Onlayn ictimai-siyasi qəzet
Braziliyada keçirilən prezident seçkilərinin nəticələri ölkənin daxili siyasi mənzərəsi ilə yanaşı, beynəlxalq münasibətlər baxımından da diqqət çəkən nəticələr ortaya çıxarıb.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a deyib ki, müxalifət lideri Flavio Bolsonaronun hazırkı prezident Luiz İnasio Lula da Silvanı geridə qoyması Braziliyanın xarici siyasət kursunun dəyişə biləcəyi ehtimalını gündəmə gətirib.

Politoloqun sözlərinə görə, xüsusilə Braziliyanın BRICS çərçivəsində Rusiya və Çinlə sıx əməkdaşlığı fonunda mümkün siyasi dəyişiklik Moskva və Pekinin diqqətindən kənarda qalmayıb:
"Braziliyadakı prezident seçkilərinin birinci turunda müxalifət lideri Flavio Bolsonaro 2 faiz artıq səslə hazırkı prezident Luiz İnasio Lula da Silvanı üstələyib. Bu o deməkdir ki, mühafizəkar müxalifət liderinin oktyabrın 25-də keçiriləcək ikinci turda prezident seçilməsi ehtimalı yüksəkdir. Senator olan Bolsonaro keçmiş dövlət başçısı Jair Bolsonarunun oğludur. Müxalifət liderinin Braziliyada prezident seçilməsi ehtimalı Rusiya və Çin üçün yaxşı xəbər deyil. Buna görə də Moskva və Pekin Latın Amerikasındakı vəziyyətlə bağlı qiymətləndirmə mübadiləsi apararaq regionda iş planlarını müzakirə ediblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin "RİA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib. Şetinin sentyabr ayında Rusiya və Çin həm BRICS çərçivəsində, həm də ikitərəfli kanallar vasitəsilə Braziliya da daxil olmaqla, əsas Latın Amerikası ölkələri ilə əlaqələrini davam etdirdiklərini söyləyib".
Elxan Şahinoğlu qeyd edib ki, Braziliyanın Rusiya və Çin üçün əhəmiyyəti ilk növbədə onun BRICS üzvü olması ilə bağlıdır:
"Braziliya BRICS üzvüdür və hazırkı prezident Silva Rusiya və Çinlə tərəfdaşlığın genişlənməsinə çalışıb. Hələ ötən ay Braziliya prezidentinin xüsusi müşaviri Selso Amorim Pekində iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Çinin xarici işlər naziri Vanq Yi görüşdə Çin-Braziliya münasibətlərinin hazırkı durumunu "böyük sıçrayış" kimi xarakterizə edib. Çinli diplomat iki ölkə arasında əlaqələrin hərtərəfli strateji tərəfdaşlıqdan "ortaq gələcəyə malik birliyə" çevrildiyini söyləyib. Bu sözlərlə kifayətlənməyən Vanq Yi hər iki ölkəni mühüm beynəlxalq və regional məsələlər üzrə əməkdaşlığı dərinləşdirməyə, eləcə də strateji koordinasiyanı gücləndirməyə çağırıb. Öz növbəsində Selso Amorim Braziliyanın "daha ədalətli dünya və daha dayanıqlı planet" naminə ortaq gələcəyə malik Çin-Braziliya birliyinin qurulmasının əhəmiyyətini vurğulayıb. Braziliyanın hazırkı prezidenti Rusiya-Ukrayna müharibəsində Kremlə qarşı təzyiqlərin əleyhinədir. Həmin Selso Amorim Almaniyanın "Spiegel" jurnalına müsahibəsində Rusiyaya qarşı sanksiyalar effektiv təsir vasitəsi olmadığını və bir nəticəyə gətirib çıxarmayacağını bildirmişdi. Braziliya prezidentinin müşaviri sanksiya məsələsində Qərbin mövqeyini bölüşmədiyini söyləmişdi. O, müsahibədə Braziliya ilə Rusiya arasında dostluq münasibətlərinə və düşmənçiliyin olmamasına işarə etmişdi".
Politoloqun fikrincə, Flavio Bolsonaronun prezident seçilməsi halında isə Braziliyanın xarici siyasətində ciddi dəyişiklik baş verə bilər:
"Braziliya BRICS təşkilatını tərk etməsə də, yeni prezident Rusiya və Çinlə tərəfdaşlıq əvəzinə ABŞ ilə strateji tərəfdaşlığa üstünlük verəcək. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp Flavio Bolsonaronu dəstəklədiyini gizlətməyib".
Xalidə Gəray
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ