun İran istiqamətində yeni hərbi planlarının formalaşması Ər-Riyadın da qərarlarına birbaşa təsir göstərə bilər.
Bu baxımdan Yəməndə genişmiqyaslı əməliyyatların başlanması yaxın həftələrdə ABŞ-ın addımlarından asılı ola bilər.
Bəzi Qərb mənbələri iddia edirlər ki, İran hələlik Ukraynaya qarşı planlaşdırıldığı deyilən cavab zərbəsini təxirə salıb.
İddialara görə, bu qərar Xəzər dənizində İran pilotsuz aparat daşıyan gəmisinə edilən hücumdan sonra hazırlanmış cavab planı ilə bağlıdır.
Həmin insident nəticəsində bir nəfərin öldüyü bildirilirdi.
Qərb mediası Tehranın mümkün cavab hədəfi kimi Ukrayna limanlarından birini nəzərdən keçirdiyini yazır. Hərbi müşahidəçilər hesab edirlər ki, məsələ təkcə cavab zərbəsində deyil.
Onların fikrincə, İran belə bir əməliyyat vasitəsilə ilk dəfə uzaqmənzilli, manevr edən döyüş başlıqlı ballistik raketlərini nümayiş etdirmək istəyə bilər.
Bu raketlərin əvvəllər Hind okeanındakı ABŞ-ın Dieqo-Qarsiya bazasına qarşı nəzərdə tutulduğu iddia edilir.
Bəzi ekspertlər hesab edirlər ki, Tehran ABŞ-la münasibətlərdə növbəti gərginlik yaranacağı təqdirdə və ya danışıqlarda təzyiq aləti kimi belə nümayiş xarakterli zərbə ssenarisini gündəmə gətirə bilər.
Enerji infrastrukturu, dəniz daşımaları, LNG terminalları və beynəlxalq ticarət marşrutları da hərbi qarşıdurmanın əsas hədəflərinə çevrilməyə başlayıb.
Əgər hücumların intensivliyi artarsa, bu, yalnız region ölkələrinə deyil, Avropa və dünya enerji bazarına da ciddi təsir göstərə bilər.
E.Məmmədəliyev,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ