İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbəti dörd ildə İranı kim idarə edəcək?..

Bu həftə qonşu İran da öz prezidentini seçməlidir. Seçkilərdə altı namizəd iştirak etsə də siyasi təhlilçilərin böyük hissəsi bu prosesə çox pessimist yanaşır və əksəriyyət belə hesab edir ki, böyük ehtimalla prezident Məhəmməd Bağır Qalibaf olacaq. 

Belə ki, güman edilir ki, təkcə ali dini lider Xameneyi deyil, bötövlükdə hakimiyyət bu adamın namizədliyini müdafiə edir. 

Qalibafın hansı siyasi cinaha aid olmasına gəldikdə isə o, nə islahatçı, nə də mühafizəkar hesab olunmur, əvəzində deyilir ki, Qalibaf daha çox praqmatikdir. 

Digər namizədlərə gəldikdə, daha çox diqqət çəkən, maraq doğuran, altı namizədin içində daha çox islahatçı olan azərbaycanlı həkim - kardioloq Məsud Pezeşkiandır. Amma belə söylənilir ki, bu adamı seçkiyə ona görə buraxıblar ki, seçici fəallığı və seçkilərə beynəlxalq maraq artsın. 

Fəqət, sual yaranır: Birdən seçici fəallığı artdı və insanlar Məsud Pezeşkiana səs verdilər, bəs onda necə olacaq, hakim siyasi elita bununla razılaşacaqmı? Təəssüf ki, İranın siyasi reallıqları bu cür suallara birmənalı cavab verməyə imkan vermir. İndiki situasiya onu deməyə əsas verir ki, İranın ali ruhani siyasi elitası hətta nəzəri olaraq bu variantı nəzərdən keçirmir - bir daha deyirik ki, onlar Məhəmməd Bağır Qalibafı dəstəkləyirlər, çünki o, daha etibarlı adam hesab olunur, ən azı ona görə ki, Qalibaf həm də İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş briqada generalıdır... 

Ola bilsin, bu nüanslar ucbatından İrandakı növbəti seçkilər ciddi maraq doğurmur və belə hesab edilir ki, onlar nəinki ölkənin daxili siyasətində, hətta xarici siyasətində də heç bir dəyişikliyə gətirib çıxarmayacaq. 

Üstəlik, bu cür gümanları gücləndirən başqa məqamlar da var. Birincisi, daha heç kim İranda islahatçlar-mühafizəkarlar kimi nağıllara inanmır. Ən azı ona görə ki, bu qırx il ərzində İranda islahatçı siyasi çətiri altında da hakimiyyətə gələn az olmadı. Amma onlar nəsə etdilərmi? Çox təəssüf! İndi də Məsud Pezeşkianın islahatçı olduğu deyilir. Amma ona hakimiyyətə gəlməyə imkan veriləcəkmi? Hətta hakimiyyətə gələcəyi təqdirdə, o, özündən əvvəlki “islahatçı”lardan nə iləsə fərqlənəcəkmi və prinsipial olaraq yeni nəsə edə biləcəkmi? Düşünmürük. Odur ki, digər siyasi təhlilçilər kimi İrandakı bu prezident seçkilərinə də formal siyasi prosedur kimi yanaşmaq daha düzgün olardı. Həm də ona görə ki, burada hamıya məlum olan daha bir məqam var: İranda prezident heç də ən əsas siyasi post deyil, ölkəni daha çox ali dini lider idarə edir, prezident isə sanki baş nazir funksiyasını icra edir, bircə fərqlə ki, o, formal olaraq ümumi seçkilərlə seçilir. Amma burada bir məqamı yenə də qeyd etmək lazımdır: prezidenti adi seçicilərdən əvvəl on iki nəfərlik Müşahidə Şurası seçir ki, onların da altı nəfəri ruhanilərdən, qalan altı nəfəri isə hüquqşünaslardan ibarət olur...

Elə bu səbəbdən də belə təxmin etmək qalır ki, bu həftə İranda formal prosedurlar başa çatacaq və prezident İbrahim Rəisinin vəfatından sonra boş qalmış prezident postu da tutulacaq və ölkə böyük ehtimalla əvvəlki siyasi ritmini bərpa edəcək - təkcə böyük güclərlə deyil, hətta qonşularla qarşıdurmalar, ziddiyyətlər davam edəcək. Burada hamını xüsusi olaraq bir məqam düşündürür ki, bəs yeni prezidentin Azərbaycanla bağlı siyasi kursu necə olacaq? İnanın, qonşu İran o qədər mürəkkəb dövlətdir ki, heç bir halda nəsə birmənalı söz demək olmur. Məlum səfirlik hadisələrindən sonra Azərbaycanla münasibətlərdə yenə də mülayimləşmə meylləri müşahidə olunurdu. Odur, bizə ümid etmək qalır ki, bu mülayimləşmə meylləri davam edəcək və güclənəcək, çünki bunu Bakının da, Tehranın da maraqları tələb edir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR