İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəklər Azərbaycana axışır - İlginc səbəb REPORTAJDA (FOTO)

Son illər sağlamlıq turizminə maraq artır. Azərbaycanda bu istiqamətdə ilk yada düşən ünvanlardan biri də Naftalandır.

Dünyada analoqu olmayan müalicəvi Naftalan nefti ilə tanınan bu şəhər illərdir həm yerli, həm də xarici turistlərin üz tutduğu sağlamlıq mərkəzidir. Dəri, dayaq-hərəkət sistemi, oynaq və bir sıra digər xəstəliklərin müalicəsində istifadə olunan Naftalan nefti bir çox xarici ölkələrdə də məşhurdur.

Naftalanda, demək olar ki, hər küçədə hotel və sağlamlıq mərkəzləri yerləşir. Şəhərin iqtisadi həyatı da əsasən turizm üzərində qurulub.

Musavat.com əməkdaşı Naftalanda olub, şəhərin ümumi ab-havasını, turistlərin təəssüratlarını və hotellərdəki vəziyyəti müşahidə edib.

Küçələr sakitdir. Sıxlıq, tıxac yoxdur. Şəhərin təmiz saxlanılması, yaşıllıq zolaqları və parklar ilk diqqət çəkən məqamlardandır.

9c2eaac8-b210-4f96-89c2-bcbfab0a1152.jpeg (169 KB)

Şəhər mərkəzində yerləşən Səməd Vurğun parkı, Qələbə parkı istirahət edənlərin ən çox üz tutduğu yerlərdəndir.

Naftalanın küçələrində suvenir mağazalarına da tez-tez rast gəlinir. Burada satılan hədiyyələrin böyük hissəsi Naftalan nefti və şəhərin kurort həyatı ilə bağlıdır.

Maraqlı ənənəsi olan Əsa muzeyi

Naftalanda turistlərin maraq göstərdiyi məkanlardan biri də Əsa muzeyidir.

1978-ci ildən fəaliyyət göstərən muzey uzun fasilədən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açıb.

7713d619-e129-4268-abd8-2a0324a05ce6.jpeg (58 KB)

Buranın maraqlı cəhəti isə ondan ibarətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkərək əsa ilə Naftalana gələn və müalicədən sonra sağalan insanlar istifadə etdikləri əsaları muzeyə hədiyyə edirlər. Bu da onların sağaldıqlarının rəmzi kimi qəbul olunur.

Hotellərdə qiymətlər fərqlidir. Bizim seçdiyimiz "Çinar" hotelində də qiymətlər ucuz sayılmaz. Bəs qiymətlərə nələr daxildir? Altı gün, yeddi gecə olmaqla üç böyük və bir uşaq üçün paketin qiyməti təxminən 3500-4000 manat arasında dəyişir. Paketə gündə üç dəfə qidalanma və əsas müalicə prosedurları daxildir.

Bununla yanaşı, həkim müayinəsindən sonra zəruri hesab edilən bəzi müayinə və prosedurlar əlavə ödənişlə həyata keçirilir.

Hotelə daxil olan kimi diqqətimizi çəkən əsas məqamlardan biri xarici turistlərin çoxluğu oldu. Xüsusilə Özbəkistan və Qazaxıstandan gələn qonaqlar əvvəlki illərlə müqayisədə xeyli çox idi.

Hotel əməkdaşlarının sözlərinə görə, əvvəlki illərdə daha çox Avropa ölkələrindən gələn turistlərə rast gəlinirdisə, bu il Orta Asiya ölkələrindən, xüsusilə də Özbəkistandan gələnlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

490ab1b6-2477-4b9f-9956-c290efa2a15d.jpeg (414 KB)

Onlardan biri - Özbəkistandan gələn Şahnoza xanım bildirir ki, son illər regionda baş verən müharibələr onların istirahət planlarını dəyişib: "Əvvəllər Ukraynaya, Krıma, Rusiyaya, Kislovodska, İsrailə həm müalicə, həm də istirahət üçün gedirdik. Amma indi həmin istiqamətlərdə müharibə gedir. Araşdırdıq, qərara gəldik ki, həm təhlükəsizlik, həm də müalicə baxımından ən uyğun seçim Azərbaycandır. Türkiyə əsasən ümümi istirahət üçün uyğundur. Burada isə həm istirahət edirik, həm də müalicə alırıq. Qiymətlər də bizi qane edir".

Qazaxıstandan gələn turistlər də oxşar fikirləri bölüşdülər. Onlar Naftalanı seçmələrinin əsas səbəbinin müalicə paketləri, sakit, ən təhlükəsiz mühitin olduğunu dedilər.

Xarici turistlərin bəziləri onlara təqdim olunan qiymətlərin kifayət qədər münasib olduğunu deyirlər.
Müalicə imkanları, təmiz şəhər, sakit mühit və təcrübəli həkimlər Naftalanın əsas üstünlükləri kimi görünür. Bununla belə, turistlərin ən çox narazı qaldığı məsələ növbə sistemidir.

Həkim qəbulu, ultrasəs müayinəsi və digər prosedurlar üçün uzun növbələr yaranır. Turistlərin sözlərinə görə, problem təkcə müraciət edənlərin çoxluğu deyil, növbələrin tənzimlənməsindəki çətinliklər və bəzi həkimlərin qəbul saatlarının məhdud olması vəziyyəti daha da mürəkkəbləşdirir. Məsələn, bir sıra həkimlər saat 09:00-dan 12:00-dək qəbul aparır, bu müddətdə növbəsi çatmayanlar isə növbəti günü gözləməli olurlar. Bu isə istirahət və müalicə üçün məhdud günlərlə gələn turistlərin narazı salır.
Özbəkistandan gələn Gülnarə xanım deyir ki, iki gündür vaxtlarının böyük hissəsi növbələrdə keçir: "Biz bura müalicə almağa gəlmişik. Amma iki gündür növbələrdə o qədər gözləmişik ki, əsəbdən təzyiqimiz qalxıb".

ea81ee7b-7475-489c-bdbe-c117911e81cc.jpeg (196 KB)

Turistlərin fikrincə, qəbul prosesinin elektron növbə sistemi ilə təşkil edilməsi bu problemi həll edə bilər.
Doğrudan da, banklarda və bir çox dövlət qurumlarında tətbiq olunan elektron növbə sisteminin kurort və sağlamlıq müəssisələrində də geniş tətbiqi həm turistlərin vaxtına qənaət edər, həm də xidmət keyfiyyətini artırar.

Axşam saatlarında hoteldə təşkil olunan konsert proqramları istirahətçilərin marağına səbəb olur. Xarici turistlərin çoxluğunu nəzərə alan aparıcılar daha çox özbək və digər Mərkəzi Asiya xalqlarının musiqilərinə yer verirlər.

Bəzi yerli sakinlər isə bildirirlər ki, proqramlarda Azərbaycan musiqilərinə də daha geniş yer ayrılması yaxşı olardı. Qonaqların zövqünü nəzərə almaq vacibdir, ancaq turist Azərbaycana gəlibsə, ilk növbədə bu ölkənin musiqisini, mədəniyyətini və milli ab-havasını hiss etməlidir. Məhz bu amil səfəri daha yaddaqalan edir.

Hoteldə diqqətçəkən başqa bir məqam isə Özbəkistandan gələn qadınların geyim üslubu oldu. Onların demək olar ki, hamısının başı bağlı idi. Lakin bu, son illər tez-tez rast gəldiyimiz Ərəbistan üslublu hicab, yaxud niqab deyildi. Özbək xanımlar yaylıqlarını eynilə bizim nənələrimizin qədimdən bağladığı kimi bağlamışdılar.

Özbək qadınların özündən soruşduqda bildirdilər ki, Özbəkistanda hicab bağlamağa icazə verilmir, lakin ənənəvi baş örtüyündən istifadə olunmasına heç bir qadağa yoxdur. Bu səbəbdən də onlar həm adət-ənənəni qorumaq, həm də rahatlıq üçün məhz bu cür ənənəvi bağlama formasına üstünlük verirlər.
Müşahidələrimiz zamanı diqqət çəkən başqa bir məsələ isə ünsiyyət idi.

377bb455-1c18-4a3e-b2e3-40973d6f5872.jpeg (47 KB)

Qonaqların əksəriyyəti keçmiş sovet ölkələrindən gəldiyi üçün əsas ünsiyyət dili rus dili idi. Bununla belə, bəzi gənc hotel əməkdaşlarının rus dilini bilməməsi ünsiyyətdə çətinlik yaradırdı. Bəzən turistlərlə əməkdaşlar arasında tərcüməçi rolunu digər qonaqlar oynayırdı.

Turizm inkişaf etdikcə xidmət sektorunda çalışanların xarici dilləri, xüsusilə rus və ingilis dillərini bilməsi artıq üstünlük yox, zərurətə çevrilir.

Naftalan bu gün Azərbaycanın sağlamlıq turizminin əsas ünvanlarından biridir. Dünyanın müxtəlif bölgələrində müharibələrin və qeyri-sabitliyin davam etdiyi bir vaxtda insanların təhlükəsiz, sakit və müalicə imkanları olan ölkələrə üstünlük verməsi Azərbaycanın da qarşısında yeni imkanlar açır.

Bu üstünlüyü qorumaq üçün isə bəzən böyük layihələrə deyil, kiçik, amma təsirli addımlara ehtiyac var.
Çünki turist təkcə müalicə almağa yox, həm də gördüyü münasibət, aldığı xidmət və özü ilə apardığı xoş təəssürat üçün yenidən həmin ünvana qayıdır. Bu baxımdan Naftalanın potensialı böyükdür və onu qorumaq, daha da inkişaf etdirmək hər kəsin marağında olmalıdır.

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR