Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi ordunun anbarlarında saxlanılan və artıq xidmətdən çıxarılmış 100 mindən çox M14 tüfənginin mülki şəxslərə satılacağını açıqlayıb. 1950-ci illərdən etibarən ABŞ ordusunun istifadə etdiyi bu silahların satışı Sivil Atıcılıq Proqramı (CMP) vasitəsilə həyata keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumata görə, silahlara böyük maraq göstərilməsi hazırlıq prosesinin uzanmasına səbəb olub. Satışların 2027-ci ilin yanvarından başlanması planlaşdırılır.
M14 tüfənglərinin hər birinin qiymətinin 2 min dollardan aşağı olacağı gözlənilir. Bir nəfərə maksimum iki tüfəng almağa icazə veriləcək. Satınalma üçün tələb olunan şərtlər və müraciət meyarları isə satışlar başlamazdan əvvəl açıqlanacaq.
M14 tüfəngləri orijinal formada həm yarı avtomatik, həm də tam avtomatik atəş imkanına malikdir. Lakin mülki şəxslərə veriləcək silahlar texniki modifikasiyadan keçiriləcək və geri qaytarılması mümkün olmayacaq şəkildə yalnız yarı avtomatik rejimdə işləyəcək.
Tüfənglərin seriya nömrələri də sənədləşdirilərək nəzarət altında saxlanılacaq.
M14 tüfəngi 1957-ci ildə ABŞ ordusunun standart silahı kimi qəbul edilib. Lakin ağırlığı səbəbindən Vyetnam müharibəsi dövründə tədricən M16 ilə əvəz olunub.
Buna baxmayaraq, M14 sonrakı onilliklərdə də ABŞ ordusunun arsenalında qalıb və İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə edilib.
Tarixi əhəmiyyətinə görə M14 kolleksiyaçılar və idman atıcıları arasında maraq görür. Silahların hamısı satışa çıxarılmayacaq: müəyyən hissəsi rəsmi mərasimlər və hərbi ehtiyaclar üçün ABŞ hökumətinin arsenalında saxlanılacaq.
Musavat.com
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ