İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı yeni milyarder hazırlanır – Moskvanın növbəti “erməni kartı” kimdir?

Nikol Paşinyanın hakimiyyətini növbəti dəfə qorumağı və parlament seçkilərindən qalib çıxmağı bacarması Rusiyadakı erməni diasporunun və anti-Paşinyan qüvvələrinin planlarını pozub. Görünən budur ki, bu qüvvələr məğlubiyyətlə barışmaq niyyətində deyil və Paşinyana qarşı mübarizənin yeni mərkəzini formalaşdırmağa çalışırlar.

Musavat.com xəbər verir ki, bu istiqamətdə Rusiyada fəaliyyət göstərən Rusiya-Ermənistan “Lazarev klubu”nun genişləndirilmiş iclası keçirilib. Toplantıya Ermənistandan gəlmiş bir sıra müxalif siyasətçilər də qatılıblar.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan, “Ermənistan” blokunun nümayəndəsi Armen Rustamyan, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan və digər siyasi fiqurların iştirak etdiyi toplantıda Nikol Paşinyan hakimiyyətinə qarşı sərt ittihamlar səsləndirilib. Müzakirələr zamanı Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün yeni addımların atılması, Rusiyadakı erməni oliqarxlarının və milyarder iş adamlarının bu prosesdə daha fəal iştirakının təmin olunması məsələsi də gündəmə gətirilib. 

3a53c8f4-2f20-4477-bbe5-99903ba916f5.jpg (325 KB)

Beləliklə, Paşinyana qarşı mübarizədə yenidən “milyarder kartı”nın işə salınması ehtimalı ortaya çıxır.

Bəs bu planın reallaşdırılması mümkündürmü? Rusiyadan növbəti erməni milyarderi siyasi meydana çıxarılaraq Paşinyana qarşı əsas rəqibə çevrilə bilərmi? Və belə bir layihə Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi?

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, “Lazarev klubu” Rusiyanın Ermənistan üzərində təsir mexanizmlərindən biri kimi yaradılıb. Onun sözlərinə görə, bu qurum həm Ermənistandakı proseslərə təsir göstərmək, həm də zərurət yarandıqda anti-Azərbaycan təbliğatında istifadə olunmaq üçün fəallaşdırılır:

“Konstantin Zatulinin orada rəhbər şəxslərdən biri olması çox şeyi deyir. Marqarita Simonyan və digərləri də bu çevrədədirlər. İndi Ermənistana təsir göstərmək üçün həmin qruplaşmanı yenidən aktivləşdiriblər. Amma bu qrupun geniş təsir imkanları yoxdur. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan orada yoxdur. Onu da bu prosesə cəlb etməyə çalışırlar. Lakin bunun ciddi nəticə verəcəyini düşünmürəm”.

90a890b8df80906db3c07e8d2c838089.jpg (64 KB)

Akif Nağı

Akif Nağı hesab edir ki, Rusiyadan Ermənistana milyarder göndərərək siyasi alternativ yaratmaq cəhdlərinin əvvəlki nümunələri də uğursuz olub:

“İllər əvvəl milyarder Ruben Vardanyanı Ermənistanda siyasi proseslərə təsir göstərmək üçün göndərdilər. Plan fiaskoya uğradı. Bu gün Vardanyan Bakıda həbsdədir. Daha sonra milyarder Samvel Karapetyan kartını işə saldılar. Karapetyan özü də ‘Lazarev klubu’nun təsisçilərindən biridir. 7 iyun parlament seçkilərində Samvel Karapetyan layihəsi də uğur qazana bilmədi. Bundan sonra növbəti milyarderi irəli sürsələr belə, onların Ermənistan daxilində ciddi təsir imkanlarının olacağını düşünmürəm. Paşinyanın mövqeyi hazırda daha güclüdür”.

Belə görünür ki, Rusiyadakı anti-Paşinyan dairələri əvvəlki uğursuzluqlara baxmayaraq, Ermənistan siyasətində “milyarder layihəsi”ndən tamamilə imtina etməyiblər. Vardanyan və Karapetyan variantlarının nəticə verməməsindən sonra əsas sual indi budur: növbəti seçim kim olacaq və üçüncü “milyarder kartı” Paşinyan hakimiyyətinə real təhlükə yarada biləcəkmi?

 

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR