Onlayn ictimai-siyasi qəzet
Filippinin cənubundakı katolik orta məktəblərindən birində şagirdin silahlı hücum törətməsi ölkədə məktəblərdə təhlükəsizlik və gənclərin zorakı məzmunla təması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Musavat.com xəbər verir ki, Zamboanqa şəhərində baş verən hadisə zamanı şagird məktəbə tapança keçirərək əvvəlcə müəllimə atəş açıb, lakin onu vura bilməyib. Daha sonra başqa sinfə keçən şagird bir sinif yoldaşına atəş açıb. Ağır yaralanan şagirdin həyatını itirdiyi bildirilib.
Yerli KİV-lərin yaydığı görüntülərə görə, hücum sosial şəbəkədə canlı yayımlanıb. Kadrlarda dəhlizdə hərəkət edən silahın görüntüsü əks olunub.
Hadisədən sonra polis ərazidə vəziyyətə nəzarətin təmin edildiyini açıqlayıb. Hücumu törədən şagirdin daha sonra intihar etdiyi bildirilib.
Bu hadisə Filippində məktəblərdə baş verən digər silahlı hücumlardan sonra baş verib. İki ay əvvəl Təkloban şəhərindəki hücum zamanı üç şagird həyatını itirib, 20 nəfər yaralanıb. Həmin hadisənin şübhəlilərindən birinin zorakı məzmunlu kompüter oyunlarına mütəmadi maraq göstərdiyi müəyyənləşdirilmişdi.
Son hadisədən sonra Filippin Senatı zorakılıq ehtiva edən videooyunların yeniyetmələrə təsiri ilə bağlı araşdırma başladıb. Hücumdan sonra GoreBox adlı zorakı məzmunlu oyun da ölkədə qadağan edilib.
Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində isə azyaşlıların sosial media istifadəsinə məhdudiyyətlərin tətbiqi məsələsi müzakirə olunur. Bununla belə, mütəxəssislər bu cür faciələrin səbəblərinin yalnız videooyunlar və sosial media ilə izah edilməsinin düzgün olmadığını, psixoloji, ailəvi və sosial amillərin də araşdırılmasının vacib olduğunu bildirirlər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ