İnsanlara hürriyət, millətlərə istiqlal!

“Araq bahadır, 100 qram spirtə 150 qram su qatıb “çubuş” düzəldirəm”

Zibil yeşiklərini ələk-vələk edir. Diqqətlə baxır, tapdığı əşyaları bir-bir nəzərdən keçirərək çantasına qoyur. Qəfil baxışlarımız toqquşur. Gülümsəyərək asta səslə “Bizon qabı axtarıram” deyir.

Beləcə, 53 yaşlı Nahid Əsəddullayevlə söhbətə başlayırıq. Onun çörəyi zibilxanalardan çıxır. Həmsöhbətim bu məkanlara bir çoxumuzun düşündüyü kimi yalnız tullantı yeri deyil, iş və qazanc yeri kimi baxır. Bir çoxumuz burnumuzu tutub yanından keçdiyimiz zibil qutularını o, diqqətlə axtarır. Dəyərli, pula gedən əşya tapanda isə gözləri sevinir – deməli, həmin gün qazancı bir qədər yaxşı olacaq.


Nahid paytaxta Masallının Horadigah kəndindən gəlib. Özünün dediyi kimi, “talış balasıdır”. Əvvəllər hörgü ustası işləyib. Lakin içkiyə aludə olduqdan sonra bu işi buraxıb və zibilxanaları özünə qazanc yeri seçib.


– Bakıya gələndən sonra içkiyə meylim daha da artdı. Hörgü işini buraxıb çöl həyatına öyrəşdim. Ailəm var. İki böyük qızım ailə həyatı qurub. Həyat yoldaşım isə Masallıda qalır. İçki içdiyim üçün mənimlə bir yerdə yaşamır. O, namaz qılır, Quran oxuyur. Arada gedib uşaqlarıma baş çəkirəm. Özüm isə Ramanada, anamla birlikdə 220 manata kirayədə yaşayıram. Mən zibillikdən yığdıqlarımla, anam isə pensiyası ilə dolanır.

dilənci.jpg (267 KB)


– Zibilxanalardan əsasən nə yığırsan?


– Sellofan, plastik qablar, dəmir, alüminium əşyalar yığıram. Gün ərzində ən çox 10-15 manatlıq pula gedən əşya toplaya bilirəm. Günün sonunda aparıb təhvil verirəm. Mənim işim səhər saat 6-dan başlayır, gecə 2-3-ə kimi davam edir.


– Bu işi görmək çətindirmi?


– Əlbəttə, çətindir. Mən bu işə görə bir barmağımı ömürlük itirmişəm. Zibil qabını eşələyəndə yatağın dəmir toru barmağımı kəsdi, sümüyüm zədələndi. O vaxtdan barmağım qatlanıb və indiyə qədər açılmayıb.


– Bir kilo “hell”ə nə qədər pul verirlər?


– Gərək 100 ədəd “hell” yığasan ki, bir kilo olsun. Bir kilo “hell”ə görə 1 manat 60 qəpik verirlər. Amma 100 ədəd tapmaq asan məsələ deyil. Dünyanı dolaşırsan ki, bunu toplaya biləsən. Dəmirin, alüminiumun qiyməti isə bir az bahadır, amma həmişə ələ düşmür. Alüminium tava tapanda sevinirəm, bilirəm ki, 2 manat pulum var. Metal hər yerdə var – "Qara Qarayev"də də, "Neftçilər"də də.

əl12.jpg (227 KB)


– Zibil üstündə dalaşırsınız?


– Olur, amma əraziləri bölməmişik. Mən 20 ilə yaxındır zibil yığmaqla dolanıram. 33 yaşımdan bu işi görürəm. Ən çox isə "Neftçilər"dəki zibilxanalardan yığıram.


– Əlcəksiz işləyirsən. Özünü qorumursan?


– Özümü qoruyuram. Həm də spirt, araq içirəm. Mənə heç nə olmaz.


– Bəs necə oldu ki, içki aludəçisinə çevrildin?


– Çöl həyatına öyrəşəndən sonra belə oldum. İçkini ata bilmirəm. Altı ay reabilitasiya mərkəzində müalicə aldım, amma xeyiri olmadı. İndi hörgü ilə məşğul ola bilmirəm. Daşı qaldırmağa gücüm çatmır. Ağır işi görə bilmirəm. İçməkdən halım olmur.

barmaqlar.jpg (232 KB)

– Qızıl və digər zinət əşyaları tapmısan?


– Qızıl, gümüş tapmışam. Tozsoran, fen də dəyərlidir, onlara yaxşı pul verirlər.


– İnfeksiyaya yoluxub xəstələndiyin olub?


– Yox. Hər gün içirəm. Pandemiya zamanı hamı özünü qoruyurdu, mən isə bir dəfə də olsun yoluxmadım. Polis deyirdi ki, başdan-ayağa spirt içindəsən, sən yoluxmazsan.


– Qışda, soyuq havalarda çöldə gəzmək, zibil yığmaq çətin olmur?


– Çox soyuq olanda evə gedirəm. Amma çox içəndə evə gedə bilmirəm. Binaların zirzəmilərində yatıram. "Qara Qarayev"də xüsusi yerlərim var. Orada ədyal, döşəkcə gizlətmişəm. Evə getməyəndə girib həmin binaların zirzəmilərində yatıram.

turbo.jpg (325 KB)


– Gün ərzində nə qədər içirsən?


– Hər gün aptekdən 100 qramlıq 4-5 tibbi spirt alıb suya qatıb içirəm. Məsələn, 100 qram spirtə 150 qram su qatıram, “çubuş” arağı alınır. Bu mənə sərfəlidir, nəinki araq almaq. 60 qəpiyə tibbi spirt alıram, araq isə bahadır – 4-5 manatdır. 4-5 spirtdən iki butulka araq düzəldirəm.


– İçkidən qurtulmaq istərsənmi?


– Əlbəttə. Amma xeyri yoxdur, bacarmıram.


– Əlindəki döymələr nədir?


– Həbsxanada olmuşam. Adam döydüyümə görə bir il həbs yatmışam. 1997-ci ildə həbsə düşdüyümə görə barmaqlarıma bu rəqəmi yazdırdım. Digər barmağıma isə təvəllüdümü – 1973-cü ili yazdırmışam.

əl45.jpg (191 KB)


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR