İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın "BİZİ QOVUN" mesajı Kremli qarışdırdı: Rusiya "QAFQAZ KABUSI"na məğlub olur

Rəsmi İrəvanın əsas problemi ondan ibarətdir ki, Qərbə inteqrasiya prosesi yalnız siyasi qərara bağlı deyil, çünki bu, həm də iqtisadi-ticari və təhlükəsizlik sistemlərinin yenidən qurulmasına da ciddi ehtiyac yaradır... Bu baxımdan, baş nazir Nikol Paşinyanın “KTMT bizi xaric etsə, çox şad olardım” bəyanatı Ermənistanın postsovet təhlükəsizlik sistemindən uzaqlaşmaq istiqamətində verdiyi ən açıq siyasi mesajdır...

Rusiya və Ermənistan arasında son vaxtlar sürətlə dərinləşən siyasi qarşıdurma artıq yeni və daha sərt mərhələyə qədəm qoyur. Belə ki, baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) marağının artıq tükəndiyini açıq şəkildə bəyan edib. Və bu, Ermənistanın Rusiyaya bağlı təhlükəsizlik sistemindən faktiki olaraq, uzaqlaşmasını rəsmi şəkildə daha da qətiləşdirən siyasi mesaj hesab edilir.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-də aktiv fəaliyyətə qayıtmaq niyyətinin olmadığını vurğulayıb. Eyni zamanda, bu məsələdə daha da irəli gedən erməni baş nazir təşkilatın Ermənistanı özü xaric etməsi halında, rəsmi İrəvanın bundan məmnun qalacağını bildirib. Və onun sözlərinə görə, belə bir qərar rəsmi İrəvanı KTMT-dan çıxıb-çıxmamaq dilemmasından da xilas etmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın bu açıqlaması Ermənistanın KTMT ilə münasibətlərində yaranmış kəskin böhranın artıq müvəqqəti narazılıq çərçivəsindən də kənara çıxdığını göstərir. Belə ki, rəsmi İrəvan bir tərəfdən təşkilatın fəaliyyətində iştirakını faktiki olaraq, dondurub. Və digər tərəfdən isə rəsmi İrəvan Ermənistanın gələcək təhlükəsizlik modelini artıq Rusiya mərkəzli mexanizmlərdən kənarda qurmağa çalışır.

4620aac0-8994-4f0b-82e9-43f6a37e6b77.jpg (213 KB)

Ancaq baş nazir Nikol Paşinyanın Ermənistanın mümkün NATO üzvlüyü ilə bağlı suala birbaşa cavab verməməsi isə rəsmi İrəvanın hələlik Qərb təhlükəsizlik strukturlarına tam inteqrasiya barədə konkret öhdəlik götürmədiyini göstərir. Erməni baş nazir ölkəsinin təhlükəsizlik konsepsiyasının əsasını güclü və döyüş qabiliyyətli ordu, eləcə də, regionda sülh və sabitliyin təmin edilməsinin təşkil etdiyini vurğulayıb. Və rəsmi İrəvanın KTMT-dən uzaqlaşma siyasəti Kremldə olduqca sərt reaksiyaya səbəb olub.

Rusiya siyasi dairələrindən dərhal bildirilib ki, Ermənistanın təşkilatdan çıxarılmasını gözləmək əvəzinə, bu qərarı rəsmi İrəvanın özü verməlidir. Kreml eyni zamanda, Ermənistanın KTMT-də üzvlüyü məsələsinin referendum yolu ilə həllində və müəyyən edilmiş prosedurlara uyğun hərəkət olunmasında da israr edir. Bununla isə Kreml faktiki olaraq, rəsmi İrəvana siyasi seçim qarşısında dayanmalı olduğunu xatırladır. Yəni, Ermənistan ya mövcud təhlükəsizlik formatında qalmalı, ya da ondan çıxdığı barədə qərarını rəsmən elan etməlidir.

Rusiya siyasi dairələri eyni zamanda, KTMT-dən çıxmağın Ermənistanın təhlükəsizliyini artırmayacağına da eyham vururlar. Rəsmi İrəvana xəbərdarlıq edilir ki, belə bir qərardan sonra Rusiya və Ermənistan arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr səviyyəsinə enə bilər. Yəni, Rusiya Ermənistanın təhlükəsizlik sistemindən uzaqlaşmasını sadəcə, təşkilati məsələ deyil, ikitərəfli münasibətlərin bütün strukturuna təsir göstərə biləcək strateji seçim kimi qəbul edir.

Maraqlıdır ki, Ermənistanın KTMT-dən uzaqlaşmasına paralel olaraq, Avropa Birliyinə inteqrasiya prosesi də sürətlənir. Baş nazir Nikol Paşinyan rəsmi İrəvanın yaxın perspektivdə bu quruma üzvlük üçün müraciətin hazırlanması prosesinə başlaya biləcəyini açıqlayıb. Onun mövqeyinə görə, üzvlüklə bağlı referendum isə müraciət təqdim edildikdən, Avropa Birliyindən cavab alındıqdan və müvafiq "yol xəritəsi" formalaşdıqdan sonra keçirilə bilər.

4144144a-e12c-45bd-a50d-73a2e9b9af20.jpg (169 KB)

Göründüyü kimi, Ermənistanın xarici siyasət kursunda potensial olaraq, üç mərhələli proses meydana çıxır. Yəni, bir tərəfdən, KTMT ilə münasibətlər faktiki olaraq, dondurulub. Digər tərəfdən, Avropa Birliyinə inteqrasiya istiqamətində siyasi-hüquqi prosesin başladılmasına hazırlıq gedir. Və nəhayət, uzunmüddətli perspektiv üçün ölkənin təhlükəsizlik arxitekturasının Qərbə doğru dəyişdirilməsi nəzərdə tutulur.

Ancaq bütün bunlar Ermənistan üçün ciddi maliyyə-iqtisadi və hərbi-siyasi risklər də yaradır. Çünki ölkə hələ də Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə iqtisadi əlaqələrdən asılılıq kifayət qədər genişmiqyaslı xarakter daşıyır. Üstəlik, Kremlin sözçüsü Dmitri Peskov da Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı atacağı addımların rəsmi İrəvan üçün ciddi siyasi-hüquqi problemlər yarada biləcəyini bildirib. Və onun sözlərinə görə, Avropa Birliyinə üzvlük üçün müraciət edildikdən sonra Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində müəyyən qanunvericilik ziddiyyətləri ilə üzləşə bilər.

Kremlin əsas arqumenti bundan ibarətdir ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa inteqrasiya məkanının tələblərinə tam şəkildə uyğunlaşması mümkün deyil. Çünki bu, iqtisadi münasibətlərə və ticarət mexanizmlərinə mütləq birbaşa təsir göstərəcək. Dmitri Peskov Türkiyə və digər ölkələrin də Avropa Birliyinə üzvlük üçün müraciət etdiklərini, ancaq bu prosesin onilliklər boyu uzandığını xatırladıb. Və Kreml bununla Ermənistanın Avropa Birliyinə inteqrasiyasının ən azından, qısa müddətdə baş tutmayacağına eyham vurur.

Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Avropa Birliyinə üzv ola bilməyəcəyini vurğulayıb. Ancaq o, bu istiqamətdə atılan addımların Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətləri uzun müddət üçün korlayacağını iddia edib. Bu, o deməkdir ki, Kreml rəsmi İrəvanın Qərbə yaxınlaşmasını sadəcə, siyasi-diplomatik seçim kimi qəbul etmir. Və Rusiya üçün bu məsələ Cənubi Qafqazdakı geopolitik təsir imkanlarının ciddi şəkildə azalma təhlükəsi ilə birbaşa bağlıdır.

ddc8e871-d820-4f79-baa6-78f23320b3f3.jpg (197 KB)

Bütün bunlarla yanaşı, Kreml və rəsmi İrəvan arasındakı münasibətlərdə iqtisadi-ticari və texniki məsələlərin də siyasi təzyiq alətinə çevrilmə ehtimalı artır. Belə ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarında zərərvericilərin və xəstəliklərin aşkar edilməsi ilə bağlı problemlərin olduğunu vurğulayıb. İlk baxışdan, texniki məsələ təsiri bağışlayan bu problem Kreml və rəsmi İrəvan arasında ümumi münasibətlərə paralel olaraq, daha geniş siyasi kontekstə malikdir.

Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatının Rusiya bazarlarından ciddi asılılığı inkaredilməz reallıqdır. Ona görə də, Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq edilən nəzarət mexanizmləri rəsmi İrəvan üçün ciddi təzyiqlər yaradır. Və bu baxımdan, Rusiya-Ermənistan qarşıdurması yalnız siyasi və hərbi təhlükəsizlik deyil, iqtisadi-ticari münasibətlərdə də özünü göstərir.

Beləliklə, Ermənistanın KTMT-dən uzaqlaşması və Qərbə yaxınlaşması Cənubi Qafqazın təhlükəsizlik sistemində daha genişmiqyaslı dəyişikliklərin ola biləcəyindən xəbər verir. Rəsmi İrəvan faktiki olaraq, Ermənistanın xarici siyasət kursunun təhlükəsizlik komponentini Rusiyanın orbitindən çıxarmağa çalışır. Ancaq burada bir tərəfdə Rusiya ilə hərbi, iqtisadi və enerji əlaqələri, digər tərəfdə isə Avropa Birliyi ilə siyasi yaxınlaşma dayanır. Və rəsmi İrəvan üçün bu iki istiqamət arasında balansın qorunması getdikcə çətinləşir.

Məsələ ondadır ki, Rusiya Ermənistanın Qərbə doğru sürətlə irəliləməsinin qarşısını almaq üçün həm siyasi-diplomatik, həm də iqtisadi-ticari təsir mexanizmlərindən istifadə edir. Rəsmi İrəvanın əsas problemi isə ondan ibarətdir ki, Qərbə inteqrasiya prosesi yalnız siyasi qərara bağlı deyil. Çünki bu, həm də iqtisadi-ticari və təhlükəsizlik sistemlərinin yenidən qurulmasına ehtiyac yaradır. Bu baxımdan, baş nazir Nikol Paşinyanın “KTMT bizi xaric etsə, məmnun olardım” bəyanatı Ermənistanın postsovet təhlükəsizlik sistemindən uzaqlaşmaq istiqamətində verdiyi ən açıq siyasi mesajdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR