İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə ABŞ ilə NATO müttəfiqlərini toqquşdurur  

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazının açılmasına kömək gözləyir. Prezident Donald Tramp bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Bundan əlavə, Tramp NATO-dakı müttəfiqləri hədələməkdən də çəkinməyib. Onun sözlərinə görə, əgər ittifaq üzvləri Vaşinqtona Hörmüz boğazındakı vəziyyəti həll etməyə kömək etməsələr, NATO "çox pis gələcəklə" üzləşəcək.

Bu açıqlama ABŞ ilə NATO-dakı müttəfiqləri arasında münasibətlərdə soyuqluğun etirafı və ABŞ-nin Hörmüz boğazı məsələsində çətinliklə üz-üzə qaldığının, aciz duruma düşdüyünün əlamətidirmi? Tampın istəyini yerinə yetirməsələr NATO üzvlərini necə bir pis gələcək gözləyə bilər?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Trampın açıqlamaları NATO daxilində strateji yükün bölüşdürülməsi probleminin olduğunu göstərir. Eyni zamanda göstərir ki, ABŞ müttəfiqləri müharibədə daha aktiv rol oynamağa məcbur etmək istəyir:

“Hörmüz məsələsi Qərb üçün təkcə regional deyil, qlobal enerji təhlükəsizliyi məsələsidir. Bu səbəbdən bəyanat daha çox siyasi təzyiq və danışıqlar taktikası kimi qiymətləndirilir. Lakin bu, NATO-nun dərhal parçalanacağı və ya ABŞ-nin tam aciz vəziyyətdə olduğu anlamına gəlmir. NATO daxilində son illərdə bir sıra məsələlər üzrə fikir ayrılığı mövcuddur. Trampın sözləri göstərir ki, Vaşinqton bəzi müttəfiqlərin ABŞ-nin qlobal əməliyyatlarında kifayət qədər fəal olmadığını düşünür. Bu, diplomatik təzyiq və siyasi mesaj kimi qiymətləndirilə bilər. ABŞ hələ də dünyada ən güclü donanmaya malikdir. Amma Trampın dəstək istəməsi o deməkdir ki, Hörmüzdə geniş əməliyyat aparmaq beynəlxalq koalisiya tələb edir və ABŞ bu məsuliyyəti təkbaşına daşımaq istəmir. Yəni bu daha çox strateji yükü paylaşmaq cəhdi kimi görünür”.

Politoloqa görə, NATO üzvü olan Avropa dövlətləri ABŞ-yə bir neçə səbəbə görə kömək etməkdə ehtiyatlı davranır:

“Onlar İran ilə birbaşa hərbi toqquşma riskindən çəkinirlər. Eyni zamanda Yaxın Şərq müharibəsinin genişlənməsindən qorxurlar. Xüsusilə Almaniya, Fransa və İtaliya kimi ölkələr Yaxın Şərqdə geniş hərbi eskalasiyaya qarşı ehtiyatlıdır”.

Bəs, Trampın dediyi “pis gələcək” nə ola bilər?

Politoloq hesab edir ki, bu ifadə daha çox siyasi təzyiq vasitəsi kimi qəbul olunur. Praktik olaraq bir neçə variant nəzərdə tutula bilər ki, ilk növbədə ABŞ NATO qarşısında öhdəliklərini, xüsusən ayırdığı maliyyəni azalda bilər. Bundan başqa Vaşinqton Avropadakı qoşunlarını da azalda və təhlükəsizlik zəmanətlərini zəiflədə bilər.

NATO üzvü olan Avropa dövlətləri ilə ABŞ arasında fikir ayrılığı dərinləşərsə NATO-nun birgə qərar mexanizmi zəifləyə, təşkilatın strateji vahidliyi zərbə ala bilər.

 

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR