Onlayn ictimai-siyasi qəzet
Nürnberq hava limanında baş verən kütləvi dava nəticəsində 11 sərnişin reysdən kənarlaşdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, münaqişə iyulun 31-i yerli vaxtla saat 22:30 radələrində (1 avqust Bakı vaxtı ilə 00:30-da) hava limanının terminalında baş verib.
Dava ilə nəticələnən mübahisədə 20-yə yaxın şəxs iştirak edib. Konfliktə səbəb isə növbə üstündə düşən mübahisə olub.
Ehtimallara görə, 29 yaşlı Türkiyə vətəndaşı 43 yaşlı həmyerlisinin üzünə zərbə endirib və bundan sonra tərəflər arasında kütləvi dava başlayıb.
Hadisə yerinə gələn polis əməkdaşları insident iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib və təhlükəsizlik kameralarının görüntülərini götürüblər. Həmçinin terminala təcili tibbi yardım briqadası çağırılıb.
Orta Frankoniya polisinin nümayəndəsinin verdiyi məlumata görə, baş verən hadisə nəticəsində münaqişənin 11 iştirakçısı reysdən kənarlaşdırılıb. Hadisə ilə bağlı araşdırmanı Nürnberq hava limanının sərhəd polisi aparır. Dava nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Musavat.com
17 Avqust 2026
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ