Onlayn ictimai-siyasi qəzet
Bu gün yanvarın 24-üdür. Rusiyanın Ukraynaya hərbi təcavüzündən düz 47 ay keçir. Cəmi bir ay sonra 4 il olacaq ki, Moskva ən absurd, ən həyasız bəhanələrlə qanuni ərazisinə soxulduğu qonşu ölkəni, onun əyilməz xalqını ram etməyə çalışır. Onu təslimçi sənədlə diz çökdürmək istəyir.
Müharibə isə belə görünür hələ davam edəcək. Çünki xəbər gəlib ki, Əbu-Dabidəki bugünkü görüş də nəticəsiz bitib. Bu barədə “Reuters” məlumat yayıb.
Gözlənilən idi. Ona görə ki, danışıqlar ərəfəsində Moskva yenə maksimalist tələbini səsləndirmişdi: “Ukrayna Donbasdan tamamən çıxmalıdır”. Yəni ki, Rusiyaya döyüşdə ala bilmədiyi ərazilər də hədiyyə edillməlidir. Təbii ki, Kiyev buna getməyəcək. Bacarırsa işğal eləsin...
Doğru, ruslar 2-ci Dünya müharibəsinə bərabər bir müddətdə Ukraynanın xeyli ərazisini yağmalayıblar. Torpaq qəniməti hardasa Azərbaycandan da böyükdür. Amma əvəzində Rusiya dünyadakı olan-qalan hörmətini, imicini itirib. Bu ölkəyə və onun rəhbərinin imzasına inam-etibar sıfra enib.
Xüsusən də həmsərhəd qonşular, MDB-də təmsil olunan postsovet ölkələri ondan bacardıqca uzaqlaşıb, özlərinə mümkün qədər çox sayda strateji dost-müttəfiq tapıblar. Qərbin (ABŞ-nin), Türkiyənin, Çinin, Pakistanın timsalında.
Düz də ediblər. Çünki artıq daşlaşmış həqiqətdir ki, imperiya həsrəti ilə yaşayan Rusiyadan heç kəsə dost-tərəfdaş çıxmaz. Putin nə demişdi: “Rusiyanın tək dostu onun ordusudur”, “Rusiyanın sərhədləri yoxdur”...
Belə yırtıcı xislətli bir qonşu ilə əlbəttə ki, ehtiyatlı davranmaq, ayıq-sayıq olmaq, öz işini möhkəm tutmaq gərəkdir. İkiqat, üçqat təhlükəsizlik tədbirləri də öz yerində. Rusiyada son illər ictimai-siyasi həyatın ən müxtəlif səviyyələrində velikorus şovinizminin və ksenofobiyanın xeyli güclənməsini də bura əlavə eləsək, mənzərə daha aydın olar və narahatlıq üçün əsaslar birə-iki artar.

Kremlin sadiq təbliğat köpəkləri olan Vladimir Solovyovun (Putin az öncə ona şəxsən orden təqdim edib), Aleksandr Duqinin təxribatçı bəyanatları və postsovet ölkələrinin ünvanına yağdırdıqları hədələr, həmçinin, vurulan mülki təyyarəmizlə bağlı rəsmi Moskvanın riyakarlığı və iki ildir çıxardığı siyasi hoqqalar buna zərrəcə şübhə saxlamır.
Diqqət edin, bu avantüristlərə Rusiya rəhbərliyindən heç kim, o cümlədən Vladimir Putinin özü indiyədək heç bir irad bildirməyib, onlar hər hansı şəkildə qınanmayb, cəzalanmayıb. Yalnız XİN sözçüsü Mariya Zaxarova iddia eləmişdi ki, guya bu zatların fikirləri kontekstdən çıxarılıb.
Əcəb işdir. İndi biz qulağımızla eşitdiklərimizə, gözümüzlə gördüyümüzə, həqiqi videolara inanaq, yoxsa Maşanın növbəti nağılına? Kimin gözünə kül üfürürlər görəsən? Hədənin, təhdidin, şantajın buynuzu-zadı olmur ki...
Odur ki, Rusiya heç bir halda Ukrayna böhranından qalib ayrılmamalıdır. Özünü qalib ədasında hiss eləməməlidir və başı sırf öz “yaralarını yalamağa” qarışmalıdır. Ta ki dağılıb gedənədək. Əks halda, dəfələrlə yazdığımız kimi, Putinin “qalibiyyəti” bəzi keçmiş müttəfiq respublikaların başında “çatlaya” bilər.
Amma nə yaxşı ki, qəhrəman Ukrayna xalqı 4 ildə Rusiya ilə bağlı əsas mifləri dağıtdı. Ən önəmlisi, məlum oldu ki, dünyanın sonuncu qartımış imperiyası çökməyincə nəinki bölgə xalqları, ümumən bəşəriyyət dinclik tapmayacaq.
Слава Україні!..
Z. SƏFƏROĞLU
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ