Onlayn ictimai-siyasi qəzet
ABŞ-da bir vaxtlar Con Lennon kimi sənət adamları üçün nəzərdə tutulan O-1B “istedad vizası” bu gün tam fərqli auditoriyanın nəzarətinə keçib. Financial Times-ın araşdırmasına görə, OnlyFans modelləri və iri bloqerlər bu viza üçün edilən müraciətlərin 50–65 faizini təşkil edir.
Musavat.com xəbər verir ki, immiqrasiya üzrə hüquqşünasların fikrincə, sistem “rəqəmlərə daha asan ölçüldüyü” üçün faktiki olaraq inflyuenserlərin xeyrinə işləməyə başlayıb. Belə ki:
Ayda 250 min dollar gəlir — “kommersiya uğuru” sayılır;
Milyonlarla ödənişli abunəçi — “geniş ictimai tanınma” kimi qəbul edilir;
Brend əməkdaşlıqları — “prestijli layihələrdə iştirak” kimi sənədləşdirilir.
Ekspertlər bildirir ki, bu yanaşma ABŞ üçün də maliyyə baxımından sərfəlidir: yüksək gəlirli model və ya bloqer alimdən daha çox vergi ödəyir, qazandığı pullar isə ölkə daxilində xərclənərək daxili tələbi stimullaşdırır.
Nəticədə paradoks yaranır: elmi dərəcəsi olan alim üçün “ekstraordinarlığını” sübut etmək, böyüklər üçün kontent istehsal edən inflyuenserdən daha çətin hala gəlib.
Bazar artıq öz hökmünü verib: fundamental elmdən çox, “tənhalıq hissi ilə mübarizə aparan kontent” daha dəyərli hesab olunur.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ